![]()
Prezident İlham Əliyevin 2026-cı il 26 oktyabr tarixli 1279 nömrəli Sərəncamı tikinti layihələrinin idarə olunmasında yeni institusional çərçivə yaradıb. Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının yaradılmasını nəzərdə tutan sənəd inzibati prosedurların sadələşdirilməsini, qurumlararası fəaliyyətin əlaqələndirilməsini, rəqəmsal məlumat mübadiləsini və nəticələrin monitorinqini vahid islahat məntiqində birləşdirir. Bu yanaşma tikintiyə icazə sahəsində qiymətləndirməni yalnız prosedurun müddəti ilə deyil, xidmətin keyfiyyəti, məlumat şəffaflığı və sistemlərin qarşılıqlı işləkliyi ilə əlaqələndirir.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib. O deyib ki, Sərəncamın əsas iqtisadi təsiri yeni koordinasiya orqanının yaradılması ilə məhdudlaşmır. Formalaşdırılan mexanizm icazə prosesində yaranan gecikmələrin səbəblərini məlumatlar əsasında müəyyənləşdirməyə, zəif mərhələləri müqayisə etməyə və islahat qərarlarını ölçülə bilən nəticələrlə əlaqələndirməyə imkan verir. Bu xüsusiyyət Dünya Bankının “Business Ready” metodologiyasında “Biznesin yerləşdiyi yer” mövzusu üzrə qiymətləndirilən dövlət xidmətləri, məlumat şəffaflığı və əməliyyat səmərəliliyi baxımından xüsusi əhəmiyyət daşıyır: “Sərəncama əsasən, Komissiya dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin hazırlanması, razılaşdırılması və tikintiyə icazə verilməsi zamanı yaranan gecikmələrin operativ həllini əlaqələndirəcək, aidiyyəti qurumlardan hesabatlar almaqla müraciətlərə normativ müddətlərdə baxılmasını izləyəcək. Bundan əlavə, özəl sektorun vəsaiti hesabına reallaşdırılan layihələr üçün açıq, şəffaf və rəqabətli mexanizmlərin, o cümlədən rəqəmsal alətlərin tətbiqi də bu islahat gündəliyinin tərkib hissəsidir”.
Ə.Dadaşov qeyd edib ki, rəqəmsal inteqrasiya burada ayrıca texnoloji yenilik deyil, inzibati yükün azaldılması vasitəsidir: “Tikintiyə icazələrlə bağlı dövlət informasiya ehtiyatlarının təkmilləşdirilməsi, zəruri məlumatların vahid bazada toplanması və sistemlərarası inteqrasiyanın gücləndirilməsi eyni məlumatın müxtəlif qurumlara təkrar təqdim edilməsini azaltmağa, prosesin mərhələlərini izlənə bilən etməyə və qərarların daha operativ qəbuluna şərait yarada bilər.
Yeni institusional çərçivə əvvəlki illərdə formalaşdırılmış rəqəmsal baza üzərində qurulur. Tikintiyə və istismara icazələrin verilməsi sahəsində aparılan islahatlar sənəd dövriyyəsinin fiziki daşıyıcılara və müxtəlif qurumlara ayrılıqda müraciətlərə əsaslanan modelindən vahid elektron xidmət sisteminə keçidi sürətləndirib. Tikintiyə icazə torpaqdan istifadənin qanuniliyini, layihənin təhlükəsizliyini, mühəndis-kommunikasiya təminatını və obyektin gələcək istismarını bir prosesdə birləşdirdiyindən, prosedurların aydınlığı və operativliyi sahibkarların investisiya qərarlarına birbaşa təsir göstərir.
Son illərdə formalaşdırılmış “bir pəncərə” yanaşması dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsinə, sənədlərin elektron təqdim olunmasına və yekun nəticənin elektron formada əldə edilməsinə imkan yaradıb. Elektron Tikinti Portalı, Tikintilərin Dövlət Reyestri və Şəhərsalma Nəzarəti altsistemlərinin vahid informasiya təminatı sistemində birləşdirilməsi rəqəmsallaşmanı müraciətin elektron göndərilməsi ilə məhdudlaşdırmır, icraatın bütün mərhələlərinin əlaqələndirilmiş şəkildə aparılmasını təmin edir”.
O bildirib ki, 2023-cü ildən mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin alınmasının tikintiyə icazə icraatına inteqrasiyası sahibkarların elektrik, su, kanalizasiya, qaz və digər təchizat müəssisələrinə ayrıca müraciət etmək zərurətini azaltmağa xidmət edib: “Tikinti layihələrinin ekspertizası, texniki şərtlərin əldə edilməsi və aidiyyəti qurumların rəylərinin alınmasının vahid informasiya sistemində əlaqələndirilməsi “vahid müraciət – əlaqələndirilmiş icraat – elektron nəticə” prinsipinin praktik əsasını formalaşdırıb.
Cari ildə bu sahədə həyata keçirilən digər dəyişiklik Nazirlər Kabinetinin 2026-cı il 27 yanvar tarixli 26 nömrəli Qərarı ilə bağlıdır. Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə məlumatın əvvəlki üç iş günü əvəzinə qərar verildiyi andan dərhal sonra təqdim olunması müəyyənləşdirilib. Dəyişiklik icazənin uzadılması üçün əsasları və ümumi müddəti dəyişməsə də, qərarın sifarişçiyə çatdırılması mərhələsində vaxt itkisinin aradan qaldırılmasına və prosesin proqnozlaşdırıla bilməsinin gücləndirilməsinə xidmət edir”.
Ə.Dadaşov əlavə edib ki, elektron xidmətin mövcudluğu onun bütün istifadəçilər üçün eyni dərəcədə rahat və etibarlı işləməsi demək deyil: “Keyfiyyətli xidmət tələb olunan sənədləri aydın göstərməli, müraciətin mərhələləri barədə vaxtında bildiriş verməli, əlavə sənəd tələblərini və imtina qərarlarını konkret hüquqi əsaslarla izah etməli, eyni məlumatın təkrar təqdim edilməsini minimuma endirməli və texniki nasazlıqlar zamanı işlək dəstək kanalı təqdim etməlidir. Yeni Komissiyanın koordinasiya və monitorinq imkanları məhz bu praktik məsələlərin sistemli şəkildə müəyyənləşdirilməsinə şərait yarada bilər.
Dünya Bankının “Business Ready 2025” hesabatı da yeni institusional mexanizmin əhəmiyyətini beynəlxalq qiymətləndirmə meyarları baxımından göstərir. Hesabatın “Biznesin yerləşdiyi yer” mövzusu sahibkarın kommersiya məkanı əldə etməsi, icarəyə götürməsi və ya tikməsi ilə bağlı tənzimləmələri normativ çərçivənin keyfiyyəti, dövlət xidmətləri və məlumat şəffaflığı, eləcə də proseslərin praktik səmərəliliyi üzrə ölçür. Bu metodologiyada elektron portalın mövcudluğu ilə yanaşı, onun funksionallığı, məlumat bazalarının qarşılıqlı işləməsi, rüsum və müddətlərin əvvəlcədən görünməsi, şikayət imkanları və faktiki icra müddətləri birlikdə qiymətləndirilir.
“Azranking” platformasında təqdim olunan “B-READY 2025” nəticələrinə əsasən, Azərbaycan “Biznesin yerləşdiyi yer” mövzusu üzrə 100 mümkün baldan 70,99 bal toplayıb. Ölkə profilində normativ çərçivə 70,47, dövlət xidmətləri və məlumat şəffaflığı 56,64, əməliyyat səmərəliliyi isə 85,86 balla qiymətləndirilib. Nəticələr hüquqi bazanın və icazələrin praktik verilmə sürətinin nisbətən güclü olduğunu, əsas inkişaf ehtiyatının isə rəqəmsal xidmətlərin əhatəliliyi, sistemlərarası inteqrasiya və açıq məlumatlarda cəmləşdiyini göstərir.
Dünya Bankının ölkə profilində tikinti icazələri üzrə rəqəmsal dövlət xidmətləri altkateqoriyasına 8 mümkün baldan 6,6 bal verilib. Bununla yanaşı, xidmətlərin qarşılıqlı işləkliyi kateqoriyasında 20 baldan 10 bal, məlumat şəffaflığı kateqoriyasında isə 40 baldan 25 bal qeydə alınıb. Ə.Dadaşovun fikrincə, Sərəncamla müəyyənləşdirilən vahid məlumat bazası, qurumlararası inteqrasiya, icra müddətlərinin monitorinqi və rəqəmsal həllərin genişləndirilməsi bu göstəricilər üzrə mövcud inkişaf imkanlarına birbaşa cavab verir”.
O vurğulayıb ki, cari ildə praktik tətbiqi genişlənən istiqamətlərdən biri də kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər üzrə məlumatlandırma mexanizmidir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalar kənd təsərrüfatının təşkili məqsədilə yüngül konstruksiyalardan inşa edilən və asanlıqla quraşdırılıb-sökülən müvəqqəti tikililər barədə məlumatların elektron qaydada təqdim edilməsini, həmin obyektlər üzrə vahid uçotun Tikintilərin Dövlət Reyestrində aparılmasını nəzərdə tutur. Sadələşdirilmiş məlumatlandırma nəzarətin aradan qaldırılması deyil, onun obyektin xarakterinə və risk səviyyəsinə uyğunlaşdırılmasıdır.
Tikintiyə icazə sahəsində digər islahat istiqaməti “yaşıl tikinti” və “yaşıl bina” yanaşmalarının qanunvericiliyə inteqrasiyasıdır. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə şəhərsalma və tikinti qanunvericiliyinin təhlili, beynəlxalq təcrübənin araşdırılması və normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması nəzərdə tutulub. Bu istiqamət enerji səmərəliliyi, suya qənaət, dayanıqlı tikinti materialları, tullantıların idarə olunması və binaların həyat dövrü xərclərinin layihələndirmə və ekspertiza meyarlarında daha aydın əks olunmasına şərait yarada bilər.
Ə.Dadaşov vurğulayıb ki, yeni hüquqi və institusional çərçivə tikintiyə icazə sahəsində əsas diqqəti prosedurların mövcudluğundan onların faktiki keyfiyyətinə yönəldir: “Hüquqi sadələşdirmə, rəqəmsal inteqrasiya, müntəzəm elektron hesabatlılıq və müstəqil monitorinq nəticəsində xidmətlərin qarşılıqlı işləkliyi və məlumat şəffaflığı yaxşılaşdıqda, bu dəyişikliklər Azərbaycanın “Biznesin yerləşdiyi yer” göstəricisi üzrə mövqeyinə də müsbət təsir göstərə bilər. Beləliklə, tikintiyə icazə prosesi təkcə inzibati prosedur deyil, dövlət investisiyalarının səmərəli icrasını və özəl sektor üçün daha proqnozlaşdırılan biznes mühitini dəstəkləyən idarəetmə alətinə çevrilir”.
Subyekt.az