![]()
Azərbaycan ABŞ Dövlət Departamentinin 2026-cı il üzrə Fiskal Şəffaflıq Hesabatında minimum fiskal şəffaflıq tələblərinə cavab verən ölkələr sırasında yer alıb.
Hesabatda Azərbaycanla yanaşı Albaniya, Argentina, Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və digər ölkələrin fiskal şəffaflıq göstəriciləri qiymətləndirilib. Ümumilikdə, Dövlət Departamenti 139 hökumət və Fələstin Administrasiyası üzrə qiymətləndirmə aparıb. Nəticələrə əsasən, 73 hökumət minimum fiskal şəffaflıq tələblərinə cavab verib, 67 hökumət isə bu tələblərə cavab verməyib. Həmin 67 hökumətdən 14-nün qiymətləndirmə dövründə əhəmiyyətli irəliləyiş əldə etdiyi bildirilib.
ABŞ Dövlət Departamentinin qiymətləndirməsi büdcə sənədlərinin ictimaiyyət üçün əlçatanlığı, büdcə məlumatlarının tamlığı və etibarlılığı, dövlət borcu barədə məlumatların açıqlanması, ali audit institutlarının müstəqilliyi, təbii ehtiyatların hasilatı üzrə müqavilə və lisenziyalaşdırma prosedurlarının şəffaflığı, habelə dövlət satınalmaları üzrə müqavilələrin ictimaiyyətə açıqlanması kimi meyarları əhatə edir.
Hesabatda fiskal şəffaflığın səmərəli dövlət maliyyə idarəçiliyinin mühüm elementi olduğu, bazarlara inamın möhkəmlənməsinə və iqtisadi dayanıqlığın təmin edilməsinə xidmət etdiyi vurğulanır. Fiskal şəffaflığın dövlət büdcəsi haqqında ictimaiyyətin məlumatlılığını artırdığı, hökumətin hesabatlılığını gücləndirdiyi və büdcə siyasəti ətrafında daha səmərəli ictimai müzakirələrə imkan yaratdığı qeyd olunur.
Bu baxımdan Azərbaycanın minimum fiskal şəffaflıq tələblərinə cavab verən ölkələr sırasında yer alması ölkənin dövlət maliyyəsinin idarə olunması və büdcə məlumatlarının açıqlanması sahəsində mövcud institusional mexanizmlərinin beynəlxalq qiymətləndirmədə müsbət nəticə əldə etdiyini göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilə bilər.
Eyni zamanda, hesabatda xüsusi olaraq qeyd olunur ki, fiskal şəffaflıq üzrə qiymətləndirmə korrupsiya səviyyəsini ölçmür. Başqa sözlə, hökumətin minimum fiskal şəffaflıq tələblərinə cavab verməsi və ya verməməsi birbaşa olaraq həmin ölkədə korrupsiyanın səviyyəsi barədə nəticə çıxarmağa əsas vermir.
2026-cı il Fiskal Şəffaflıq Hesabatının qiymətləndirmə dövrü 1 yanvar–31 dekabr 2025-ci il tarixlərini əhatə edir.
Azərbaycanın bu beynəlxalq qiymətləndirmədə minimum fiskal şəffaflıq tələblərinə cavab verən ölkələr sırasında yer alması ölkənin maliyyə idarəçiliyində şəffaflıq, hesabatlılıq və ictimai məlumatlılığın təmin edilməsi baxımından diqqətəlayiq nəticədir.
Mənbə: ABŞ Dövlət Departamenti – 2026 Fiscal Transparency Report.
Subyekt.az