![]()
(Azərbaycan–Qırğızıstan münasibətlərinə kulturoloji-fəlsəfi baxış)
Türküstan coğrafiyası xəritədə görünən ərazi olmaqdan çox, tarixdə görünən yaddaşdır. O, dağların, çöllərin, çayların toplusudurmu? – Əlbəttə, yox! – Türküstandan danışırıqsa, dillərin, dastanların, mənəvi kodların və ortaq talelərin yaratdığı böyük mədəniyyət məkanından danışırıq. Bu məkanın bir ucunda Xəzər sahilində Azərbaycan ucalırsa, o biri ucunda Tanrı dağlarının qoynunda Qırğızıstan dayanır. Aradakı min kilometrlərlə məsafə isə nə tarixi, nə dili, nə də ruhu ayıra bilib. Aramızdan dəniz keçər, səhra keçər, dağ keçər, dərə keçər… Ancaq nə gərginlik keçər, nə də intriqa. Çün ruhumuz coğrafiyadan böyükdür.
Əslində, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər iki dövlətin diplomatik bağlarından daha qədimdir. Dövlətlər XX yüzilin sonlarında müstəqilliklərini bərpa etdi, xalqların, dövlətlərin mənəvi tanışlığı isə yüzillərin yaddaşında yaşayırdı. Dədəm Qorqudun öyüdü ilə Manasın ruhu, Çingiz Aytmatovun düşüncəsi ilə İsa Muğannanın metafizik axtarışları eyni mədəniyyət üfüqündə doğulmuş işıqlar deyilmi?
Bugünkü Azərbaycan–Qırğızıstan münasibətlərinin mahiyyətini yalnız iqtisadi göstəricilər, imzalanmış sənədlər və rəsmi görüşlərlə ölçsək həmin ölçülər yetərli olmaz. Bəli, bunlar vacibdir, lakin işin yalnız görünən tərəfidir. Görünməyən tərəfdə isə ortaq etnosfer, ortaq kulturofəza və ortaq gələcək təsəvvürü dayanır.
XXI yüzildə dövlətlərin gücü iqtisadi potensialla yanaşı, mədəni yaxınlaşma qabiliyyəti ilə də ölçülür. – Çağdaş geosiyasət bunu aydın göstərir. Eyni sivilizasiya dairəsinə mənsub ölkələr arasında güvən daha möhkəm, işbirliyi daha dayanıqlı olur. Azərbaycan ilə Qırğızıstan münasibətlərinin sürətlə inkişaf etməsinin başlıca səbəbi də məhz budur. Burada diplomatiya mədəni yaddaş üzərində yüksəlir.
Son illərdə iki ölkə arasında yaranmış yeni dinamika bunun aydın göstəricisidir. Münasibətlər strateji tərəfdaşlıq mərhələsini aşaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu anlayışın yalnız siyasi termin olmadığı artıq gün kimi aydındır. Müttəfiqlik ortaq məsuliyyət, ortaq təhlükəsizlik, ortaq inkişaf və ortaq gələcək anlayışıdır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı, haqlı olaraq, bu məqam xüsusi vurğulanmış, münasibətlərin ən yüksək siyasi mərhələyə çatdığı bildirilmişdir.
Diqqətçəkən başqa bir məqam iqtisadi işbirliyinin artıq simvolik xarakter daşımaması ilə bağlıdır. Birgə yatırım layihələrinin genişlənməsi, ortaq fondların maliyyə imkanlarının artırılması, istehsal və infrastruktur layihələrinin həyata keçirilməsi göstərir ki, türk həmrəyliyi artıq iqtisadi dəyər yaratmağa başlamışdır.
“Dörd bir yana dağılmış türk sоyları,
Sönmüş оcaq, köçüb gеtmiş bоyları,
Dərdli-dərdli aхar bоzqır çayları,
Saхlar içdən gizli umud, güman hеy…
Qоca türkün düşdüyü hal yaman hеy…” – Qərinələr öncə Almas Yıldırım belə yazırdı. Taleyindən yıldırım keçmiş, taleyinə yıldırım çaxmış bütün turançıların, Almas Yıldırımın ruhu şad olsun! Xəyallar gerçək olur! Dədə-baba öyüdüncə bir olduqca həm diri, həm iri oluruq.
Mənə görə münasibətlərimizin ən qiymətli tərəfi iqtisadi rəqəmlərdə saxlanmır. – Ağdamda “Manas” adını daşıyan məktəb fəaliyyət göstərir, Bişkekdə Azərbaycan dostluq parkı salınır, Xəzər sahilindəki ölkə paytaxtımızda Çingiz Aytmatovun adı yaşayır, qırğızların ruh paytaxtı İssık-Kul sahilində “Bakı” adı yüksəlir. – Ən qiymətli tərəf bax, elə budur! Bunlar memarlıq örnəyi olmaqdan öncə mədəniyyətin daşlaşmış yaddaşıdır. Daşa yazılan tarix bizə ortaq keçmişi xatırladır, öz uzunömürlülüyü ilə isə ortaq gələcəyə işarə edir.
Türk dünyasının gələcəyini müəyyən edəcək əsas amillər də bax bu cür formalaşır, güclənir.
Əgər XX yüzil sərhədlərin sərtləşdiyi, başqa sözlə, siyasi sərhədlərin ön plana çıxdığı yüzil idisə, XXI yüzil mədəniyyət məkanlarının yüzilliyidir. Türk Dövlətləri Təşkilatı da yalnız siyasi platform olaraq çıxış etmir; o, ortaq sivilizasiya layihəsinin parlaq institusional ifadəsidir. Burada Azərbaycan Xəzərin günbatar səmtindən, Qırğızıstan isə Tanrı dağlarının qoynundan eyni gələcəyə baxır.
Yeri gəlmişkən, Türküstan anlayışını yalnız Orta Asiya ilə məhdudlaşdırmaq doğru olmaz. Tarixi Türküstan coğrafiyası siyasi sərhədlərdən böyük anlayışdır. Azərbaycan həmin böyük mədəniyyət arealının günbatar qapısı, Qırğızıstan isə onun yüksək dağ zirvələrində qorunub saxlanılmış ən saf yaddaş məkanlarından biridir.
Türküstanın ruhu nə yalnız Səmərqənddədir, nə yalnız Bişkekdə, nə də yalnız Bakıda… O ruh dillərin qohumluğunda, sazla komuzun eyni melodiyasında, xalça ilə şırdağın oxşar ornamentində, dastanların eyni qəhrəmanlıq fəlsəfəsində yaşayıb, yaşayır, yaşayacaqdır…
Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, həmin ölkələrin Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatında iştirakını dəstəkləməsi də geosiyasi baxımdan önəmli hadisədir. Bu, Qafqazla Tanrı dağları arasında yeni siyasi körpünün qurulduğunu göstərir. Bax, bütün bunların da fövqündə duran anlayış var, əlbəttə. Mən onu mədəni güvən adlandırardım.
Siyasət dəyişə bilər,
iqtisadi çıxarlar, yükdaşıma marşrutları dəyişə bilər; amma eyni mədəni yaddaşa söykənən xalqların bir-birinə güvəni dəyişmir.
Azərbaycan ilə Qırğızıstan münasibətlərinin gələcəyi də bax, belə güvən üzərində qurulur.
Türk dünyasının gələcəyi təkcə yükdaşıma dəhlizlərindən keçməyəcək; o gələcək ilk növbədə insan yaddaşından, məktəblərdən, universitetlərdən, ədəbiyyatdan, ortaq tarix şüurundan və mədəniyyət diplomatiyasından keçəcəkdir.
Bizim neft, qaz, qızıl və ya urandan daha üstün sərvətimiz – ortaq yaddaşımız var. O yaddaşın adı Turandır.
Türküstanın ulu nəfəsi Xəzərə çatdıqca Azərbaycan daha da güclənəcək; Azərbaycanın ürəyi Tanrı dağlarına can atdıqca Türküstan daha da bütövləşəcək.
– Qardaşlıq qanbağıyla başlanır, mədəniyyətlə bəngüləşir.
Tanrı dağlarından Xəzərə uzanan könül yolu daim açıq olsun!
Qafqazlardan Türküstana salam-sayğılar!
Əkbər QOŞALI
Subyekt.az