![]()
Rza Pəhləvi ölkədə baş verən etirazlar fonunda indiyədək ən mühüm bəyanatlardan biri ilə çıxış edib.
O, İran xalqına açıq şəkildə bildirib ki, xüsusilə son dörd gün ərzində ölkə üzrə milyonlarla insanın qatıldığı nümayişlər İslam Respublikası rejiminin əsaslarını sarsıdıb.
Pəhləvinin sözlərinə görə, artıq üsyan yeni mərhələyə qədəm qoyur.
“Əziz İran xalqı, cəsur həmvətənlərim,
Son iki həftə ərzində — xüsusilə də son dörd gündə — sizin milyonlarla insanın iştirakı ilə keçirdiyiniz nümayişlər qeyri-legitim İslam Respublikası rejiminin təməlini sarsıtdı. İndi isə son günlərin çağırışlarına cavab verən milyonlara arxalanaraq və legitimliyi, xalqın qəbulunu birbaşa sizdən alaraq, İslam Respublikasını devirmək və sevimli İranımızı geri almaq üçün milli üsyanın növbəti mərhələsini elan edirəm.
1. İran daxilində:
Şəhərlərin mərkəzi küçələrini ələ keçirmək və nəzarətdə saxlamaqla yanaşı, rejimin yalançı təbliğatına və kommunikasiya kanallarının kəsilməsinə cavabdeh olan bütün qurum və strukturlar artıq legitim hədəflər hesab olunur. Dövlət qurumlarının əməkdaşları, silahlı qüvvələrin üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri hələ də seçim edə bilərlər: ya xalqın tərəfinə keçib millətlə bir olmaq, ya da xalqın qatilləri ilə əlbir olub əbədi olaraq xalqın lənətini və nifrətini qazanmaq.
2. İran xaricində:
Bütün İran səfirlikləri və konsulluqları İran xalqına məxsusdur. Artıq İslam Respublikasının rüsvayçı bayrağı əvəzinə İranın milli bayrağını qaldırmağın vaxtı çatıb.
Biz sevimli İranımızı İslam Respublikasının əlindən geri almağın astanasındayıq. Xamenei və onun rejimi sizin sayənizdə bir neçə ağır zərbə alıb və biz onlara bir an belə nəfəs almaq imkanı verməməliyik. Rejim ciddi şəkildə repressiya qüvvələrinin çatışmazlığı ilə üz-üzədir. İnsanlara qarşı pərakəndə atəş açılması güc əlaməti deyil; bu, muzdlu qüvvələrin azlığından və sürətli çöküş qorxusundan qaynaqlanır. Biz bu cinayətkarların daha artıq gənclərimizin qanını tökməsinə imkan verməyəcəyik. Onlara yeni fürsət tanımayacağıq. Geri dönüş yoxdur. İranın azadlığı yaxındır. Torpağa tökülən ölməz oğul və qızlarımızın qanı bizi qələbəyə aparır.
Biz tək deyilik. Beynəlxalq dəstək tezliklə gələcək. Növbəti müraciətlərimi gözləyin. Çox tezliklə sevimli İranımızı İslam Respublikasından geri alacaq və azadlığı, qələbəni ölkənin hər guşəsində qeyd edəcəyik.”
Subyekt.az