![]()
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət qulluqçularının təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, həmyerlimiz Paşayev Allahverdi Oktay oğlu dövlət qulluğu sahəsində uzunmüddətli səmərəli fəaliyyəti, yüksək peşəkarlığı, məsuliyyətli və vicdanlı xidməti nəzərə alınaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Bu ali dövlət təltifi ölkəmizdə dövlət qulluğunda çalışan əməkdaşların fəaliyyətinə verilən yüksək qiymətin, onların dövlətə və xalqa sədaqətlə xidmətinin təntənəli ifadəsidir. Eyni zamanda, bu kimi təltiflər dövlət qulluğunun nüfuzunun artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və xidmət mədəniyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu münasibətlə Allahverdi Oktay oğlu Paşayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Eyni zamanda, dövlət qulluqçularının əməyinə göstərilən yüksək diqqət və qayğıya, onların fəaliyyətinin layiqincə qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, dövlətə və xalqa sədaqətlə xidmət edən şəxslərin yüksək dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə dövlətçilik ənənələrinin daha da möhkəmlənməsinin və vətəndaş məmnunluğunun yüksəlməsinin bariz göstəricisidir.
Qürurvericidir ki, Kəlbəcər torpağı dövlətinə və xalqına sədaqətlə xidmət edən, yüksək mənəvi keyfiyyətlərə malik dəyərli ziyalılar və dövlət qulluqçuları yetişdirməkdə davam edir. Bu kimi uğurlar həm Kəlbəcər ictimaiyyəti, həm də bütövlükdə ölkəmiz üçün fəxr mənbəyidir.
Subyekt.az