![]()
Doqquz il öncə ümidsizliyə qapılıb anamın kəndi haqqında aşağıdakı kədərli xatirələri yazmışdım. İndi isə arılarımı aparıb anamın doğulduğu və böyüdüyü ata evinin bağına yerləşdirdim. Cənnətin bir guşəsində min cür çiçək açıb, arılar canla-başla işləyir. Uşaqlarım qışda buranın balını daddıqca nənələrinin hansı ətirli dünyada böyüdüyünü hiss edəcəklər. Nənədən şirin insanı həyatda tapmaq çətindir.
Çərəkdar,
11.07.2026
ANAMIN KƏNDİ
Anamın doğulduğu və böyüdüyü kənd bir başqa idi. Qarabağın gözündə – Çərəkdar kəndində doğulmuş, tərbiyə almışdı anam. Mən uşaq vaxtı nağıllarda, dastanlarda cənnət haqqında az-çox oxumuşdum. Bu kəndə gələndə isə nağıllardakı cənnəti hiss etmək olurdu. Adəm də, Həvva da elə buradan qovulmuşdu, inanın.
Anam Tərtər çayının sağ sahilində böyümüşdü. Atasından aldığı tərbiyəni böyüdükcə bizə də vermişdi. Sonralar oxuduğum nağıl kitablarında yeni bir şey tapmadım. Çünki onların hamısını uşaqlıqda anam bizə danışmışdı.
Bu kəndə az-az gələrdik. İndi buna yanıb-tökülürəm. Kaş tez-tez gələrdim, ana babamı, dünyasını erkən dəyişmiş dayımı daha çox görəydim o xoşbəxt, bol zamanlı illərdə. O vaxt zaman həqiqətən bol idi. Yəqin ki, onların mənə deyiləsi nə qədər sözü vardı. Mən də onları öz övladlarıma danışardım. (Eh, guya indi həyatda olan dayılarımla, xalalarımla danışmağa vaxt tapıram ki… Hərə mənim kimi bu dünyanın işlərinə başını qatıb.)
Bu kəndlə bağlı çox az xatirəm var. Mən Kəlbəcərin sərt iqlimli, uca dağlarında böyümüşəm. Orada qısa yay mövsümündə meşədəki yabanı meyvələrdən başqa nə meyvə, nə də tərəvəz yetişirdi.
Ana babamgilə gələndə ilk dəfə heyva, tut, gilas, qoz, fındıq ağaclarını, üzüm tağlarını görmüşdüm. Sonralar böyüyəndə, ekspedisiyalara gedəndə harada yaşıllığın içində heyva ağacı görsəydim, elə bilirdim ora cənnətdir, yəni Çərəkdardır.
Qulağımda babamın qardaşı Yunis müəllimin bağda arxayın oturub qramafon vallarından dinlədiyi köhnə muğamlar, xalq mahnıları qalıb. Qarabağ da getdi, Yunis müəllim də, qramafon da, o mahnılar da…
Yay gecələri bu kənddə qalanda Tərtər çayının laylası ilə yuxuya gedərdik.
Kənddə incə zövqlü ədəbi mühit vardı. Uşaqlardan tutmuş ağbirçək nənələrə qədər hamı sözünü şeirlə deyər, kəlməbaşı klassiklərdən, şair və yazıçılardan sitatlar gətirərdi. Ən azı mənim tanıdığım çevrədə belə idi.
Babamız bizə gələndə hər saniyəni qənimət bilərdik. Nəslimizin, kəndimizin tarixindən, qəhrəmanlarından, qorxaqlarından ibrətamiz hadisələr danışardı. Başına yığışardıq, gecə yarısına qədər dinləyər, yenə də doymazdıq.
İndi Bakıda anam mənimlə yaşayır. Hündür divarlar arasında onun dünyasını dar bir çərçivəyə salmışam. Belə bir cənnətdən çıxmış anama Bakıda necə bir zülm verdiyimin fərqindəyəm.

Elşad Əsgərov,
Tiflis
26.10.2017
Subyekt.az