![]()
Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət planına uyğun olaraq, peşə təhsili müəssisələrində çalışan müəllim və istehsalat təlimi ustaları üçün təşkil edilən respublika miqyaslı metodiki dəstək təlimləri başa çatıb.
Agentlikdən Subyekt.az AZƏRTAC-a istinadən bildirilib ki, paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını əhatə edən təlimlərdə 43 peşə təhsili müəssisəsindən ümumilikdə 250 müəllim və istehsalat təlimi ustası iştirak edib. İnteraktiv formatda və qarşılıqlı müzakirələr əsasında təşkil olunan proqramın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini yüksəltmək, tədrisin keyfiyyətini artırmaq, sinif və emalatxanaların idarə edilməsi üzrə praktiki bacarıqlarını inkişaf etdirmək olub.
Təlimlər zamanı tədrisin effektivliyini şərtləndirən əsas amillər, müəllim davranışının təlim prosesinə təsiri, sinifdə baş verən proseslərin izlənilməsi və dərsin axıcılığının qorunması kimi məsələlər real praktiki nümunələr əsasında nəzərdən keçirilib.
Bununla yanaşı, tədris mühitində yarana biləcək intizam pozuntuları və münaqişələrin cəzalandırma deyil, anlama və bərpaetmə yolu ilə həllinə xidmət edən 4R Strategiyasının (Refleksiya, Məsuliyyət, Bərpa və Yenidən İnteqrasiya) tətbiqinə diqqət yetirilib. Emosional baxımdan təhlükəsiz və inklüziv təlim mühitinin yaradılması məqsədilə iştirakçılar müxtəlif situasiya tapşırıqlarını yerinə yetiriblər.
Proqram çərçivəsində differensial təlim metodları da əhatə olunub. Təhsilverənlər məzmun, proses, nəticə və öyrənmə mühiti üzrə fərqləndirmə üsulları ilə tanış olub, tələbələrin motivasiyasının artırılmasında cəmiyyətə xidmət layihələrinin peşə təhsilində tətbiqi imkanlarını müzakirə ediblər.
Subyekt.az