Efirdən gələn və gəlməyən səslər: Kifayət UMUDQIZI
Bir səsin həsrətindən boylanan həmkarım, 6 noyabr həm də sənin günündü… Amma sən yoxsan…
6 noyabr Azərbaycan Televiziyası və Radiosu günüdür. Biz kəsim nəslinin həyatında radionun rolu daha böyük olub. Demək olar ki, hər birimizin xatirinə səslərindən sevdiyimiz peşəkar jurnalistlərin adları həkk olunub.
Radio deyəndə, özümdən qeyri-ixtiyarı yadıma Kifayət Umudqızı düşür.
Bu gün Sizin gününüzdü, Kəlbəcər sevdalı, kəm ömürlü, nakam taleli “qara qızımız”! Axı, siz idiniz məcburi köçkünlük illərində ah-ünümüzü, yurdusuzluq fəryadımızı radiodan dünyaya yayan, dilə gətirən.
Dərin bir kədər çökmüşdü çöhrəsinə. Qəribliyin izi səsindən başlamış, tellərinə qədər sirayət eləmişdi. Tale də üzünə gülməmiş, çiyinlərinə ağır yük qoyub gedən atasınn, anasının sonra isə qardaşının dərdi, yurd nisgilli qamətini əymişdi Kifayət xanımın. Xanımlıqdan əsər-əlamət yox idi çöhrəsində. Tanrı elə bil ki, ona xoşbəxt omağı qıymamışdı. Elə DƏRD üçün yaratmışdı sanki.
Bu ağrı-acılı taleyin içində özün unutmuşdu. O, əslində, müəllifi olduğu verilişlərdə heç vaxt Kəlbəcərimizi, kəlbəcərlilərimizi isə unutmadı. Unudulmağa qoymadı. Hər əlamətdar, tarixi günlərdə, yaxud işğal tarixlərində yolunu məcburi köçkünlərin yığcam məskunlaşdığı yataqxana və düşərgələrdən salardı. Didərgin müsahibi ilə yanaşı, özünün də göz yaşları sel olardı.
Həmkarı Almaz xanım Cəfəova da Kəlbəcər sevdalı idi. Bu sevgini ilk növbədə Kifayət bacımız onda yaratmışdı, əsil kəlbəcərliliyi ilə. Almaz xanım o yerləri – cənnət məkanı gözləri ilə görməsə də, vurğun idi Kəlbəcərə.
Kifayət Umudqızına nəsib olmasa da, Almaz xanım torpaqlarımızın işğaldan azad olunduğu xəbəri eşidib sonra bu etibarsız, vəfasız dünyaya əbədi vida dedi. Yerləri behişt olsun! Ömrünün son günlərində məni soraqlamışdı Almaz xanım. Telefonda mənə gözaydınlığı vermişdi. Kifayət Umudqızının bu Zəfərli günlərimizi görmədiyini təəssüflə xatırlatdı və kövrəltdi məni də o gün…
Kifayət Umudqızı çox savadlı, qələmini sevdirən, peşəkar radio jurnalisti idi. Hələ Kəlbəcərdə olan illərdə “Yenilik” rayon qəzetində çalışdığı müddətdə, eyni zamanda yerli radio verilişlərinin həm müdiri, həm də aparıcısı olmuşdu. Burada, Azərbaycan Radiosunda işə başlayandan həm də özünün ədəbi-bədii düşüncələrini qələmə alır, “Qərib gecələr”in qonaqlarından aldığı müsahibələri bir kitaba çevirmişdi. Bir dəfə görüşəndə özünün qələmə aldığı “Həsrət oddu” adlı hekayəsinin bir nüsxəsini mənə bağışlamışdı. Müharibə illərindən, nakam sevgidən bəhs edən hekayəyə sanki öz talehini sığışdırmışdı.
Heyf! Onun səsi ilə Qarabağımızın işğaldan azad edildiyi xəbər qaranquş kimi qanad çalmalıydı. Olmadı.
…Adını ehtiramla çəkib yad edirəm, gülüşünü Kəlbəcərə saxlayıb, didərginlik illərində DƏRD əlində ləlik olan elqızım mənim. Allahdən sənə və Almaz xanıma rəhmət diləyirəm. Bu dünyada üzünüz gülmədi. Əbədiyyətiniz işıqlı olsun!
Dərin hörmətlə:
Nigar İMAMVERDİQIZI (Qaybalıyeva),
”Yenilik-press” qəzetinin redaktor müavini
Subyekt.az