![]()
Bu gün Kəlbəcərin igid oğlu, Azərbaycan zabiti Mahir Quliyevin doğum günüdür. Vətən uğrunda canını fəda edən qəhrəmanların taleyi zaman keçsə də unudulmur. Çünki tarix yalnız böyük sözlərlə deyil, torpaq uğrunda döyüşən insanların taleyi ilə yazılır. Mahir Quliyev də həmin talelərdən biridir — ömrünü Vətənə həsr edən, adını isə qəhrəmanlıq salnaməsinə yazdıran Azərbaycan zabiti.
1969-cu il 14 mart tarixində Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gələn Mahir Quliyev hələ uşaqlıq illərindən güclü xarakteri, məntiqi düşüncəsi və möhkəm iradəsi ilə seçilirdi. O, orta təhsilini Qılınclı kənd məktəbində almış, müəllimlərinin və sinif yoldaşlarının yaddaşında çalışqan və prinsipial bir gənc kimi qalmışdı. Bu xüsusiyyətlər sonradan onun taleyini müəyyənləşdirəcək, onu Vətənin müdafiəsinə aparacaqdı. Bu gün Quzeyçirkin kənd orta məktəbi onun adını daşıyır.
Orta məktəbi bitirdikdən sonra Mahir Quliyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. Hərbi təhsilini uğurla başa vurduqdan sonra xidmətini sovet ordusunun Kuybışev Hərbi Dairəsində davam etdirir. Lakin Azərbaycanın müstəqillik uğrunda ağır günlər yaşadığı dövrdə o, doğma torpağın müdafiəsi üçün Vətənə qayıdır.
Döyüş yolları
1992-ci ilin yazından etibarən Mahir Quliyev artıq Azərbaycan Ordusunun zabiti kimi ən gərgin döyüş bölgələrində xidmət edirdi. Onun rəhbərlik etdiyi kəşfiyyat dəstəsi keçmiş Ağcakənd rayonunun işğalçılardan təmizlənməsi əməliyyatlarında, həmçinin Laçın, Füzuli, Xocavənd və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə xüsusi fəallıq və əzmkarlıq nümayiş etdirdi.
Onun döyüş yolu yalnız hərbi əməliyyatlarla deyil, həm də şəxsi qeydləri ilə yadda qalıb. Mahir Quliyev cəbhədə yaşadıqlarını gündəliyində qeyd edir, döyüşlərin gedişini, əsgərlərin əhval-ruhiyyəsini və qarşı tərəfin vəziyyətini sanki canlı reportaj kimi təsvir edirdi. Bu qeydlər sonradan onun döyüş yolundan bəhs edən Dünya səni tanımadı kitabında toplanıb.
Gündəlikdə yazılan sətirlərdən biri belədir:
“Saat ikiyə on üç dəqiqə işləyib. Yenə hücuma keçirik. Buzluq kəndini almalıyıq…”
Bu qeydlər o dövrün gərgin döyüşlərini və Azərbaycan əsgərinin qələbə əzmini əks etdirir. Mahirin rəhbərlik etdiyi kəşfiyyat qrupları düşmənin mövqelərini dəqiq müəyyənləşdirir, əməliyyatların uğurla həyata keçirilməsində mühüm rol oynayırdı.
Əsgərlərinə bağlı komandir
Döyüş yoldaşlarının xatirələrinə görə Mahir Quliyev təkcə cəsur zabit deyil, həm də əsgərlərinə qarşı böyük qayğı göstərən bir komandir idi. Gizir Qalib Rəhimov onun haqqında belə deyirdi:
— Mahir əsgərlərini özündən çox sevirdi. Birinin ayağı burxulanda onun ürəyi ağrıyırdı. Aldığı maaşı cədvəl düzəldib mükafat kimi əsgərlər arasında bölüşdürürdü. O deyirdi ki, müharibədə qələbə əsgərin cəsarətindən və sevgisindən asılıdır.
Mahir Quliyev əsgərləri üçün yalnız komandir deyil, həm də dayaq idi. Onun üçün Vətənin müdafiəsi şəxsi həyatından və rahatlığından daha üstün idi. O, gündəliyində yazırdı ki, “Torpaq getsə, mənə heç nə lazım deyil”.
Şəhidlik zirvəsi
Baş leytenant Mahir Quliyev 1993-cü il 8 aprel tarixində Murovdağ ətəyində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. O zaman cəmi 24 yaşı vardı. Onun yarımçıq qalan gündəliyi isə döyüş yollarının, düşüncələrinin və arzusunun — Qarabağ uğrunda qələbənin — canlı şahidinə çevrildi.
Xatirəsi yaşayan qəhrəman
Mahir Quliyevin həyat yolu Azərbaycan əsgərinin iradəsini və vətənpərvərliyini simvolizə edir. O, haqqında deyilən böyük təriflərə isə həmişə sadə cavab verirdi:
— “Olsam-olsam, mən İbrahim oğlu Mahirəm, qardaş…”
Bu sözlər onun təvazökarlığını və Vətənə bağlılığını ən yaxşı ifadə edir.
Bu gün də onun xatirəsi ehtiramla yad edilir. Çünki torpağın azadlığı uğrunda canından keçənlərin adı tarixdə əbədi yaşayır. Mahir Quliyev də həmin igidlərdən biridir — Vətənə sipər olmuş bir Azərbaycan zabiti.

Subyekt.az