![]()
Sosial mediada və mətbuatda dərc edilən yazılarda qeyd edilir ki, İstisu Çexiyadakı məşhur Karlovı Varı suları ilə bir tutulur. Lakin bu, yanlış fikirdir. Burada tədqiqat aparan kimyaçı alim E.E. Karstinski öz hesabatında bunu təkzib edərək yazır:
“Kəlbəcər İstisuyu müalicəvi dinamikasına və radioaktiv elementlərlə zənginliyinə görə Karlovı Varı sularından qat-qat üstündür.”
1138-ci il sentyabrın 30-da baş verən, tarixin ən kədərli hadisələrindən biri sayılan zəlzələ gözəl Gəncə şəhərini dağıtmaqla yanaşı, regionda ciddi coğrafi dəyişikliklərə səbəb olmuşdur. Nəticədə Göygöl və Maralgöl yaranmış, eyni zamanda Kəlbəcər ərazisində yer qabığının dərin çatları açılmış və İstisu bulaqları yer üzünə çıxmışdır. Lakin bu, İstisunun rəsmi tarixi hesab edilmir. İstisu 1138-ci ildə yaranmayıb, sadəcə yerin altından püskürərək üzə çıxıb.
Geoloqların araşdırmalarına görə, İstisu əslində yerin altında milyonlarla il əvvəl formalaşmışdır. Tarixin müxtəlif dövrlərində baş verən geoloji dəyişikliklər nəticəsində zaman-zaman üzə çıxmış, sonra isə yenidən yerin altında qalmışdır.
Qədim insanlar, səyyahlar və burada yaşayan xalqlar İstisudan qismən yararlanıblar. Lakin 1138-ci ildən sonra bulaq elə bir formaya düşüb ki, insanlar onun ətrafında məskunlaşmağa başlayıblar. Buna görə də İstisu məhz həmin tarixdən etibarən yaşayış məskəninin formalaşmasına səbəb olan bulaq kimi qəbul edilir.
Burada yaşayan insanlar İstisuya “Tanrının lütfü” kimi baxıblar.
İstisu rəsmi olaraq ilk dəfə Səfəvi hökmdarı I Şah Abbasın dövründə dövlətin diqqət mərkəzində olub. Məhz buna görə də xalq arasında bu məkan “Şah Abbasın Daş Vannası” kimi də tanınır.
Çar Rusiyası dövründə burada araşdırmalar aparan alimlərin hesabatlarında suyun tərkibindəki litium və digər nadir elementlərin müxtəlif dəri xəstəliklərinin müalicəsində mühüm rol oynadığı xüsusi qeyd edilib.
1900-cü ildə fransız geoloqları da bu əraziyə diqqət yetirərək İstisudan nümunələr götürüb Fransaya aparıblar. Laborator analizlərin nəticələrinə görə, İstisu hüceyrələrin qocalmasını ləngidən və maddələr mübadiləsinin yenilənməsinə təsir göstərən elementlərlə zəngindir.
Sovetlər Azərbaycanı işğal etdikdən sonra buranın həm turizm, həm də ticarət baxımından əhəmiyyətini nəzərə alaraq sanatoriya kompleksinin tikintisi ilə bağlı plan hazırlayıblar. Məhz 1925-ci ildən sonra Sovet Azərbaycanı hökumətinə tapşırıq verilib ki, bu ərazi ümumxalq turizm mərkəzinə çevrilsin.
Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət və müalicə obyektlərinin tikintisi barədə qərar qəbul etmişdi. Lakin gürcü-erməni dairələri öz ərazilərində yerləşən bulaqları ön plana çəkərək bir müddət İstisu sanatoriyasının yaradılmasını əngəlləyiblər.
M.C. Bağırovun xüsusi təzyiqləri nəticəsində burada sanatoriyanın açılması mümkün olub.
1941–1945-ci illər müharibəsi dövründə Kəlbəcər İstisuyu təkcə istirahət mərkəzi kimi deyil, həm də yaralı əsgərlərin reabilitasiya hospitalı kimi fəaliyyət göstərib.
İlk illərdə sudoldurma zavodunda mineral suya vurulan karbon qazı Gürcüstanın Rustavi şəhərindən gətirilirdi. 1982-ci ildə azərbaycanlı mühəndislər Salman Babayev və Məmməd Hacıyevin kəşfi Sovet tarixində bir ilkə imza atdı. Onlar suyun tərkibindəki təbii karbon qazını elə quyunun başındaca sudan ayıraraq qablaşdırma zamanı yenidən suyun özünə vurmağa nail oldular.
Uzun illər işğal altında qalan bu şəfa suyundan ermənilər istifadə edərək onu dünya bazarına çıxarıb milyonlarla gəlir əldə ediblər. Lakin 44 günlük müharibədə qazanılan qələbə nəticəsində İstisu azad edilərək öz sahiblərinə geri qaytarılıb.
Allah şəhidlərə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza can sağlığı versin, Ordumuza güc-qüvvət bəxş etsin.
Prof. Dr. Zaur Əliyev
Subyekt.az