![]()
Böyük Britaniyada əhalinin sağlamlığının qorunması və gələcək nəsillərdə anadangəlmə inkişaf qüsurlarının qarşısının alınması istiqamətində qida məhsullarının zənginləşdirilməsi siyasətində növbəti mühüm addım atılır.
Böyük Britaniyada 13 dekabr 2026-cı ildən etibarən tam buğda unu istisna olmaqla, adi buğda ununun tərkibinə fol turşusunun (B9 vitamini) məcburi əlavə edilməsi nəzərdə tutulur.
Bu qərar ölkədə uzun illərdir tətbiq olunan unun vitamin və minerallarla zənginləşdirilməsi siyasətinin davamı olmaqla, ictimai sağlamlığın qorunmasına yönəlib.
Qüvvəyə minəcək yeni tələbə əsasən, istehsalçılar adi buğda ununun hər 100 qramına 250 mikroqram fol turşusu əlavə etməlidirlər. Bununla da həmin undan hazırlanan çörək və digər un məmulatları əhalinin fol turşusu ilə təminatının yaxşılaşdırılmasına töhfə verəcək.
Fol turşusu orqanizmdə sağlam qırmızı qan hüceyrələrinin yaranmasında, hüceyrə bölünməsində və beyin sağlamlığının qorunmasında mühüm rol oynayır. Xüsusilə hamiləliyin ilkin mərhələsində kifayət qədər fol turşusu qəbulu dölün sinir borusu qüsurları, o cümlədən spina bifida kimi ciddi anadangəlmə inkişaf problemlərinin riskinin azaldılması baxımından əhəmiyyətlidir.
Britaniya hökumətinin qiymətləndirmələrinə görə, bu tədbirin tətbiqi nəticəsində hər il təxminən 200 körpənin sinir borusu qüsurları ilə doğulmasının qarşısını almaq mümkün olacaq.
Qeyd edək ki, Böyük Britaniyada adi buğda ununun tərkibinin kalsium, dəmir, B1 (tiamin) və B3 (niasin) vitaminləri ilə zənginləşdirilməsi artıq uzun müddətdir qanunvericiliklə tənzimlənir. Yeni qərarla bu siyahıya B9 vitamini – fol turşusu da əlavə edilir.
Tam buğda unu isə yeni məcburi zənginləşdirmə tələbindən istisnadır.
Böyük Britaniyanın bu təcrübəsi göstərir ki, əhalinin sağlamlığının qorunması yalnız səhiyyə xidmətlərinin inkişafı ilə deyil, gündəlik istehlak olunan əsas ərzaq məhsullarının qida dəyərinin artırılması və profilaktik tədbirlərin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi ilə də sıx bağlıdır.
Subyekt.az