![]()
Öncəliklə, dost və qardaş Pakistan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik! Bu əlamətdar gün iki qardaş millətin Azərbaycan və Pakistanın bir-birinə bağlılığını, qarşılıqlı hörmət və dəstəyini bir daha xatırlatmaq üçün gözəl fürsətdir. Azərbaycan Respublikası dünyanın 177 ölkəsi ilə diplomatik əlaqələr qurub, ölkəmizdə isə xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir. Bu rəqəmlərin arxasında Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sülhə, beynəlxalq hüquq normalarına və dövlətlərin ərazi bütövlüyünə hörmətə əsaslanan ardıcıl siyasi kurs dayanır. Müasir Azərbaycan diplomatiyasının fərqləndirici xüsusiyyəti müxtəlif siyasi qütblərlə eyni zamanda qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qura bilməsidir. Qərb dövlətləri, türk dünyası, Mərkəzi Asiya ölkələri və digər tərəfdaşlarla balanslaşdırılmış münasibətlər saxlamaq hər dövlətə nəsib olan bacarıq deyil, lakin Azərbaycan illər boyu bunu ardıcıl şəkildə həyata keçirib. Türkiyə və türk dünyası ilə qardaşlıq münasibətləri Azərbaycanın xarici siyasətinin özəyini təşkil edir və genişlənməkdə davam edir. Gürcüstanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sabitliyin və mühüm nəqliyyat-enerji layihələrinin əsas dayaqlarından biridir. İranla son dövrdə qeydə alınan yaxınlaşma və qarşılıqlı hörmət mühiti xarici siyasətdəki ən diqqətəlayiq nailiyyətlərdən biri kimi dəyərləndirilir. ABŞ və Avropa Birliyi ilə siyasi dialoq təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində intensivləşib ki, bu da münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini əks etdirir. Eyni zamanda, Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi davam edir, sülh sazişlərinin həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biri olaraq qalır. Bu baxımdan çoxdan fəaliyyətini dayandırmış ATƏT Minsk Qrupunun buraxılması mühüm mərhələ kimi qeyd olunur. Çoxtərəfli səviyyədə Azərbaycan artıq sadəcə iştirakçı deyil, təşəbbüskar dövlət kimi çıxış edir: YUNESKO çərçivəsində mədəni irsin qorunması, COP29-un uğurla keçirilməsi və beynəlxalq təşkilatların seçkili orqanlarındakı ardıcıl uğurlar insan hüquqları, davamlı inkişaf, iqlim və humanitar əməkdaşlıq sahələrini əhatə edən çoxşaxəli xarici siyasətin təzahürləridir. Bu tərəfdaşlıqlar arasında Pakistanla münasibətlər xüsusi yer tutur. Müstəqilliyimizin ilk günlərindən Azərbaycan Respublikası və Pakistan İslam Respublikası qarşılıqlı etimad, həmrəylik və bir-birinə göstərilən sarsılmaz dəstək üzərində qurulan nümunəvi tərəfdaşlıq formalaşdırıb. İki müsəlman xalq bir-birini yalnız diplomatik tərəfdaş kimi deyil, qardaş xalqlar kimi qəbul edir. Diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində Pakistan Senatı yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləyən və Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Zəfər Günü tədbirləri çərçivəsində Pakistan tərəfinə Azərbaycanın işğaldan azad edilmiş ərazilər, 44 günlük Vətən müharibəsi və Şuşa əməliyyatı barədə ətraflı brifinqlər verilib, ölkənin bu mövqeyə göstərdiyi sarsılmaz dəstəyə xüsusi diqqət yetirilib. Türkiyə ilə yanaşı, Pakistan Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməkdaşlığında aparıcı tərəfdaşlardan biridir. Bu əməkdaşlıq 20 ildən artıqdır uğurla davam edir, yüzlərlə Azərbaycan hərbçisi Pakistan hərbi təhsil müəssisələrində təkmilləşdirmə kurslarında iştirak edib. Karaçi, Lahor və İslamabaddan Bakıya birbaşa uçuşların açılması iki xalq arasındakı məsafəni get-gedə azaldıb, yalnız keçən il 90 mindən çox Pakistan vətəndaşı Azərbaycana səfər edib. İki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Birgə Komissiya çərçivəsində təxminən 10 işçi qrup yaradılıb. Son dövrdə diqqət süni intellekt və rəqəmsal texnologiyalara da yönəlib — Pəncabın “CBD Punjab” kimi layihələri iki ölkə arasında biznes və investisiya əlaqələri üçün potensial mərkəz kimi nəzərdən keçirilir. Pakistanın Müasir Dillər üzrə Milli Universitetində (NUML) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yenidən açılıb, Azərbaycan Dillər Universitetində isə Pakistan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu qarşılıqlı institutlar gələcəkdə gənc nəsillər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Media sahəsində əməkdaşlıq da genişlənir, o cümlədən Pakistanın aparıcı media korporasiyaları ilə əlaqələr qurulub.
2021-ci ildən Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini icra edən Xəzər Fərhadov yuxarıda sadalanan nailiyyətlərin əksəriyyətində birbaşa iştirak edib. Onun fəaliyyəti klassik protokol diplomatiyasından kənara çıxaraq iqlim siyasəti, süni intellekt, media və şəhərsalma da daxil olmaqla geniş sahələri əhatə edir:
• O, Pakistan Baş naziri Şəhbaz Şərif tərəfindən qəbul edilib, görüş zamanı strateji ikitərəfli münasibətlərin müsbət inkişaf trayektoriyası müzakirə olunub;
• “Bakı Gözəlləşdirmə” komandasının Bakı modelindən ilhamlanaraq İslamabadda gördüyü işlər şəhərsalma və memarlıq innovasiyaları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açan hadisə kimi qeyd olunub;
• O, Pəncab əyaləti rəsmiləri ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib;
• O, Pakistanın “HUM Network” media korporasiyası ilə görüşərək mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verib.
Müasir Azərbaycan diplomatiyasının mənzərəsi göstərir ki, milli maraqların qorunması yalnız böyük güc mərkəzləri ilə münasibətlərlə məhdudlaşmır. Pakistan kimi tarixən sadiq tərəfdaşlarla qurulan çoxşaxəli əlaqələr ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi üçün eyni dərəcədə əhəmiyyətlidir. Səfir Xəzər Fərhadovun fəaliyyəti bunun konkret nümunəsidir: siyasi dəstəkdən hərbi əməkdaşlığa, texnologiyadan mədəniyyətə qədər hər sahədə ardıcıl işləyən diplomatik xidmət Azərbaycanın dünyada tanınmasına və milli maraqlarının lazımi şəkildə qorunmasına xidmət edir.


Pakistan Zindabad!
Fərid Mustafayev
Azərbaycan Torpaqşünaslar Cəmiyyəti İctimai Birliyinin sədr muavini, “Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyinin sədr müavini.
Subyekt.az