![]()
12 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin məzunları və yeni seçilmiş üzvləri ilə görüşüb.
Görüşdə Məclisin fəaliyyəti, əldə olunan nəticələr, uşaqların hüquqlarının müdafiəsi və onların ictimai həyatda fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin uşaqların şəxsi inkişafı, liderlik keyfiyyətlərinin formalaşması və yeni təcrübələr qazanması baxımından Dövlət Komitəsinin ən uğurlu layihələrindən biri olduğunu vurğulayıb.
O, Məclisin hər bir üzvünün Azərbaycan gəncinin parlaq və layiqli nümunəsi olduğunu qeyd edərək, məzunların burada qazandıqları bilik və təcrübənin gələcək həyatlarında mühüm rol oynayacağına diqqət çəkib.
Məclisdə fəaliyyəti başa çatmış səfirlərə gələcək fəaliyyətlərində uğurlar arzulayan A. Sofiyeva onlara öz potensiallarını reallaşdırmaq üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Daha sonra Məclisin fəaliyyətinə verdikləri mühüm töhfəyə görə məzunlara təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, Uşaq Səfirlər Məclisində fəaliyyətini başa çatdırmış məzun səfirlərin hər biri dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan üçü “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın” iştirakçısı adını qazanıblar.
Görüşün davamında sınaq müddətini uğurla başa vuraraq Uşaq Səfirlər Məclisinin yeni üzvləri seçilmiş səfirlərlə fikir mübadiləsi aparılıb. Sədr müavini yeni səfirlərə Məclisin fəaliyyətində fəal iştirak etmələri, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə vermələri və uşaqların hüquqlarının müdafiəsi istiqamətində təşəbbüslərlə çıxış etmələri ilə bağlı tövsiyələrini verib.
Səfirlər göstərilən etimada görə təşəkkürlərini bildirərək Azərbaycan uşaqlarının səsi olacaqlarını, onların hüquq və mənafelərinin müdafiəsində fəal iştirak edəcəklərini, eləcə də uşaqların qarşılaşdıqları problemlərin həllinə öz töhfələrini verəcəklərini qeyd ediblər. Yeni səfirlər, həmçinin müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəal iştirak edəcəklərini bildiriblər.
Yekunda yeni səfirlərə üzvlük kartları təqdim edilib,xatirə fotosu çəkilib.
Subyekt.az