Noyabrın 16-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib.
Tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Nazirliyinin baş incəsənət tədqiqatçısı Mahnaz Anvar Fancy qonaqları salamlayaraq tədbir haqqında məlumat verib.
Qeyd olunub ki, bu gün dünyada iqlim dəyişikliyi nəticəsində mədəni abidələrə də ciddi ziyan dəyir. Mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkməsi baxımından əhəmiyyət daşıyır, eyni zamanda qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.
Diqqətə çatdırılıb ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-nın baş qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün necə mərkəz nöqtəsi kimi xidmət edəcəyini nümayiş etdirib.
Daha sonra UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi Dana Firas, Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis, Asiya İnkişaf Bankı (ADB) İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi və UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışılıb, ölkəmizin irəli sürdürü C4C təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Həmçinin sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq, maliyyə imkanına çıxış və s. kimi mövzular müzakirə olunub.
Subyekt.az