![]()
TRİPP layihəsinin reallaşdırılması Prezident Donald Tramp üçün yalnız Cənubi Qafqazdakı nəqliyyat layihəsi deyil, eyni zamanda, onun xarici siyasət irsinin mühüm elementlərindən biridir. Lakin əsas suallardan biri budur ki, Trampdan sonra hakimiyyətə Demokratlar gəlsə, ABŞ-nin bu layihəyə münasibəti necə olacaq? Demokratlar administrasiyasının Trampın adı olan layihəyə dəstəyi Trampın zamanındakı səviyyəsində qalacaqmı?

Subyekt.az xəbər verir ki , Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, TRİPP adlanan, əslində Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizi layihəsinin nə qədər mümkündür tez bir zamanda həyata keçirilib işlək hala gətirilməsi zəruridir: “Layihənin reallaşması üçün Azərbaycan tərəfi üzərinə düşən texniki işlərin böyük hissəsini görüb. Ermənistan tərəfi isə lazımi texniki, infrastruktur işlərini həyata keçirməyib.
Artıq Ermənistanda seçkilər iki aydan artıqdır arxada qalıb. Ona görə Paşinyan hökuməti TRİPP layihəsi ilə bağlı sözdən real işə keçməlidir. Bu məsələdə Trampın dəstəyi və lazımi digər təsir vasitələrini işə salması vacibdir. Hər keçən gün ABŞ-da prezident seçkilərinə qalan vaxtın azalması deməkdir. Tramp adının olduğu layihənin seçkiyə qədər tam olaraq həyata keçirilməsinə nail olmalıdır. Tramp TRİPP-i özünün Cənubi Qafqaz diplomatiyasının konkret nəticəsi kimi təqdim edir. Əgər TRİPP fəaliyyətə başlasa, Tramp bunu regionda sülh və iqtisadi inteqrasiyanın təmin edilməsinə yönəlmiş şəxsi diplomatik təşəbbüsünün uğuru kimi göstərə biləcək.
İkincisi, TRİPP ABŞ-yə Cənubi Qafqazda, bölgədə uzunmüddətli iqtisadi və strateji mövcudluq imkanı verir. Layihənin hüquqi və institusional mexanizmlərinin artıq formalaşdırılması, reallşdırılaraq fəaliyyətə başlaması onun ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq geri dönməzliyinin təmini demək olacaq”.
Ekspert hesab edir ki, Tramp indiki prezidentliyi dövründə TRİPP-in hüquqi bazasını yaratmaqla kifayətlənməyib, tikintinin və praktiki icranın başlanmasına nail olarsa, layihənin sonrakı ABŞ administrasiyası tərəfindən dayandırılması riskləri aradan qalxmış olacaq: “Çünki həmin vaxta qədər layihəyə ABŞ şirkətləri, investorları, Ermənistan, Azərbaycan və digər regional tərəflərin maraqları bağlanmış olacaq.
Hazırda proses bu istiqamətdə inkişaf edir. Ermənistan hökuməti iyul ayında TRİPP-in həyata keçirilməsi ilə bağlı qanunvericilik addımını təsdiqləyib. Azərbaycan tərəfi isə öz ərazisində layihə ilə bağlı infrastruktur işlərinin 2026-cı ilin sonunadək böyük ölçüdə tamamlanacağını açıqlayıb. Bu baxımdan Tramp üçün əsas məqsəd layihəni sadəcə “imzalanmış sənəd” kimi deyil, artıq geriyə dönüşü mümkün olmayan real layihə kimi formalaşdırmaq olmalıdır”.
Etibar Seyidağa
Subyekt.az