![]()
Hamımız bu Vətənin övladlarıyıq. Əksəriyyətimiz bu dövlətin vətəndaşıyıq. Əksəriyyətimizin din mentaliteti eyni, milli mentalitetimiz çox yaxındır. O halda uyğun gəlməyən bir məsələ var: ölkənin keçmişinə və gələcəyinə baxış!
Mən aydın, mütərəqqi, gələcəyə sağlam baxışı olan insanları həmişə fərqləndirirəm və dəstəkləməyə çalışıram. Dəstəyin çeşidli formaları var, onları sadalamaq istəmirəm. Geridə qalmış insan görəndə isə ilk öncə aydınlatmağa çalışıram, anlamadıqda isə həm həyatda, həm də virtual aləmdə dostluğumdan uzaq tutmağa çalışıram. Çünki XXI əsrdə təhsilindən, titulundan asılı olmayaraq geriliyi tərənnüm edən hər kəsi gözümdə Axundovu, Həsən bəyi, Sabiri çərlədən, Seyyid Əzimi öldürən kütlənin adamı olaraq görürəm. İrançılığın əsl ideoloji yemidir bunlar. Burada, əlbəttə, Azərbaycan dövlətinə bağlı insanları nəzərdə tutmuram. Bir kateqoriya da var ki, məhz onlar mahiyyətcə Azərbaycan dövlətinə nifrət edirlər.
İndi görün həmin o Qum şəbəkəsi bizim sosial şəbəkə məkanında necə sistemli işləyir. Növbəti yalan informasiyanı əvvəl səhifələrin birində paylaşırlar, sonra bizim mətn oxumağa alışmamış milli qaragüruhu səhifəyə cəlb edirlər, ardınca da ayrı-ayrı adamlar vasitəsilə paylaşımlar edib, yenə də kütləvi psixoz durumu yaradırlar.
İndi baxıram, “Bizim Yol” adlanan səhifə paylaşıb ki, bəs F. Mustafa “Ş. İ. Xətai” ordeninin ləğvini təklif edib. Ardınca da Anar Soltanoğlu profilli Qumcuq paylaşaraq trolları öz səhifəsinə söyüş söyməyə cəlb edib. Bu təklif harada, nə vaxt, niyə deyilib – kimsəni maraqlandırmır. Deməli, belə bir təklif ümumiyyətlə irəli sürülməsə də, dərhal sürü kimi axışıb əleyhimizə yazırlar.
Sadəcə, statusum imkan vermir, bu şəbəkənin mediada, siyasi partiyalarda, universitetlərdə, AMEA-da necə kök saldığını açıq yazım. Dərindən bildiyimə görə, bir şeyi deyə bilərəm ki, gələcəyimizin hansı təhlükələrə düçar olacağını sətiraltı etdiyim xəbərdarlıqlardan da nəticə çıxarmaq istəyənlər yox səviyyəsindədir.
Bunu dostlar üçün deyirəm, mənim hansısa bir açıqlamam belə Azərbaycan dövlətinin ali maraqlarına zidd ola bilməz. Söylədiklərim və yazdıqlarımın hamısının arxasındayam. Hamı kimi başını girələməyə nə var…
Bakıda Səfəviçi olanların, İstanbulda necə Osmanlıçı, Atatürkçü olduğunu çox görmüşəm. Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda çox ciddi faktlarla yazmışam.
Azərbaycançılıq – Azərbaycan dövlətinin maraqlarına xidmət etməkdir.
Sosial şəbəkədə Qumcuqların bizim sadəlövh və yetkin olmayan azərbaycanlıları necə idarə etdiklərini ağıllı insanlarımız dərhal sezə bilər. Bunun mənə hansısa zərəri yoxdur, çünki millətimin faydasına olanları söyləməkdən şəxsimi heç nə çəkindirməz.
Ancaq duyğularınızdan istifadə edərək ölkədə öz ideoloji təbliğatını genişləndirən düşmən qüvvələrinin əlində alətə çevrilməniz həqiqətən üzücüdür.
Subyekt.az