Bahar Muradova Kəlbəcər rayonunda Bəhmən Cəfərov adına 1 saylı tam orta məktəbdə olub, məktəb kollektivi və şagirdlərlə görüşüb
19 Sentyabr 2026
7
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kəlbəcər rayonunda Bəhmən Cəfərov adına 1 saylı tam orta məktəbdə olub, məktəb kollektivi və şagirdlərlə görüşüb.
Görüş zamanı məktəbin fəaliyyəti, tədris prosesi və şagirdlərin təhsil imkanları ilə maraqlanan Dövlət Komitəsinin sədri uşaqların fikir və təkliflərini dinləyib, onların təhsilə, gələcək planlarına və qarşılaşdıqları məsələlərə dair düşüncələri ilə tanış olub.
Məktəbdə təhsil alan, Dövlət Komitəsi yanında fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”nin iki üzvü ilə də görüşən Bahar Muradova onların təhsildəki nailiyyətləri, ictimai fəallığı və Məclisin fəaliyyəti çərçivəsində gördükləri işlərlə maraqlanıb. Uşaqlar öz işləri və gələcək planları barədə məlumat veriblər.
Dövlət Komitəsinin sədri uşaqların təşəbbüslərinin dəstəklənməsinin, onların ictimai həyatda fəal iştirakının və potensiallarının inkişaf etdirilməsi üçün imkanların yaradılmasının vacibliyini vurğulayıb.
Bahar Muradova uşaqların keyfiyyətli təhsil almasının, hüquqlarının qorunmasının və sağlam, təhlükəsiz mühitdə böyüməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
O, Kəlbəcərdə şagirdlərin müasir və əlverişli şəraitdə təhsil almalarının sevindirici olduğunu qeyd edib. Bildirib ki, doğma yurda qayıdan ailələrin, xüsusilə uşaqların burada rahat və təhlükəsiz mühitdə yaşaması, təhsil alması və gələcəyə inamla addımlaması xüsusi əhəmiyyət daşıyır.