![]()
Sovet İttifaqı dağılanda çoxları elə düşündü, imperiya da onunla birlikdə tarixə qarışdı. Ancaq belə görünür, dövlətlər bəzən bir gündə dağılır, imperiya düşüncəsi isə onilliklərlə yaşayır.
Bayraqlar dəyişir, himnlər dəyişir, sınırlar beynəlxalq hüquqla tanınır; lakin keçmiş mərkəzlə keçmiş əyalət arasındakı psixoloji münasibət bəzən olduğu kimi qalır.
Keçmiş Sovet respublikaları artıq tam suveren siyasi subyektlər kimi qəbul olunurmu, yoxsa hələ də hansısa güc mərkəzlərinin “təbii təsir dairəsi” sayılır? – IV Şuşa Qlobal Media Forumunda səslənən fikirlərə postsovet məkanının dünəni, bugünü və sabahı prizmasından baxanda əsas sual da bax elə budur.
Sovet İttifaqı rəsmi ideologiyada xalqlar dostluğu, bərabərhüquqlu respublikalar birliyi kimi tanıdılır, öyrədilirdi. Gerçəklik isə əlbəttə, daha mürəkkəb və fərqliydi.
Siyasi qərarlar mərkəzdə qəbul olunur, iqtisadi model mərkəzin ehtiyaclarına uyğun qurulur, milli tarixlər ideoloji qəlibə salınır, dillərin fəaliyyət sahələri daraldılır, yerli elitalar daim nəzarətdə saxlanılırdı.
Formal olaraq respublikalar vardı, faktiki olaraq isə sərt mərkəzə bağlı siyasi ərazilər mövcud idi.
Bu anlamda SSRİ klassik Avropa müstəmləkəçiliyindən forma etibarilə fərqlənsə də, mərkəz-əyalət münasibəti, resursların idarə olunması, siyasi itaət və mədəni assimilyasiya baxımından kolonial cizgilər daşıyırdı.
Azərbaycanın XX yüzildə yaşadığı faciələrə – 20 Yanvara, deportasiyalara, sınırlarımızın məqsədli şəkildə problemli qurulmasına, Qarabağın işğalının uzun illər bir imperiya mirası kimi saxlanmasına bu kontekstdən baxmaq gərəkdir.
Qarabağ düyünü, heç şübhəsiz, imperiya mühəndisliyinin nəticəsi idi.
Keçmiş SSRİ məkanındakı münaqişələrin, savaşların bir çoxu təsadüfi yaranmamışdı. Qarabağ, Abxaziya, Güney Osetiya, Dnestryanı bölgə və başqa münaqişələr, gərginliklər və savaşlar mərkəz dağılarkən arxada saxlanılan geosiyasi düyünlər idi.
Bu düyünlərin ortaq xüsusiyyəti vardı: yeni müstəqil dövlətlərin tam suverenliyini əngəlləyir, onları keçmiş imperiya mərkəzinin vasitəçiliyinə və təhlükəsizlik sisteminə möhtac saxlayırdı.
Azərbaycan bu sistemi öz gücü ilə dəyişən ilk dövlətlərdən oldu.
2020-ci il Vətən müharibəsi və 2023-cü ildə suverenliyin tam bərpası postsovet məkanında çox önəmli tarixi presedent yaratdı. Azərbaycan göstərdi ki, “dondurulmuş münaqişə”, “status-kvo”, işğal və s. bəd əməllər əbədi siyasi hökm deyil.
Örnək versək, Şuşa bu baxımdan yalnız qurtarılmış şəhər sayılmamalıdır; o, postsovet məkanında imperiya tərəfindən yaradılmış “status-kvo”nun dağıldığı nöqtədir.
Gəlin bu yerdə Rusiya-Ukrayna müharibəsinə – imperiya keçmişi ilə milli gələcəyin savaşına diqqət edək.
Rusiya-Ukrayna müharibəsinə yalnız Moskva ilə Kiyev arasında hərbi qarşıdurma kimi baxmaq yetərli sayılmaz; burada daha dərin tarixi qarşıdurma mövcuddur: imperiya təsəvvürü ilə milli suverenlik prinsipi üz-üzədir.
Bir tərəf keçmiş ortaq dövlətçiliyi yeni siyasi asılılıq üçün əsas sayır; digər tərəf isə beynəlxalq hüquqa əsaslanan müstəqil gələcək istəyir.
Azərbaycanın mövqeyi prinsipial və aydındır: dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri toxunulmazdır. Bu mövqe bizim öz tarixi təcrübəmizdən doğur.
Biz işğalın nə olduğunu bilirik.
Biz ikili standartın nə olduğunu bilirik.
Biz beynəlxalq qərarların kağız üzərində qalmasının nə demək olduğunu da bilirik.
Ona görə Azərbaycanın həm Quzeyində, həm Güneyində tezliklə barışın (özü də ədalətli barışın!) bərqərar olunmasını istəməsi təsadüfi deyil; Prezident İlham Əliyevin Forumda vurğuladığı kimi, əldə ediləcək barış beynəlxalq hüquqa söykənməlidir.
Adil olmayan barış sadəcə növbəti savaşın fasiləsidir.
Bizim Rusiya ilə münasibətimiz, belə deyək, nə itaətdir, nə də düşmənçilik.
Bizim Rusiya siyasətimizin əsas fərqi onun emosional ifratlardan uzaq olmasıdır. Azərbaycan nə keçmiş imperiya kompleksinə təslim olur, nə də coğrafi və tarixi gerçəklikləri görməzdən gəlir.
Ərazicə dünyanın ən böyük ölkəsi olan Rusiya bizimlə qonşudur. Rusiya BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 daimi üzvündən biri, ən çox nüvə başlığına sahib dövlətdir.
Azərbaycan isə qürurlu müstəqil dövlətdir. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi yenicə bərpa etmişik; bununla belə dövlətçilik tariximiz Rusiyadan çox-çox öncələrdən başlayır.
Sağlam, ağıllı münasibətin düsturu məhz bu iki həqiqətin eyni anda qəbul edilməsindən (Səlcuqlu xanədanlığında deyildiyi kimi uhulətli-suhulətli yanaşmadan) keçmirmi?
Bakı Moskva ilə suveren bərabərliyə və milli maraqlara əsaslanan münasibət qurmaq istəyir. Ancaq keçmiş Sovet məkanına “öz həyət”i, nə bilim, “arxa bağça”sı kimi baxan yanaşma ilə qətiyyən razılaşa bilmərik.
Çünki dövlətlərin böyüyü-kiçiyi ola bilər, suverenliyin böyüyü-kiçiyi olmur.
Biz Güney Qafqazı imperiyalar arasında ərazi olmaqdan daha üstün – siyasi subyektlər məkanı kimi görürük.
Uzun illər Güney Qafqaza ayrı-ayrı güclər, imperiyalar arasındakı rəqabətin obyekti kimi baxılıb. Halbuki bölgənin öz dövlətləri, xalqları və maraqları vardır.
Azərbaycanın son illərdə yaratdığı yeni durum bölgənin obyektlikdən subyektliyə keçməsi baxımından tarixi önəm daşıyır.
Bakı deyir, Güney Qafqazın gələcəyini ilk növbədə bölgə dövlətləri qurmalıdır.
Bu yanaşma ermənilər üçün də tarixi fürsətdir. Erməni hökuməti ya keçmişin forpost məntiqindən çıxacaq, ya da xarici mərkəzlərin geopolitik aləti kimi yeni qarşıdurmalara sürüklənəcək.
Gürcüstan da oxşar seçim qarşısındadır: bölgəsəl işbirliyi və dəngə, yoxsa böyük güclərin qarşıdurma meydanına çevrilmək? – Tarixi seçim də məhz bundan ibarətdir…
Bax, elə bu yerdə belə bir sualı xatırladaq: postkolonializm, neokolonializm yalnız Batıya aid anlayışdırmı?
Dünyada müstəmləkəçilik haqqında danışarkən əsasən Batı Avropa imperiyaları nəzərdə tutulur. Fransa, Britaniya, Belçika, Niderland və başqa ölkələrin kolonial keçmişi geniş araşdırılır. – Araşdırılsın da, lakin bəs nə üçün Rusiya imperiyası və Sovet dönəminin mərkəzləşdirilmiş hakimiyyət modeli postkolonial araşdırmalarda eyni dərəcədə incələnmir?
Bax, bu, elmi və siyasi baxımdan natamam yanaşmadır.
Əgər bir mərkəz başqa xalqların siyasi iradəsini məhdudlaşdırır, resurslarını idarə edir, milli kimliyini yenidən biçimləndirir, dilini sıxışdırır və sınırlarını öz strateji məqsədlərinə uyğun qurursa, bunun adı hansı ideoloji bayraq altında baş verməsindən asılı olmayaraq imperiya siyasətidir.
Azərbaycanın Bakı Təşəbbüs Qrupu vasitəsilə neokolonializmi qlobal gündəliyə gətirməsi bu baxımdan çox önəmlidir. Prezident İlham Əliyev öncəki Şuşa Forumunda Yeni Kaledoniya məsələsini və neokolonializmə münasibəti açıq şəkildə ifadə etmişdi.
Həmin tutarlı mövqe yalnız Fransa kolonializminə qarşı deyil; o güncəl, adil mövqe bütövlükdə xalqların öz müqəddəratını siyasi manipulyasiya olmadan müəyyən etməsi prinsipinin müdafiəsidir.
Budur, bizim Mədəniyyət paytaxtımız Şuşanın lV Qlobal Media Forumu üzərindən söylədiyi əsas söz də suverenlikdir.
IV Şuşa Qlobal Media Forumunun mövzusu media və sülh olsa da, onun dərin siyasi qatında suverenlik anlayışı dayanır.
Həqiqəti yalnız suveren düşüncə müdafiə edə bilər.
Güvəni yalnız bərabər münasibətlər yarada bilər.
Sülhü yalnız başqasının iradəsini tanıyan dövlətlər qura bilər.
Postsovet məkanı üçün Şuşanın dərsi bu olsa gərək: müstəqillik yalnız bayraq və himnlə ölçülmür; müstəqillik öz təhlükəsizlik modelini, xarici siyasətini, iqtisadi marşrutlarını və tarixi yaddaşını sərbəst müəyyənləşdirmək gücüdür.
Bizim Şuşa daha dünən imperiyanın yaratdığı münaqişənin əsiri idi.
Bu gün imperiya sonrası suverenliyin tribunasıdır.
Sabah isə postsovet məkanında azad, bərabər və qarşılıqlı sayğıya əsaslanan yeni münasibətlər sisteminin simvollarından birinə çevrilə bilər. Bizim Mədəniyyət paytaxtımız da belə görür, belə dəyərləndirir, siyasi paytaxtımız da, üstəlik, mədəni, siyasi irsimiz də…
Şuşadan baxanda keçmişin qara buludları da görünür, gələcəyin yolu üzərindəki ağ buludlar da…
Başqa sözlə, Şuşadan baxanda keçmişin kölgəsi də görünür, gələcəyin işığı da. Hansını seçmək isə artıq dövlətlərin öz siyasi iradəsindən asılıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az