
Türkiyəli alim Cəmil Əmrə Yavaş və komandasının ABŞ-də təbii fəlakətlərlə bağlı hazırladığı alqoritmin 98 faiz uğurlu olduğu açıqlanıb. Subyekt.az “Cebheinfo.az”-a istinadən xəbər verir ki, mütəxəssislər sözügedən alqoritmin süni intellektlə təbii fəlakətlərə qarşı tədbir görülməsində yeni yollar açacağını bildiriblər. Alimlər ABŞ-də zəlzələlərin çox olduğu Los-Anceles bölgəsində yüksək dəqiqliyə malik proqnozlaşdırma modeli hazırlamaq üçün müxtəlif süni intellekt alqoritmlərini sınayıblar. Əvvəlki araşdırmalarda mütəxəssislər ABŞ-nin Los-Anceles şəhəri üçün alqoritmlərdə 69% dəqiqlik əldə ediblər. Onlar Şimali Anadolu fay xəttinə (KAF) yaxın olması səbəbindən seysmik aktivliyin sıx olduğu İstanbula da diqqət yetiriblər. Araşdırmada İstanbulda 91,65%, San Dieqo üçün 98,53% dəqiqlik nisbəti əldə edilib. Tədqiqatda zəlzələnin gücünə təsir edə biləcək müxtəlif faktorlar nəzərə alınaraq məlumat toplusu yaradılıb. Zəlzələnin tezliyi, bölgənin yeraltı quruluşu və keçmişdəki ən böyük zəlzələnin gücü və s. kimi parametrlər təhlil edilib. Bundan əlavə, mütəxəssislər zəlzələ maqnitudalarının qiymətləndirilməsində kritik məlumat olan Qutenberq-Rixter “b” sabitini hesablamaqla modelin dəqiqliyini artırıblar. Araşdırma zamanı süni intellektin hazırlanması üçün zəlzələnin gücünə təsir edən müxtəlif amillər bir araya toplanılıb. Zəlzələnin dərinliyi və böyüklüyü arasındakı qarşılıqlı əlaqəni araşdıran tədqiqatçılar bölgənin yeraltı quruluşu və keçmişdəki ən böyük zəlzələlər haqqında məlumatlardan da istifadə ediblər. “Random Forest” adlanan alqoritmin zəlzələlərin proqnozlaşdırılmasında analoqlarından qat-qat effektiv olduğu müəyyən edilib. Araşdırma Birləşmiş Millətlər Təşkilatının (BMT) fəlakət riskinin azaldılması platforması “Prevention Web”də dərc edilib. Mütəxəssislər tarixdə görünməmiş dəqiqlik dərəcəsinə çatan alqoritmin süni intellektlə təbii fəlakətlərə qarşı ehtiyat tədbirlərinin alınmasında irəliləyişə səbəb olacağını bildiriblər. Təbii Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) İstanbulda baş verə biləcək hər hansı bir zəlzələ nəticəsində yaranacaq zərər və itkilərlə bağlı nəticələri süni intellektlə təhlil edərək hərtərəfli araşdırmalar apardığını açıqlayıb. AFAD Zəlzələ və Riskin Azaldılması Baş direktoru Orxan Tatar zəlzələ risklərinin qiymətləndirilməsində süni intellektdən istifadə məsələsinə toxunub: “Süni intellekt artıq həyatımızın hər sahəsinə daxil olub. Ona görə də nə qədər diqqətli olsaq da, ondan istifadə etməliyik. AFAD-RED sistemi ilə hazırlanan hesabatlar nə qədər insanın həyatını itirəcəyini, yaralananların sayını, dəymiş ziyanla bağlı məlumatları, kritik üst quruluşların və infrastrukturların dayanıqlığı ilə bağlı təxminlər edə bilər”.
Subyekt.az