![]()
Mürəkkəb relyefi və sərt iqlim şəraiti, eyni zamanda füsunkar təbiəti ilə seçilən Kəlbəcər rayonunda işğaldan azad edildikdən sonra elektrik təsərrüfatının yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Rayon ərazisində elektrik şəbəkələrinin əsaslı təmiri, yenidən qurulması və müasir infrastrukturun yaradılması işləri davam etdirilir.
Subyekt.az xəbər verir ki, görülən tədbirlər çərçivəsində Kəlbəcər şəhərinin yeni salınan 2-ci yaşayış məhəlləsində 35/0,4 kV-luq müasir tipli yarımstansiya inşa edilib, həmçinin 2 kilometrə yaxın ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib.
Sərhədyanı ərazilərdə yerləşən strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təminatının gücləndirilməsi məqsədilə Zar-Zəylik istiqamətində 6 kilometr, Alagöllər istiqamətində 48 kilometr, Zod istiqamətində isə 4 kilometr uzunluğunda Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib.
Bununla yanaşı, Kəlbəcər Elektrik Şəbəkəsinin xidmət ərazisində 110 kV-luq ikidövrəli hava elektrik verilişi xəttinin çəkilişinə başlanılıb.
Həmçinin 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından İstisu istiqamətində strateji obyektlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 42 kilometr uzunluğunda ikidövrəli ÖİN-3 xətti çəkilib. Xətt üzərində müasir Qapalı Paylayıcı Qurğunun (QPQ) quraşdırılması nəticəsində Kəlbəcər şəhərinin elektrik enerjisi ilə təchizatının etibarlılığı və dayanıqlılığı daha da artırılıb.
Görülən işlər çərçivəsində yeni yaşayış məntəqələrinin, sosial obyektlərin və digər mühüm infrastrukturun dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, enerji itkilərinin minimuma endirilməsi və şəbəkənin müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdən biridir.
Prezident İlham Əliyevin müəyyən etdiyi tapşırıq və prioritetlərə uyğun olaraq, “Azərişıq” ASC tərəfindən ölkənin regionlarında, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik təsərrüfatının yenidən qurulması və müasir enerji infrastrukturunun yaradılması istiqamətində layihələr davam etdirilir.
Həyata keçirilən kompleks tədbirlər Böyük Qayıdış çərçivəsində Kəlbəcərin dayanıqlı inkişafına, şəhər və kəndlərə köçürülən sakinlərin müasir kommunal xidmətlərlə təminatına, eləcə də regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
#Kəlbəcər #BöyükQayıdış #Azərişıq
Subyekt.az