![]()
İranda baş verənlər inqilabdımı? Düşünürəm ki, yox. Nəzəriyyəsi və proqramı olmayan bu cür etiraz forması daha çox kütləvi sosial iğtişaş kimi qiymətləndirilə bilər. Xarici müdaxilə riski böyükdür və bu gerçəkləşərsə, rejimin dəyişməsi mümkündür.
Müasir dünya konjonkturasında İranın parçalanması bölgə ilə ən çox bağlantısı olan ABŞ və Böyük Britaniyanın maraqlarına uyğun deyil. İsrail isə bunu ümumiyyətlə istəməz. Necə ki, İraq, Suriya və Əfqanıstan kimi dövlətlər onlarla bölgə avtoritetinin təsiri altında qaldılar, bu elementlər hələ də təsir gücünü saxlasalar da, həmin ölkələrin parçalanmasına imkan verilmədi. İrana da indidən bu ssenari üzrə baxmaq olar.
Bazar mərkəzli burjuaziyanın siyasiləşməsi üçün zamana ehtiyac var. Dinçiliyin inanc formulu ziyalı təbəqənin dialoq çağırışlarını yenə də rahatlıqla basdıracaq. İç savaş ehtimalı yüksəkdir. Bütün hallarda bu ölkənin demokratikləşməsi illüziyadan başqa bir şey deyil. Çünki burada əsas sinif dünən də, bu gün də, sabah da ruhani elitası olacaq.
Siyasi hakimiyyətdə olmasalar belə, əsasən savadsız cəmiyyət üzərində mollaların, seyidlərin və cindarların mənəvi hakimiyyəti hər zaman təsir gücünü qoruyub saxlayacaq. Yəni burada hər zaman Şeyx Nəsrullah çoxluqda, Kefli İsgəndər isə təklikdə olacaq.
İran psixologiyasını anlamaq üçün Məhəmməd Əsədin “Məkkəyə gedən yol” əsərini oxumağı tövsiyə edərdim. Bizdəki səfəviçi zehniyyətin daşıyıcıları ilə İrandakı xomeyniçi-xamneyiçi düşüncə daşıyıcıları arasında birbaşa mütənasiblik var.
Prosesi Stalinin bizə sırıdığı “Güney Azərbaycan” mifologiyasından uzaqlaşıb təhlil etməsək, oradakı soydaşlarımızı bir daha mənasız hədəflərə yönəldə bilərik. İranda indiki prezidentin öncüllüyü ilə dini, siyasi, milli və sosial sahələrdə islahatların aparılması real görünmür. Çünki hər hansı islahat molla hakimiyyətinin məhdudlaşdırılması və hüquq çərçivəsinə salınması deməkdir ki, əlində böyük maddi və insan resursları olan bu təbəqənin buna imkan verəcəyi inandırıcı deyil.
Belə olan halda, rejim dəyişikliyi elitanın bütövlükdə süpürülməsi ilə nəticələnə bilər. Bu isə şəriət hüququna dayanmayan respublikadan daha çox, monarxiyanın bərpasını mümkün edir.
Bu gün İrandakı hadisələri şərh edən digər subyektlər kimi, mənim də İranın daxili ünsürləri və onların real təsir gücü barədə yetərli məlumatım yoxdur. Sadəcə Azərbaycan dövlətinin maraqlarını düşünən bir siyasətçi kimi, mövqeyimizin necə ola biləcəyini müəyyənləşdirməyə çalışıram.
Bizim üçün əsas gözlənti İranda dünyəvi dövlətin qurulmasıdır. Bunu İran burjuaziyası da həyata keçirə bilər, şah monarxiyası da təmin edə bilər – bizim üçün prinsipial fərq yoxdur. Əsas məsələ İranın dinçi-məzhəbçi faşizmdən qurtulmasıdır. Bu, eyni zamanda dövlətimizin alt qatlarında yerləşən İran ideoloji virusunun təmizlənməsi üçün də imkan yaradacaq.
Prinsip etibarilə, hər hansı dünyəvi dövlətin bu cür xəstə ideologiyanın yayılmasına bu qədər vəsait xərcləməyə marağı olmaz. Beləliklə, bütün qonşularla praqmatik maraqlar üzərindən münasibət qurmaq üçün əsas maneələr aradan qalxacaq.
İkinci əsas yanaşma İranın ərazi bütövlüyünün qorunmasıdır. Təbii ki, oradakı soydaşlarımızın milli haqlarının əsas komponentlərinin tanınması arzuolunandır. Ancaq unutmayaq ki, maraqlı dövlətlər İraq və Suriyada olduğu kimi, əsas müttəfiqliyi kürd amili üzərindən qurmağa çalışacaqlar və bu, azərbaycanlıların maraqlarına ciddi zərbə vura bilər. Buna görə də indidən kürd siyasi liderləri ilə qarşılıqlı maraqlara toxunmamaq barədə anlaşmaya gəlmək qarşıdurma riskini azalda bilər.
Üçüncü məsələ isə mümkün iç savaş şəraitində qaçqın axınının tənzimlənməsidir. Bu, indidən həm bizi, həm də Türkiyəni düşündürməlidir. Əlbəttə, soydaşlarımıza dəstək verməliyik, lakin heç bir halda daxili təhlükəsizliyimizi təhdid edəcək proseslərə yol verilməməlidir.
Son açıqlamalar göstərir ki, ABŞ İrandakı hadisələrdə rejimə qarşı tərəf rolunda olduğunu açıq şəkildə bəyan edir. Bu isə proseslərin daha da dramatikləşməsi üçün kifayət qədər ciddi əsasdır. Bəs hərbi müdaxilə olacaqmı? Bu sualın cavabını vaxtilə Güney Amerikada Maduronun bilmədiyi kimi, bizim bölgədə də kimsə dəqiq deyə bilməz.
Subyekt.az