Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Azərbaycanın ev sahibliyi etdiyi möhtəbər tədbir öz növbəsində ölkəmizin təkcə ekoloji sahəsinə deyil, eləcə də təhsil sahəsinə də öz müsbət təsirini verəcəkdir.
Konfransla bağlı Bakı və Abşeronda yerləşən ümumi və ali təhsil müəssisələri distant təhsil formasına keçid edib. Qeyd edək ki, Azərbaycanda distant təhsil təcrübəsi koronavirus pandemiyası zamanı da yaşanıb. COP29 zamanı bu təcrübənin tətbiqi onun yaxın gələcəkdə təhsilə ciddi təkan verə bilər
Subyekt.az Modern.az-a istinadən bildirir ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərovun sözlərinə görə, COP29 təkcə ekoloji fəlakətlərin qarşısının alınması üçün həyata keçirilən tədbir deyil:
“Bu tədbir Azərbaycanın gücünü dünyaya göstərmiş oldu. COP29 BMT-nin həyata keçirdiyi İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransıdır. Amma bu tədbirə ev sahibliyi etmək, 172 mindən artıq qonağı, eyni zamanda dünyanın 100-dən artıq dövlət başçısını qəbul etmək və bu cür böyük bir konfransın 2 həftə davam etməsi birmənalı olaraq qalib Azərbaycanın gücünü ortaya qoyur.
Hesab edirəm ki, torpaqlarını azad etmək üçün Azərbaycan hansı gücün sahibidirsə, 10 minlərlə insanı yüksək səviyyədə qəbul etmək də bizim üçün heç də çətin olmayacaq. Həmçinin, dünyada baş verən problemlərin Azərbaycanda müzakirə olunması və bütün ölkənin bu prosesə cəlb olunması bir daha onu göstərdi ki, Azərbaycan ərazi baxımdan kiçik ola bilər, amma dünya problemlərinin həlli baxımdan öncül dövlətlərdən biridir”.
A.İsgəndərov bildirib ki, Azərbaycan distant təhsil formasından rahat şəkildə istifadə etməyi bacarır:
““Ali təhsil haqqında” qanun qəbul edildikdə distant təhsillə bağlı bütün suallara cavab tapmaq mümkün olacaq. Artıq “Ali təhsil haqqında” qanunun qəbulu yekunlaşmaq üzrədir. Qanun qəbul edildikdən sonra tələbələrin, şagirdlərin, eləcə də müəllimlərin distant təhsillə bağlı heç bir çətinliyi qalmayacaq.
Məlumdur ki, dünyada qəbul olunan təhsil formlardan biri distant təhsil formasıdır. Azərbaycanda bu təhsil formasından rahat şəkildə istifadə etməyi bacarır. Biz bunu 2020-ci ildə şahidi olduq. Çünki COVİD19 pandemiyasının bütün dünyada tuğyan etdiyi zamanda biz istəsək də, istəməsək də distant təhsil formasına müraciət etdik.
Deməli bu təhsil formasından Azərbaycanda rahat şəkildə istifadə edilə bilir. İstifadə edə biliriksə, distant təhsil formasının qanun çərçivəsində olması da gözlənilir”, – deyə komitə sədri fikrini yekunlaşdırıb.
Subyekt.az