![]()
Milli Məclisin deputatı Fazil Mustafa Subyekt.az saytına açıqlama verərək gündəmi zəbt edən məsələyə aydınlıq gətirib. Deputat barəsində yayılan “Deputat ‘Bakıya qızlarınızı oxumağa buraxmayın’ deyən aparıcını müdafiə etdi” sərlövhəli xəbərə münasibət bildirib.
“Bəh-bəh, nə gözəl başlıq seçilib. Mən Bakıda təhsil alan bəzi qızlarla bağlı mövcud ictimai problemi dilə gətirən jurnalisti müdafiə etmişəm. Onun səsləndirdiyi fikirlər heç də hamıya aid deyil. Dürüst, tərbiyəli, ailəsinə başucalığı gətirən minlərlə qız övladına bu çağırışların heç bir aidiyyəti yoxdur.
Əksinə, dəfələrlə bəyan etmişəm ki, qız övladlarının təhsil almasına mane olan valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bəli, harada olmasından asılı olmayaraq, söhbət təhsildən gedirsə, bu, mütləq dəstəklənməlidir. Ancaq təhsil adı altında avaraçılıqla məşğul olmağın adı başqadır.
Jurnalist qardaşımız da məhz bunu dilə gətirməyə çalışıb. Ürək ağrısı ilə deyib ki, valideynlər övladlarını nəzarət edə biləcəkləri yerlərə göndərsinlər. Bu çağırış təkcə qızlara yox, eyni zamanda oğlanlara da aiddir.
Ümumiyyətlə, istər ölkə daxilində, istərsə də xaricdə olsun, təhsil adı ilə vaxtını boşuna keçirən minlərlə Azərbaycan gəncinə ürək ağrısı ilə baxıram. Bu vaxt niyə hədər yerə itirilməlidir? Əgər yaxşı oxuyursansa, oxumağa həvəsin varsa – əla, davam et. Bu halda həm valideyn, həm də dövlət sənə dəstək olmalıdır. Yox, əgər günlərini boşuna keçirirsənsə, get bir peşə öyrən ki, həyatda ayaqda qala biləsən.
Əksinə, bu cür mövzular televiziya məkanında açıq şəkildə müzakirə olunmalıdır ki, insanlar reallıqları anlayıb nəticə çıxara bilsinlər. Jurnalisti linç etdiniz, televiziya kanalını da cəzalandırdınız – problem isə yenə ortada qaldı. Bəs onu necə həll edəcəksiniz?”
Subyekt.az