Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.
Azərbaycan xalqı tarix boyu yadelli işğalçılara qarşı ölüm-dirim mübarizəsi aparmış, istiqlal yolunda saysız-hesabsız şəhidlər vermiş, tarixə yenilməz şəxsiyyətlər bəxş etmişdir. XX əsrin əvvəllərində Azərbaycan xalqı özünün minlərlə cəsur oğlunun qanı-canı bahasına müstəqillik qazandı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirirdi.
Yüz il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, Məhəmməd Əmin Rəsulzadənin çiyindaşları – Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının rolu əvəzsizdir. Onların bu mübarizə, əzm dolu, şanlı həyat yollarına nəzər salaq:
Amalına və əməlinə sadiq insan Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov – Azərbaycanın görkəmli siyasi xadimi olmuşdur. Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920) idi.
Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina etdi və universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir. Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir.
O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yüzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış etmişdir.
Ə.Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O bu dövrdə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – “İttifaqi-əl-Müslimin” yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I-IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, “İttifaqi-əl-Müslimin” qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur.
1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi.
Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıl xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmmədov və b. yanaşı Ə.Topçubaşov da seçilmişdir. 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9-10-da Vıborqda iclas keçirdilər və “Vıborq müraciətnaməsi”ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Əlimərdan bəy Topçubaşov olmuşdur. Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur.
1917-ci il martın 5-də Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyət təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin sədri seçilmişdir. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşov və b. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyasəti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir. 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi – Ə.Topçubaşov da var idi.
Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırdı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri-azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir.
Ə.Topçubaşov 1918-ci il 30 mart – 1 apreldə Bakıda bolşevik və daşnakların sovet hakimiyyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi “sülh konfransı” nın iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F.Xoyskinin o dövrlərdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: “Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir”.
Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə “Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır”.
Əlimərdan bəy Topçubaşov 8 noyabr 1934 cü ildə Paris ətrafında, vəfat etmişdir. Onun məzarı Sen Klu şəhər qəbiristanlığında yerləşir.
Türk qafalı cəsur adam – Əhməd bəy Ağaoğlu heysiyyətli və möhtəşəm bir mütəfəkkir, mərd və cəsur mübarizə adamı, professor və maarifçi, usta qəzetçi yazar, dürüst siyasətçidir. Hürriyyət və demokratiya aşiqi bir insan, milliyyətçi və inqilabçı ziyalı, vəfalı dost, gözəl ailə başçısı və şəfqətli atadır. Yəni insanlığın bütün üstün cəhət və məziyyətlərini öz simasında toplamış böyük insan, heykəlləşmiş şəxsiyyətdir. Əhməd bəy Ağaoğlu türk və qəzetçi yazar olaraq yüz illərlə içimizdə yatan milliyyət şüurunu oyandırmaq üçün səsi gəldikcə bağırdı. O, insanlığın az rastlaşdığı zənginliklərdəndir. Alimdir, jurnalistdir, mübarizdir, olduqca zəki biridir. Bunların hamısını bir yana qoyuram, o, insandır, bütövləşmiş bir insan. Əhməd bəy Ağaoğlu türk dünyasının, xüsusən də Azərbaycan türklərinin bütün dövrlərdə minnətdar olacağı bir insan”. Əhməd bəy Ağaoğlu haqqında bu fikirlərin müəllifləri türk tədqiqatçı alimləri, ictimai-siyasi xadimləri – Fəxrəddin Gülsevən, Peyami Səfa və Şükufə Nihaldır.
Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.
1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.
1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.
Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan “İslam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir. 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyətində o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə – Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir. Ə.Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq “Difai” adlı özünümüdafiə təşkilatı yaradır.
1904-cü ildə “Bir xanım” imzası ilə “Şərqi-Rus” a göndərilən məktubda müəllif Qurandakı “ən-Nisa” surəsinin 31-ci ayəsinin məzmununu “nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq” kimi mülahizə edib, yazırdı: “Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar…”
Müəllif, “Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz” – deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiə məzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: “Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?” Osmanlı imperiyasında geniş vüsət almış “Gənc Türk” inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir.
1909-cu ilin Oktyabrında İstanbul Darülfünunda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.
1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad və Tərəqqi təşkilatının “Mərkəzi Ümumisinin” üzvü olmuşdur.
1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.
Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin “Hakimiyyəti-Milliyə” qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində çalışmışdır. Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir. Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.
Azərbaycanlı pedaqoq, siyasətçi, hərbçi, öz əvəzedilməz ictimai fəaliyyəti ilə tanınan vətən fədailərindən biri də Yusif Ziya Talıbzadədir.
Yusif Ziya Talıbzadə 1877-ci ildə Tiflisdə anadan olmuşdur. O, 1899-cu ildə Bakıya gəlmiş, Nəriman Nərimanovla, Hacı Zeynalabdin Tağıyevlə yaxınlaşmış və fəaliyyətə başlamışdır.
1900-cü ildə Bakıda, “rus-tatar” məktəbinə şəriət müəlimi təyin olunduqdan sonra Azərbaycan dilinin qrammatikasına aid “Təhsili-qəvaid” (1901) adlı o zaman üçün qiymətli bir kitab çap etdirir, həmin dövrdə N.Nərimanovun “Nadir şah”ını fars dilinə çevirir. Əsrin əvvəllərində milli mətbuatın “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Yeni Füyuzat”, “Şəlalə” kimi orqanlarında “Axund Yusif Talıbzadə” imzası ilə məqalələri çap olunur. İslam dini məsələlərinə dair 10-dan artıq kitabçası da bu dövrdə çapdan çıxmışdır. Yusif Ziya bədii ədəbiyyatla da maraqlanmışdır, milli ruhda şeirlər yazmış, “Ərmənusə” və “Əmir Xalid” faciələri 10-cu illərdə səhnəyə qoyulmuşdur. 1907-ci ildə Quranın Azərbaycan türkcəsində nəşr edilmiş üç cildlik nüsxəsini Türkiyə soltanı II Əbdülhəmidə hədiyyə aparmağı Hacı Zeynalabdin Tağıyev Yusif Ziyaya etibar etmişdir. 1910-cu ildə o, Türkiyəyə getmiş və bu münasibətlə “Türkiyə məktubları” nı çap etdirmişdir.
1911-ci ildə Müsavat partiyasının yaranmasında fəal iştirak edən ilk üzvlərdən olmuşdur. 1912-ci ildə Türkiyəyə köçərək hərbi təhsil almış, Balkan müharibəsində, Birinci dünya müharibəsində, Kars-Ərdəhan cəbhəsində türk ordusu sıralarında ruslara, ermənilərə qarşı qəhrəmanlıqla vuruşmuş, 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıtmışdır. Demokratik Azərbaycan Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərmişdir. 1919-cu ildə Osmanlı dövləti nümayəndə heyətinin başçısı kimi Təbrizə getmiş, orada həmkarları ilə Cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən “İttihadi-islam” cəmiyyətini yaratmışdır. Qızıl Ordunun Azərbaycanı istilasından sonra Azərbaycan-İran sərhəddində tutulsa da, Moskvanın razılığı, N.Nərimanovun zəmanəti ilə azad olunaraq Naxçıvana hərbi komissar təyin edilmişdir. Lakin erməni daşnaklarının Naxçıvan torpaqlarına qarşı iddialarına tərəfdar münasibət bəsləyən Sovet hökumətinin siyasətinə etiraz əlaməti olaraq ailəsi ilə bərabər Bakıya qayıtmış, N.Nərimanovun köməkliyi ilə buraxılış vəsiqəsi alaraq Türküstana yola düşmüşdür. Türküstanda basmaçılar hərəkatına qoşularaq qırmızı rus ordusuna qarşı vuruşmalarda iştirak etmiş, basmaçılar hərəkatının başcısı Ənvər paşanın müavini olmuşdur.
Y.Z.Talıbzadə 1923-cü il may ayının 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanmış, Amu-Dərya çayını üzüb keçərkən boğularaq həlak olmuşdur.
İsiqlal yolçusu Fətəlixan İsgəndər oğlu Xoyski – Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk baş naziri və daxili işlər naziri təyin edilmişdir, bundan başqa AXC-nin hərbi naziri, ədliyyə naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır.
Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olmuşdur. Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.
Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi, və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli şurası adlandırdılar. Milli şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.
Ertəsi gün Milli şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bəndi idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F.X.Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi. Radioqramın mətni belə idi:
“Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma,
Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva,
Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen
Xarici işlər nazirinə
Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətini elan etmişdir. Azərbaycan Respublikası yaradılmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumət müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.
İmza Fətəli xan Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”.
Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi, qatillər “Daşnaksütun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər, onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Aynur Turan
Subyekt.az