![]()
Ötən gecə Ağdərə–Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, şəxsi avtomobili ilə ailə üzvləri ilə birlikdə Kəlbəcərə səfər edən Şaplar kənd sakini Əsgərov Nazim Yunus oğlu Ağdərə rayonunun Umudlu kəndi ərazisində idarə etdiyi nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində sürücü Əsgərov Nazim Yunus oğlu və həyat yoldaşı hadisə yerində həyatını itirib. Avtomobildə olan digər sərnişinlər – ailənin qızı və azyaşlı körpə ağır bədən xəsarətləri alıb. Məlumata görə, övladlarından biri qəzadan bir neçə saat sonra özünə gələrək baş vermiş hadisə barədə məlumat verə bilib. Bu gün səhər saatlarında xilasedicilər tərəfindən həlak olanların meyitləri və yaralılar çətin relyefli ərazidən çıxarılaraq təxliyə edilib.
Subyekt.az olaraq bir müddət əvvəl Ağdərə–Kəlbəcər avtomobil yolunun bəzi təhlükəli hissələrində xəbərdarlıq nişanlarının quraşdırılması, yol cizgilərinin çəkilməsi və hərəkət təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etmişdik. Təəssüf ki, indiyədək həmin istiqamətdə zəruri tədbirlərin tam şəkildə həyata keçirilmədiyi müşahidə olunur.
Qeyd edilməlidir ki, dağlıq relyefə malik bu avtomobil yolunda yağışlı və dumanlı hava şəraitində görmə məsafəsi kəskin azalır, gecə saatlarında isə yolun bir sıra hissələri sürücülər üçün olduqca təhlükəli vəziyyət yaradır. Son faciənin məhz gecə saatlarında baş verməsi yol infrastrukturunun təhlükəsizlik baxımından daha da təkmilləşdirilməsinin vacibliyini bir daha gündəmə gətirir.
Subyekt.az aidiyyəti qurumları Ağdərə–Kəlbəcər avtomobil yolunun riskli hissələrində təhlükəsizlik tədbirlərinin təxirəsalınmadan gücləndirilməsinə, müasir yol nişanlarının, işıqəks etdirən xətlərin və qoruyucu maneələrin quraşdırılmasına çağırır.
Eyni zamanda, Kəlbəcər istiqamətində hərəkət edən bütün sürücülərə müraciət edərək dağ yollarında sürət həddinə ciddi riayət etməyi, xüsusilə nişanlanması zəif olan ərazilərdə maksimum ehtiyatlı davranmağı və imkan daxilində gecə saatlarında səfərlərdən çəkinməyi tövsiyə edirik.
Subyekt.az kollektivi olaraq baş vermiş faciə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlıqlarına qovuşmasını arzulayırıq.
Subyekt.az