![]()
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi, veteranlarımızı və Ordumuzu qorusun.
Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng məbəd kompleksi VI–VII əsrlərdə tikilib.
Abidənin adı qədim türk dilindəki “Xuda” – Tanrı və alban-türk mədəniyyətinə aid “vəng” – məbəd sözlərinin birləşməsindən yaranıb və “Tanrı məbədi” mənasını ifadə edir.
Sonrakı dövrlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət, Xaçın knyazı Həsən Cəlal tərəfindən burada əsaslı bərpa işləri həyata keçirilmişdir. Xudavəngin adı birbaşa “Xaçının baş iqamətgahı və and yeri” kimi qeyd edilir.
Məbədin bütün divarlarında türklərə aid yazılar mövcud olub, tapılan arxeoloji qazıntılar zamanı əldə edilən əşyalar da sırf türklərin inancına uyğun nümunələr idi. Burada tapılan qılınc, bazubənd, təbərzin və digər silahların üzərində türk dilində yazılar olub. Alban xaçkarlarının üzərində də türk dilində yazılar və petroqramlar tapılıb.
Digər xristian mədəniyyətlərində xaç daha çox İsanın çarmıxa çəkilməsini, əzab və ölümü simvolizə etdiyi üçün daha həndəsi və sərt xətlərlə işlənir. Lakin burada biz qədim türklərin inanc sistemini aşkar görürük. Buradakı alban xaçdaşlarında xaç ölüm simvolu deyil, diriliş və “Həyat Ağacı” kimi təsvir olunur.
Eyni simvollar Qərbi Azərbaycandan Dərbəndə qədər, Bakıdan Təbriz və Borçalı torpaqlarınadək kifayət qədər geniş yayılıb.
Bu petroqramlar arasında qədim türk tayfalarına, o cümlədən sak-oğuz və xəzər-qıpçaq boylarına aid olan “dağ keçisi”, “günəş diski” və şamanist inanclardan gələn “Həyat Ağacı” simvolları üstünlük təşkil edir.
Kompleksin bəzi sütun başlıqlarında və tağlarında Tenqriçilik və totemizm dövrünə aid elementləri də görmək olur.
Əfsanəyə görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey, xalq arasında Dədə adı ilə tanındığı və bu kompleksdə dəfn olunduğu üçün buraya “Dədə vəngi” (Müqəddəs ata məbədi) də deyilib.
Dünya tarixində ilk dəfə qadın nəzarətində tikilən kilsələrdən biri hesab olunan Arzu xatun kilsəsi də burada yerləşir. Şərq və Qərb dünyasında memarlıq layihələri demək olar ki, tamamilə kişilərin adı ilə bağlı olduğu halda, qadın adına kilsənin burada olması coğrafiyamızda qadına verilən yüksək dəyərin göstəricisi kimi təqdim edilir.
Memar Sinanın Süleymaniyyə məscidinin tikintisi zamanı istifadə etdiyi formatın tarixdə ilk dəfə məhz Xudavəngdə tətbiq olunduğu bildirilir.
Kompleksi inşa edən memarlar kilsələrin günbəzə yaxın divarlarının içərisinə, ağızları içəri tərəfə baxacaq şəkildə boş gil küplər yerləşdiriblər. Keşişlərin oxuduqları dini nəğmələr və dualar bu küplərin içində əks-səda yaradaraq səs gücləndirici aparat effekti yaradırdı.
Mənbələrdə rast gəldiyim maraqlı bir nüans da var. Kompleksin altından meşəlik əraziyə çıxan gizli yeraltı keçidlər olduğu qeyd edilir. Bu gün həmin keçidlərin qalıb-qalmadığı məlum deyil. Lakin o dövrdə basqınlar zamanı əlyazmaları və digər önəmli əşyalar məhz bu yeraltı yollar vasitəsilə qorunurdu.
Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar — Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. — bu abidəni ucaldanların etnik mənsubiyyətinin türklüyünün dəqiq göstəricilərindən biri sayılır.
Ağdərədən və Basarkeçərdən gələn ermənilərin həmin yazıları balta ilə çaparaq məhv etdikləri və bununla da tarixi saxtalaşdırmağa çalışdıqları iddia edilir.
Hətta XIX əsrdə Rus Pravoslav Kilsəsinin Sinodunun qərarı ilə Alban katalikosluğu ləğv edildikdən sonra, erməni keşişləri tərəfindən məbədin unikal akustikasını təmin edən divardaxili gil küplərin içinə sement və gəc doldurularaq binanın ilkin memarlıq xüsusiyyətlərinin qəsdən korlandığı bildirilir.
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı yerləşdirilmiş, bir-birinin üstündə iki dairəvi xonça və Həyat Ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar, eləcə də kitabələrin işğal dövründə sökülərək Ermənistana aparıldığı qeyd olunur. Bildirilir ki, onlar bu gün Avropada “VII–XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında sərgilənir.
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq-planlaşdırma üslublarına görə unikaldır və yerli türk xalqlarına məxsusdur.

Prof. Dr. Zaur Əliyev
Subyekt.az