![]()
Qarabağ Dirçəliş Fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP31 çərçivəsində keçirilən tədbirlərdə iştirakını davam etdirir.
Tədbir çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Azərbaycan pavilyonunu ziyarət edib.
Ziyarət zamanı Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti tərəfindən qonağa dünyada ciddi humanitar və təhlükəsizlik təhdidinə çevrilən mina problemi, onun insan həyatı və sağlamlığı üçün yaratdığı ağır təhlükələr, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesinə vurduğu ciddi maneələr barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş, mina probleminin ağır humanitar nəticələrinə həsr olunan “Ölümcül miras” sənədli filmi haqqında məlumat təqdim edilib.
Filmdə mina təhlükəsinin insan talelərinə təsiri, mülki əhalinin üzləşdiyi risklər, müharibənin ağır nəticələri və işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz həyatın bərpası istiqamətində qarşıya çıxan çətinliklər diqqətə çatdırılır.
Qeyd edək ki, mina təhlükəsi təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin qarşısında dayanan ciddi humanitar problemdir. Bu təhlükə insanların həyat və sağlamlığına birbaşa təhdid yaratmaqla yanaşı, azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təmin edilməsinə, məskunlaşma prosesinə, infrastruktur layihələrinin icrasına və iqtisadi dirçəlişə də ciddi maneələr törədir.
Qarabağ Dirçəliş Fondunun COP31 çərçivəsində bu məsələyə diqqət yetirməsi mina probleminin beynəlxalq səviyyədə tanıdılması, humanitar fəsadlarının diqqətə çatdırılması və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesinin qarşılaşdığı çətinliklərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.



Subyekt.az