![]()
Bu gün Xalq şairi Nəriman Həsənzadə Haqqın dərgahına qovuşdu.
Bu vida onu sevən hər kəsi kədərləndirdi. Amma bu gedişin içində qəribə bir təsəlli də boylandı…
Elə bil illərin həsrəti bitdi.
Elə bil Nəriman müəllim öz Sarasının görüşünə getdi.
Şeirlərinə hopan nisgilin, həsrətin, sədaqətin ünvanı Sara idi.
İnsan cismən bu dünyadan köçəndə zaman onu yavaş-yavaş yaddaşlardan silməyə başlayır. Amma geridə Nəriman Həsənzadə kimi sadiq bir aşiqin varsa, unudulmursan. O zaman sən təkcə bir insan olmursan. Sözə çevrilirsən. Xatirəyə dönürsən. Hər misrada yenidən doğulursan.
Biz Nəriman Həsənzadəni sevdik.
Onun misralarından öz adı ilə boylanan Saranı da sevdik.
Heç vaxt görmədiyimiz, tanımadığımız bir qadın idi. Amma şair onu elə sevdi, elə yaşatdı ki, Sara artıq təkcə Nərimanın yox, bütün oxucuların yaddaşında özünə yer tapdı.
Bəlkə də insan ömrünün ən böyük qazancı elə budur…
Adının şöhrətlə deyil, yoxluğunda belə sevgi ilə anılması.
Şair o yoxluğa cild-cild kitablar, misra-misra həsrət yazdı.
“Tək çəkə bilmirəm can əzabını…”
Bu bir misra idi…
Amma o misranın arxasında bir ömür vardı.
Nəriman Həsənzadə deyəndə gözlər önündə həmişə iki insan canlanırdı…
Nəriman və Sara…
Mən həmişə düşünmüşəm ki, insan həyatda çox şey qazana bilər.
Ad…
Şöhrət…
Mükafat…
Oxucu sevgisi…
Amma bunların heç biri sənin adının bir başqa adla qoşa çəkilməsi qədər qiymətli deyil.
Çünki bəzi insanlar dünyadan tək köçürlər.
Amma yaddaşlarda heç vaxt tək qalmırlar.
Bəlkə də sevda elə bu idi…
Nəriman Həsənzadə, sanki, bütün kitablarının, bütün misralarının arasında bir qovuşma gizlətmişdi.
Bu gün o qovuşmanın günü gəldi.
Gözün aydın, ayrılıq…
Gözün aydın, Sara…
Ömrünü sənə sədaqətlə həsr edən bir ürək gəlir görüşünə…
Və mən bu gün bir daha anladım ki, sevgi təkcə qovuşmaq deyil.
Sevgi ayrılığın iztirabında da eyni sədaqətlə yaşaya bilməkdir.
Sevgi illər keçsə də, bir insanı ürəyində ilk günkü kimi yaşatmaqdır.
Bəzi sevgilər nə ömürlə bitir, nə də ölümlə…
Onlar sadəcə əbədiyyətə qovuşurlar.
Bu gün oxucular sevdiyi şairi itirdi.
Azərbaycan ədəbiyyatı böyük bir söz adamını itirdi.
Amma məncə, bu gün sevgi də özünün ən sədaqətli yolçularından birini yola saldı.
Bəzən insanın ən böyük əsəri yazdığı kitablar olmur. Bir ömür sədaqətlə yaşatdığı sevgisi olur.
Nəriman Həsənzadə təkcə böyük bir qələm sahibi deyildi.
O, bizə sevginin sədaqətlə yaşanmasının ən gözəl nümunəsini qoyub getdi.
Tək olub qoşa anılmağın…
Allah rəhmət eləsin, ustad.
İnanıram ki, bu gün sözün bitdiyi yerdə həsrət də bitdi…

AJB-nin üzvü
Nigar Qaybalıyeva
Subyekt.az