![]()
Bu gün ömrünün 75-ci ilini tamamlayan dəyərli ziyalı, təcrübəli dövlət xadimi, uzun illər Kəlbəcər rayonunun ictimai-siyasi həyatında mühüm rol oynamış Sahib Əkbərovun əlamətdar yubileyidir.

Kəlbəcər torpağı tarix boyu Vətəninə sədaqətlə xidmət edən, dövlətçilik ənənələrini uca tutan, çətin zamanlarda xalqının yanında dayanmağı özünə mənəvi borc bilən şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərdən biri də ömrünü dövlət idarəçiliyinə, xalqına və doğma Kəlbəcərinə xidmətə həsr etmiş Sahib İsmayıl oğlu Əkbərovdur.
1951-ci il iyulun 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində dünyaya göz açan Sahib Əkbərov zəhmətkeş ailə mühitində formalaşmış, gənc yaşlarından əmək fəaliyyətinə başlamış, sonrakı illərdə isə inşaat mühəndisliyi, politologiya və iqtisadiyyat sahələrində ali təhsil alaraq öz bilik və bacarığını dövlət idarəçiliyində uğurla tətbiq etmişdir.
Onun əmək yolu müxtəlif məsul vəzifələri əhatə etsə də, fəaliyyətinin əsas mahiyyətini dövlətə sədaqət, xalqa xidmət və Vətən qarşısında məsuliyyət təşkil etmişdir. Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi daşıdığı yüksək məsuliyyətli vəzifələrdə daim dövlət maraqlarını üstün tutmuş, vicdanlı və prinsipial idarəçilik nümunəsi göstərmişdir.
Xüsusilə Kəlbəcərin işğalından sonra məcburi köçkünlük həyatının ən ağır və mürəkkəb dövründə on il ərzində Kəlbəcər Rayon İcra Hakimiyyətinə rəhbərlik etməsi onun xidmətlərinin ən yaddaqalan səhifələrindən biridir. Həmin illərdə minlərlə kəlbəcərlinin sosial problemlərinin həlli istiqamətində görülən işlər, insanların məişət qayğılarının aradan qaldırılması, Bakıda kəlbəcərli məcburi köçkünlər üçün qəbiristanlıq sahəsinin ayrılması, xeyir-şər mərasimlərinin keçirilməsi üçün münasib məkanların yaradılması və digər mühüm sosial təşəbbüslər Sahib müəllimin insanlara olan diqqət və qayğısının bariz ifadəsi idi.
O, yalnız inzibati rəhbər deyil, həm də insanların dərdinə şərik olan, soydaşlarının sevincini və kədərini bölüşən, doğma yurd həsrətini onlarla birlikdə yaşayan bir ziyalı kimi yaddaşlarda yaşayır. Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış kəlbəcərlilərin problemlərinə biganə qalmamış, imkanları daxilində hər bir soydaşına dəstək göstərməyə çalışmışdır.
Bu gün Kəlbəcər artıq azaddır. Uzun illərin həsrətindən sonra doğma yurd öz sahiblərinə qovuşur. Bu mənada Sahib müəllim kimi ömrünü Kəlbəcərin adına, taleyinə və insanlarına bağlamış insanların ən böyük mənəvi mükafatı məhz doğma torpağın yenidən azad nəfəsini duymaqdır.
Ömrünün 75 ili dövlətə, dövlətçiliyə və doğma Kəlbəcərə vicdanla xidmət nümunəsi olan Sahib Əkbərovun həyat yolu gənc nəsil üçün məsuliyyət, sədaqət və vətənpərvərlik məktəbidir.
Subyekt.az kollektivi adından dəyərli Sahib müəllimi 75 illik əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, əmin-amanlıq və doğma Kəlbəcərdə sağlam, firavan və xoş günlər arzulayırıq.
75 illik yubileyiniz mübarək olsun, hörmətli Sahib müəllim! Tanrı Sizə Kəlbəcərin azad səmasında uzun və mənalı ömür nəsib etsin.

Rövşən Hüseynli
Subyekt.az