![]()
Tarixin elə günləri var ki, təqvimdə cəmi bir gün tutur, amma bir xalqın iki yüz illik taleyinə bərabər olur.
19–20 sentyabr 2023-cü il məhz belə tarixdir.
Azərbaycan Ordusu 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri ilə təkcə bir hərbi qruplaşmanı təslim etmədi. Təkcə qanunsuz silahlı dəstələri tərk-silah etmədi. Təkcə Xankəndini, Xocalını, Ağdərəni, Əsgəranı və Qarabağın nəzarətimizdən kənarda qalan digər yaşayış məntəqələrini dövlətimizin faktiki hakimiyyətinə qaytarmadı.
O 23 saat 43 dəqiqədə iki əsr ərzində qurulan böyük bir siyasi layihə çökdü.
Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi köçürmə siyasətindən başlanan, erməni kilsəsinin “Böyük Ermənistan” xülyası ilə ideoloji çərçivəyə salınan, sovet rəhbərliyinin milli siyasətdəki ikili standartları ilə bəslənən, Rusiya Federasiyasının birbaşa dəstəyi ilə böyüyən, Qərbdə özünü “xristian həmrəyliyi klubu” kimi aparan “xaçlı səlibçilər”in, dpvlətlərin himayəsi və erməni diasporunun milyardlarla dollar hesabına qurduğu təbliğat maşını ilə dünyaya təqdim edilən plan iflasa uğradı.
Hədəf bəlli idi: Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaratmaq, sonra onu mərhələli şəkildə tanıtmaq və bu işğalı beynəlxalq sistemə qəbul etdirmək.
Bu layihə kağız üzərində qalmamışdı. Rusiya ona ordu qurmuşdu. Azərbaycan torpaqları hesabına geydirmə “artsax” yaratmış, Qarabağın dağlıq qismini separatçı ermənilərə peşkəş çəkmişdi. Onların xaricdə lobbi şəbəkəsi, Avropa və Amerika parlamentlərdə müdafiəçiləri, qlobal mediada təbliğatçıları vardı. Rusdilli infoməkan isə tam-tamına erməniləşmişdi. Rusiya, Fransa, Amerika, Vatikan və s dəstəkli separatçılatın Azərbaycan daxilində qondarma “dövlət”, “prezident”, “parlament”, “nazirliklər” və on minlərlə silahlı qüvvədən ibarət hərbi mexanizm qurulmuşdu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi bu layihənin belini qırdı. 2023-cü ilin 19–20 sentyabr əməliyyatı isə onun son nöqtəsini qoydu.
Ona görə də bu tarixi ən doğru ifadə edən düstur budur: 44+1 gün!
44 gün ərazi bütövlüyümüzü bərpa etdi. Bir gün isə suverenliyimizi tamamladı.
*Xankəndi qaytarılmadan Zəfər tamam deyildi*
Şuşa azad olunmuşdu. Ağdam, Kəlbəcər və Laçın geri qayıtmışdı. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmişdi. Lakin Xankəndidə separatçı bayraq qalırdısa, orada qanunsuz silahlı dəstələr mövcud idisə, Azərbaycan qanunları bütün ərazimizdə işləmirdisə, deməli, dövlət suverenliyi hələ tamamlanmamışdı.
Xankəndi Qarabağın yalnız inzibati mərkəzi deyildi. Xankəndi iki yüz illik mübarizənin siyasi simvolu idi.
Şəhərin adının sovet hakimiyyətinin ilk illərində dəyişdirilərək bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” qoyulması təsadüfi deyildi. Bu, sadəcə toponim dəyişikliyi də deyildi. Azərbaycanın tarixi yaddaşına vurulan ideoloji möhür idi. Ərazi Azərbaycanda saxlanılır, amma adı, idarəçilik modeli və siyasi mühiti tədricən başqa bir gələcəyə hazırlanırdı.
1923-cü ildə Azərbaycanın daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması da həmin uzunmüddətli siyasi mühəndisliyin əsas mərhələlərindən biri oldu. Lenin–Stalin sisteminin milli məsələdə tətbiq etdiyi ziddiyyətli siyasət, sonrakı sovet rəhbərlərinin — Xruşşov dövrü də daxil olmaqla — erməni millətçiliyinin vaxtaşırı qaldırdığı ərazi iddialarına qarşı prinsipial və birdəfəlik mövqe qoymaması Qarabağ düyününü nəsildən-nəslə ötürdü.
Moskva Azərbaycan torpaqlarını öz geosiyasi oyunlarının alətinə çevirdi. Azərbaycan toponimləri dəyişdirildi, tarixi yaddaş sıxışdırıldı, saxta siyasi terminlər dövriyyəyə buraxıldı. “Stepanakert” adı da həmin siyasətin ən görünən möhürü idi.
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu yalnız qanunsuz hərbi mövqeləri dağıtmadı. Bu saxta siyasi coğrafiyanı da dağıtdı.
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanında üçrəngli Bayrağımızı qaldıranda bir şəhər geri qaytarılmırdı — tarix öz adına qayıdırdı.
*“Stepanakert” bitirdi, Xankəndi qayıdırdı!*
Prezident həmin gün dedi: “Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı”.
Ardınca səslənən sözlər isə bir dövlətin möhürü, bir xalqın əbədi qərarı idi:
“Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”.
Xankəndinin qaytarılması olmadan Qarabağ Zəfəri hərbi baxımdan böyük, siyasi baxımdan isə yarımçıq qala bilərdi.
Xankəndi alındı və Zəfər tamamlandı.
*İlham Əliyevin strateji ağlı, cəsur qərarları*
Bu nəticə təkcə ordunun gücü ilə izah oluna bilməz. Güclü ordu böyük strategiyanın alətidir. Onu doğru anda hərəkətə gətirmək, beynəlxalq şəraiti hesablamaq, düşmənin imkanlarını tükəndirmək, dostla düşməni ayırmaq, təzyiqlərə tab gətirmək və son əmri vermək siyasi liderlik tələb edir.
İlham Əliyev 2020-ci ildə harada dayanmağın, 2023-cü ildə isə nə zaman hərəkətə keçməyin vaxtını dəqiq müəyyənləşdirdi.
Üç il ərzində Azərbaycan 10 noyabr bəyanatının icrasını tələb etdi. Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağdan çıxmadı. Əksinə, mövqelər möhkəmləndirildi, ərazilər yenidən minalandı, silah-sursat daşındı, qondarma rejim “seçki” keçirdi və separatizmin qalıcı olduğu görüntüsü yaratmağa çalışdı.
Azərbaycan səbr göstərdi. Danışdı. Xəbərdarlıq etdi. Hüquqi və siyasi əsaslarını möhkəmləndirdi. Sonra qərar verildi.
Bu çox cəsur qərar idi. Çünki bölgədə Rusiya sülhməramlıları vardı. Böyük dövlətlərin maraqları toqquşurdu. Erməni lobbisi bütün mərkəzlərdə hərəkətə keçməyə hazır idi. Hərbi əməliyyatın uzanması Azərbaycana qarşı yeni beynəlxalq kampaniyaya, bölgəyə kənar müdaxiləyə və ağır humanitar mənzərəyə yol aça bilərdi.
Lakin əməliyyat uzanmadı.
23 saat 43 dəqiqə!
Azərbaycan Ordusu ağır relyefdə, illərlə qurulmuş istehkamlar qarşısında, yüzdən çox tank və zirehli texnikaya, iki yüzdən çox top və artilleriya qurğusuna malik böyük silahlı qruplaşmanı təslim olmağa məcbur etdi. Bütün əsas kommunikasiyalar, yüksəkliklər və hərəkət yolları nəzarətə götürüldü. Qarşı tərəfin müqaviməti mənasızlaşdırıldı.
Bu, İlham Əliyevin strateji ağlının, qətiyyətinin və riskləri idarə etmək bacarığının nəticəsi idi. O, əməliyyatın məqsədini dəqiq müəyyənləşdirdi: Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək, qanunsuz silahlı birləşmələri tərk-silah etmək və separatizmə son qoymaq.
Prezidentin 20 sentyabr müraciətindəki bir cümlə bütün əməliyyatın siyasi yekunu idi:
“Azərbaycan öz suverenliyini bərpa etmişdir”.
*Ordunun gücü qədər onun əxlaqı*
19–20 sentyabr əməliyyatını dünya hərb tarixində fərqləndirən mühüm cəhətlərdən biri də hədəflərin seçilməsində göstərilən həssaslıq idi.
Prezident İlham Əliyev əməliyyatdan əvvəl hərbi birləşmələrə mülki əhalinin qorunması barədə xüsusi göstəriş verdiyini açıq şəkildə bildirdi. Onun əmri konkret idi:
“Mülki əhali qorunmalıdır”.
Mülki infrastruktura zərbə vurulmamalı, yalnız hərbi infrastruktur sıradan çıxarılmalı idi.
Bu prinsip əməliyyatın xarakterini müəyyənləşdirdi. Azərbaycan şəhərləri viran qoymaq, mülki əhalini cəzalandırmaq, etnik qisas almaq üçün döyüşmürdü. Azərbaycan öz ərazisində qanunsuz silahlı rejimi tərk-silah edir, dövlət hakimiyyətini bərpa edirdi.
Döyüş şəraitində itkilər oldu. Azərbaycan şəhidlər verdi. Qarşı tərəfdə də hərbi və cüzi mülki itkilər qeydə alındı.
Lakin əsas və sübuta yetirilmiş həqiqət budur: dinc əhali Azərbaycan Ordusunun hədəfi olmadı. Əməliyyat yaşayış məntəqələrini yerlə-yeksan edən total müharibəyə çevrilmədi. Qısa müddətdə yalnız hərbi müqavimətin sındırılmasına yönəldi.
Eyni yanaşma təslim olan qüvvələrə münasibətdə də göründü. Məqsəd on minlərlə insanı əsir düşərgələrinə doldurmaq və kollektiv cəzalandırma aparmaq deyildi. Silahlar təhvil verildi, hərbi struktur buraxıldı, separatçı rejim ləğv edildi. Ağır cinayətlərdə ittiham olunan rəhbər şəxslərlə sıravi sakin arasında fərq qoyuldu. Məhz buna görə də bu gün Bakı həbsxanalarında sıravi erməni döyüşçülər deyil, onların rəhbərləri, separatçı liderlər oturublar.
Ordunun böyüklüyü təkcə nə qədər sürətlə qalib gəlməsində deyil.
Qalib gəldikdən sonra necə davranmasındadır.
Azərbaycan Ordusu 2020-ci ildə də bunu göstərdi. 2023-cü ildə də.
*Sıfırlanan milyardlar, dağılan miflər*
Erməni diasporu onilliklər ərzində Qarabağ separatizmini “öz müqəddəratını təyinetmə” pərdəsi altında dünyaya satmağa çalışdı. Xarici parlamentlərə, mediaya, beyin mərkəzlərinə, siyasətçilərə böyük pullar xərcləndi. İşğalçı qurban, işğala məruz qalan Azərbaycan isə təqsirkar kimi təqdim edildi.
Bəzi dövlətlər beynəlxalq hüququ yalnız özlərinə lazım olan zaman xatırladı. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalına dair qətnamələri kağız üzərində saxlanıldı. Otuz il ərzində Azərbaycana “səbirli olun”, “danışıqları davam etdirin”, “müharibənin alternativi yoxdur” deyildi.
Əslində isə işğalın alternativi yoxmuş kimi davranılırdı.
Azərbaycan bu oyunu pozdu. Əvvəlcə 44 gündə. Sonra bir gündə.
Erməni kilsəsinin iki əsrdən çox müddətdə bəslədiyi “Böyük Ermənistan” mifinin Qarabağ sütunu dağıldı. Erməni lobbisinin milyardlarla vəsait hesabına yaratdığı təbliğat konstruksiyası real güc, hüquq və siyasi iradə qarşısında dayana bilmədi. Azərbaycanın daxilində ikinci erməni dövləti yaratmaq layihəsi tarixin zibilliyinə atıldı.
Bu nəticə yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının tarixi yaddaşı baxımından böyük hadisədir. Çünki Qarabağ layihəsi təkcə Azərbaycan torpaqlarına qarşı deyildi. O, Türk dünyasının coğrafi, siyasi və mənəvi bütövlüyünə vurulan zərbə idi.
Azərbaycanın Qələbəsi bu baxımdan Türk dünyasının da strateji qələbəsidir.
*44+1 gün — yeni Azərbaycanın möhürü*
19 sentyabr adi ildönümü deyil. Bu tarix dövlətin öz sərhədləri daxilində tam hakimiyyətinin bərpa olunduğu gündür. Bu, 2024-cü ildən etibarən Dövlət Suverenliyi Günü kimi rəsmiləşdirilən böyük tarixi dönüşdür.
44 günlük Vətən müharibəsi “Qarabağ Azərbaycandır!” nidasını döyüş meydanında təsdiqlədi. 23 saat 43 dəqiqəlik əməliyyat isə həmin nidanı hüquqi, siyasi və inzibati gerçəkliyə çevirdi.
Xankəndidə Azərbaycan Bayrağı qalxdı. Xocalıda dövlətimizin nəfəsi duyuldu. Ağdərə, Əsgəran, Xocavənd bütöv Azərbaycanın xəritəsinə yalnız rənglə deyil, real hakimiyyətlə qayıtdı.
İki yüz illik bir döngü bağlandı.
Bu Qələbənin müəllifi Azərbaycan xalqıdır. Onun qəhrəman övladlarıdır. Şəhidlərimizdir. Qazilərimizdir. Azərbaycan Ordusudur.
Və bu milli gücü vahid məqsədə yönəldən, doğru zamanı seçən, bütün təzyiqləri sinələyən, məsuliyyəti üzərinə götürərək tarixi əmri verən Prezident, Ali Baş Komandan İlham Əliyevdir.
Tarix bəzən bir əsri bir günə sığdırır. 19–20 sentyabr 2023-cü il iki yüz ilin hesabını 23 saat 43 dəqiqəyə bağladı.
*44+1 gün!*
Bir xalqın məğlubiyyət tarixindən qalib dövlət tarixinə keçidinin möhürü!

Rauf Arifoğlu
Subyekt.az