![]()
İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Tehranın İnqilab meydanında “Xürrəmşəhr” ballisitik raketini və “Xeybər” raketini nümayiş etdirib. Bəs İranın “Xürrəmşəhr” və “Xeybər” raketlərinin hərbi potensialı, gücü, texniki imkanları nə qədərdir?
Ekspertlər hesab edir ki, SEPAH-ın Tehranın İnqilab və Təcriş meydanlarında “Xeybər” və “Xürrəmşəhr” ballistik raketlərini nümayiş etdirməsi sıradan hərbi sərgi deyil. Bu, həm ölkə daxilində ictimaiyyətə, həm də ABŞ, İsrail və Fars körfəzi dövlətlərinə ünvanlanmış siyasi-hərbi mesajdır. Tehran bununla İranın raket arsenalı qorunub saxlanıldığını, ölkənin uzunmənzilli zərbə imkanlarına malik olduğunu, hərbi təzyiqlərə baxmayaraq, özünün çəkindirmə potensialını nümayiş etdirməyə çalışır.
Bu iki raket haqqında danışarkən vacib bir məqamı nəzərə almaq lazımdır: “Xeybər” adı ilə tanınan raket əslində “Xürrəmşəhr-4” raketinin digər adıdır. Yəni bunlar tamamilə fərqli iki raket modeli deyil. Bununla belə, İranın raket ailəsindəki digər “Xürrəmşəhr” versiyaları ilə də qarışdırılmamalıdır.
“Xürrəmşəhr” İranın orta mənzilli ballistik raket ailəsinə daxildir. Bu raket ailəsinin inkişafı Tehranın ABŞ və İsrail qarşısında strateji çəkindirmə imkanlarını artırmaq məqsədi daşıyır. Xüsusilə “Xürrəmşəhr-4” versiyası İranın ən ağır döyüş başlığı daşıya bilən ballistik raketlərindən biri hesab olunur. Təxminən 2 000 km məsafə qət etmək imkanına malikdir. Döyüş başlığının çəkisi təxminən 1 500 kq, bəzi qiymətləndirmələrdə 1 800 kq-dək göstərilir, uzunluğu təxminən 13 metr, diametri təxminən 1,5 metrdir. Raketin əsas üstünlüyü böyük döyüş yüküdür. “Xürrəmşəhr-4” digər bir çox İran ballistik raketlərindən fərqli olaraq, daha ağır döyüş başlığı daşımaq imkanına malikdir. Bu xüsusiyyət onu strateji hərbi obyektlərə qarşı potensial təhlükəli silaha çevirir.
Raketin təkmilləşdirilmiş naviqasiya sisteminə malik olduğu da bildirilir. İranın iddiasına görə, uçuşun müəyyən mərhələsində istiqamət korreksiyası həyata keçirə bilir. Bu, onun əvvəlki nəsil raketlərlə müqayisədə dəqiqliyinin artırılması məqsədini daşıyır.
“Xeybər” raketi isə orta mənzilli ballistik raketdir. Təxminən 1 450 km məsafə qət etmək imkanına malik olduğu bildirilir. Döyüş başlığı təxminən 500 kq, uzunluğu təxminən 10,5 metr, çəkisi təxminən 4,5 tondur. Bu raketin əsas xüsusiyyəti bərk yanacaqla işləməsi və əvvəlki nəsil bəzi İran raketlərinə nisbətən daha çevik istismar imkanları təqdim etməsidir. Onun döyüş başlığının uçuşun son mərhələsində manevr edə bilməsi də bildirilir.
Hər iki sistemin strateji əhəmiyyəti var, lakin onların üstünlükləri fərqlidir. Raketlərin təxminən 2 000 kilometrlik uçuş məsafəsi İranın İsrailə, Fars körfəzi ölkələrinə və Yaxın Şərqin bir sıra digər ərazilərinə zərbə endirmək imkanları olduğunu göstərir.
Bu raketlərin təhlükəsi yalnız uçuş məsafəsi ilə bağlı deyil. Ağır döyüş başlığı, ballistik uçuş xüsusiyyətləri və İranın müxtəlif raket sistemlərinə malik olması regionda hava hücumundan müdafiə məsələsini daha mürəkkəbləşdirir.
ABŞ və İsrailin çoxqatlı hava və raketdən müdafiə sistemləri mövcuddur. Lakin heç bir müdafiə sistemi bütün raketləri yüz faiz zərərsizləşdirməyə zəmanət vermir.
Digər tərəfdən, raketin nümayiş etdirilməsi onun real döyüş şəraitində elan edilən bütün texniki göstəriciləri təmin etdiyini sübut etmir.
Etibar Seyidağa,
Subyekt.az