![]()
Milli Məclisdə deputatın söz azadlığı, Qarabağda aparılan bərpa və quruculuq işlərinə ictimai nəzarət, Böyük Qayıdış prosesində deputat məsuliyyəti və Azərbaycan mediasının müstəqilliyi cəmiyyətin diqqətində saxlanılmalı olan mühüm məsələlərdir.
Fazil Mustafanın jurnalist Pərviz Həşimlinin sosial şəbəkədə paylaşdığı statusa münasibət bildirərək qələmə aldığı yazı diqqətimi çəkdi. Açığını deyim ki, Pərviz Həşimlinin paylaşımında ifadə olunan yanaşmanı da peşəkar jurnalist mövqeyi baxımından birmənalı qarşılamıram. Hesab edirəm ki, millət vəkili öz sözünü demək cəsarətinə malik olmalı, xalqın qarşılaşdığı problemləri açıq şəkildə səsləndirməkdən çəkinməməlidir.
Biz demokratik respublikada yaşayırıq. Milli Məclis xalqın seçdiyi nümayəndələrin fikirlərini sərbəst ifadə edə, cəmiyyətin narahatlığını parlament tribunasından dilə gətirə biləcəyi ali qanunvericilik orqanıdır. Bu tribunadan xalqın, cəmiyyətin və seçicilərin üzləşdiyi problemləri səsləndirmək hər bir deputatın həm hüququ, həm də ictimai məsuliyyətidir.
Deputatın söz azadlığının hansı səviyyədə olması məsələsi bu gün mediada və sosial şəbəkələrdə geniş müzakirə edilən hadisə fonunda bir daha gündəmə gəldi. Milli Məclisin sədri Sahibə Qafarovanın deputat Aqil Abbasa münasibəti cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb oldu. Mən də bu məsələ ilə bağlı mövqeyimi ayrıca yazıda ifadə etmişəm.
Mənim qənaətimə görə, Aqil Abbas qaldırdığı problemin mahiyyətini daha geniş ictimai müzakirəyə çıxarmaq və diqqəti Qarabağda mövcud olan müəyyən problemlərə yönəltmək məqsədilə məsələyə öz şəxsi nümunəsi üzərindən toxunub. Onun çıxışını yalnız «Aqil Abbas Ağdamdan ev istəyir» prizmasından qiymətləndirmək, müzakirənin mahiyyətini şəxsi mənzil məsələsinə endirmək kökündən yanlış yanaşmadır.
Bu, mənim şəxsi mövqeyimdir.
Aqil Abbasın mənim müdafiəmə, yaxud dırnaqarası vəkilliyimə ehtiyacı yoxdur. Uzun illər Milli Məclisdə deputat kimi fəaliyyət göstərən, ictimai-siyasi proseslərdə fəal iştirak edən bir şəxsin kiminsə müdafiəsinə ehtiyac duyduğunu düşünmürəm. Məsələ kimisə müdafiə etmək deyil, hadisələrə obyektiv yanaşmaq və həqiqətləri olduğu kimi ifadə etməkdir.
Hörmətli Fazil bəy, Sizin uzun illərdir cəmiyyəti narahat edən məsələlərin parlament tribunasından səsləndirilməsində fəal deputatlardan biri olduğunuzu bilirəm. Hətta deyərdim ki, bu istiqamətdə fəallığı ilə seçilən deputatların ilk onluğunda yer alırsınız. Cəmiyyətin problemlərini gündəmə gətirməkdən çəkinmədiyinizə dəfələrlə şahid olmuşuq.
Lakin düşünürəm ki, bu gün Qarabağ məsələsinə də başqa prizmadan, mövcud reallıqları nəzərə almaqla yanaşmalı, fikirlərimizi daha geniş ictimai və dövlətçilik kontekstində ifadə etməliyik.
Qarabağ uğrunda şəhid qanı axıdılıb, bu torpaqlara bazar gözü ilə baxmaq olmaz!
Bu gün Qarabağda nə baş verir?
Azərbaycan torpaqları işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, Azərbaycan xalqının milli birliyi və Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız düşmən işğalından azad olunub.
Bu Zəfər bizə şəhidlərimizin qanı və canı bahasına başa gəlib. Həmin torpaqların hər qarışı şəhidlərimizin qanı ilə yoğrulub. Bu gün biz həmin ərazilərdə abadlıq, quruculuq və yenidənqurma işlərinin aparılmasına sevinməli, Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün bütün imkanlarımızı səfərbər etməliyik.
Ancaq təəssüf ki, bu müqəddəs torpaqlara bəzən vətənpərvərlik, dövlətçilik və quruculuq prizmasından deyil, şəxsi maraq və qazanc mənbəyi kimi yanaşan məmur və iş adamlarının mövcudluğu ilə bağlı ciddi narahatlıqlar səsləndirilir.
Dövlətin Qarabağın bərpasına ayırdığı vəsaitlərin səmərəli və şəffaf xərclənməsi, tikinti-quruculuq layihələrinin real dəyəri, bəzi layihələr üzrə səsləndirilən yüksək maliyyə göstəriciləri və ictimai nəzarət məsələləri cəmiyyətin diqqətindədir.
Əgər dövlət vəsaitlərinin mənimsənilməsi, süni qiymət artımları, maliyyə maxinasiyaları və digər qanun pozuntuları ilə bağlı əsaslı faktlar varsa, bunlar araşdırılmalı, ictimaiyyətə aydın və şəffaf məlumat verilməlidir. Heç kim unutmamalıdır ki, Qarabağ adi iqtisadi layihə və ya kommersiya maraqlarının təmin ediləcəyi məkan deyil. Qarabağ milli yaddaşımız, dövlətçilik tariximiz və şəhidlərimizin bizə əmanət qoyduğu müqəddəs torpaqlardır.
Bu məsələdə ilk növbədə deputatların üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının mahiyyətinə kölgə sala biləcək nöqsanlar vaxtında aşkarlanmalı, cəmiyyətin narahatlığı parlament tribunasından ölkə rəhbərliyinə çatdırılmalıdır.
Qarabağın dirçəlişinə xidmət etmək, dövlətin gördüyü işləri qorumaq, eyni zamanda həmin prosesdə yol verilən nöqsanları açıq şəkildə göstərmək dövlətçilik mövqeyinin əsas göstəricilərindəndir.
Bəs deputatlarımız Böyük Qayıdışın iştirakçıları ilə nə qədər təmasdadır?
Gəlin, bir məqam üzərində də düşünək.
Bu gün işğaldan azad edilmiş ərazilərə qayıdan soydaşlarımızı neçə millət vəkili ziyarət edib? Onların gündəlik həyatını, üzləşdikləri çətinlikləri və sosial problemlərini nə qədər yaxından öyrənib?
2025-ci ilin dekabrında, 2026-cı ilin Yeni il ərəfəsində Kəlbəcərə qayıdan sakinlər tərəfindən bir çağırış səsləndirilmişdi. Onlar Milli Məclisin deputatlarının Yeni ili Kəlbəcərdə, doğma yurda qayıdan sakinlərlə birlikdə qarşılamasını arzulayırdılar.
Bəs bu çağırışa neçə deputat cavab verdi? Milli Məclisdə təmsil olunan deputatlardan kimlər həmin insanların dəvətini qəbul edərək Kəlbəcərdə onlarla birlikdə oldu?
Söhbət yalnız Kəlbəcərdən getmir. Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xankəndi, Şuşa və Ağdərə də Böyük Qayıdış prosesinin mühüm ünvanlarıdır.
Görəsən, deputatlarımızın neçəsi bu ərazilərə gedərək keçmiş məcburi köçkünlərlə, doğma yurdlarına qayıdan sakinlərlə görüşüb, onların problemlərini yerində dinləyib? Neçəsi bayramları həmin insanlarla birlikdə qeyd edib?
Məncə, bu sualların cavabı cəmiyyət üçün kifayət qədər əhəmiyyətlidir. Çünki deputatın fəaliyyəti yalnız parlament iclaslarında iştirak etməklə ölçülməməlidir. Xalqın seçdiyi nümayəndə xalqın yanında olmalı, seçicilərinin sevincinə də, qayğılarına da şərik çıxmalıdır.
Azərbaycan mediası məmur asılılığından azad olmalıdır!
Digər mühüm məsələ Azərbaycan mediasının müstəqilliyi və jurnalistlərin peşəkar fəaliyyətinə yaradılan şəraitdir.
Fazil bəy, hesab edirəm ki, Azərbaycan jurnalistikasını ayrı-ayrı jurnalistlərin sosial şəbəkə paylaşımları üzərindən qiymətləndirmək doğru deyil. Medianın mövcud vəziyyətinə daha geniş kontekstdə yanaşmaq lazımdır.
Jurnalist hansısa məmurun, dövlət qurumunun və ya vəzifəli şəxsin maliyyə və inzibati təsirindən asılı vəziyyətə düşdükcə, onun obyektiv mövqe sərgiləmək imkanları da məhdudlaşır. Məmurun maliyyə dəstəyindən asılı olan media qurumunun həmin məmurun fəaliyyətini sərbəst və qərəzsiz tənqid etməsi nə dərəcədə mümkündür?
Azərbaycan mətbuatı hansısa komitədən, nazirlikdən, icra hakimiyyətindən və ya digər dövlət qurumundan asılı vəziyyətdə olmamalıdır. Bu məsələ parlamentin tribunasından da açıq şəkildə müzakirəyə çıxarılmalıdır.
Bu gün Azərbaycan mediasına, jurnalistlərə hansı dəstək göstərilir? Həmin dəstəyin mexanizmləri nə dərəcədə şəffafdır? Dövlət qurumları ilə ayrı-ayrı media subyektləri arasında bağlanan əməkdaşlıq müqavilələri hansı prinsiplərə əsaslanır?
Təəssüf ki, cəmiyyətdə belə bir narahatlıq mövcuddur: bəzi hallarda dövlət qurumları ilə media subyektləri arasında qurulan maliyyə münasibətləri jurnalistikanın müstəqilliyinə mənfi təsir göstərə bilər.
Əgər hər hansı media qurumu maliyyə dəstəyi müqabilində konkret məmurun və ya qurumun fəaliyyətindəki nöqsanları işıqlandırmamaq öhdəliyi götürürsə, bu, artıq jurnalistikanın əsas prinsipləri ilə ziddiyyət təşkil edir.
Belə bir şəraitdə tənqidi mövqe sərgiləyən, ictimai maraqları müdafiə edən jurnalistlərə qarşı müxtəlif damğaların vurulması, onların dövlətçilik əleyhinə fəaliyyət göstərən şəxslər kimi təqdim olunması da yolverilməzdir.
Dövlətçilik mövqeyi ilə tənqidi jurnalistikanı qarşı-qarşıya qoymaq olmaz. Dövlətə xidmət etmək nöqsanları gizlətmək deyil, onların aradan qaldırılmasına töhfə verməkdir.
Milli Məclis və Azərbaycan mediası: Eyni məsuliyyət, eyni azadlıq!
Mənim fikrimcə, bu gün Azərbaycan Milli Məclisinin fəaliyyətinə yanaşma ilə Azərbaycan jurnalistikasının fəaliyyətinə münasibət arasında ciddi paralellər var.
Bir tərəfdə xalqın seçdiyi deputatlar, digər tərəfdə isə cəmiyyətin informasiya ehtiyacını təmin edən jurnalistlər dayanır. Hər iki institutun əsas vəzifəsi ictimai maraqlara xidmət etmək, problemləri gündəmə gətirmək və cəmiyyətin səsini aidiyyəti ünvanlara çatdırmaqdır.
Deputatın parlamentdə sərbəst fikir söyləmək imkanları nə qədər vacibdirsə, jurnalistin də öz peşə fəaliyyətini müstəqil şəkildə həyata keçirməsi bir o qədər əhəmiyyətlidir.
Əgər deputat parlament tribunasından cəmiyyətin problemlərini açıq şəkildə səsləndirə bilmirsə, jurnalist də məmur və qurumların təsirindən çəkinərək həqiqətləri yazmaqda tərəddüd edirsə, burada artıq sistemli şəkildə müzakirə edilməli olan ciddi problemlər mövcuddur.
Bu baxımdan Pərviz Həşimlinin Aqil Abbasın fikirlərinə münasibəti ilə Fazil Mustafanın həmin münasibətə reaksiyasını da şəxsi qarşıdurma müstəvisində deyil, daha geniş ictimai müzakirə kontekstində qiymətləndirmək lazımdır.
Məsələnin mahiyyətini başqa səmtə yönəltməyək. Cəmiyyətin diqqətini əsas problemdən yayındırmayaq.
Aqil Abbasın Milli Məclisdəki çıxışının mahiyyəti Qarabağda baş verən proseslərə, mövcud problemlərə və ictimai narahatlıqlara diqqət çəkməkdir. Bu çıxışı yalnız onun şəxsi mənzil məsələsi kimi təqdim etmək müzakirənin əsl məzmununu kölgədə qoyur.
Bu gün Qarabağda aparılan quruculuq işləri ilə bağlı cəmiyyətdə suallar var. Həmin sualların cavablandırılması, dövlət vəsaitlərinin şəffaf istifadəsi və Böyük Qayıdış proqramının yüksək səviyyədə həyata keçirilməsi hər kəsin marağında olmalıdır.
Qarabağda böyük quruculuq prosesi gedir. Bu prosesin miqyası da böyükdür, məsuliyyəti də. Ona görə də burada hər hansı qanun pozuntusuna, dövlət vəsaitlərinin mənimsənilməsinə və şəxsi maraqların dövlət maraqlarından üstün tutulmasına yol verilməməlidir.
Fazil Mustafaya çağırış: Gəlin, Qarabağın reallıqlarını birlikdə müzakirə edək!
Hörmətli Fazil bəy!
Sizi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü ərəfəsində Qarabağın bugünkü reallıqlarına daha geniş prizmadan yanaşmağa dəvət edirəm.
Gəlin, şəhidlərimizin qanı bahasına azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq işlərinin uğurlarından danışmaqla yanaşı, həmin prosesdə mövcud olan problemləri də açıq müzakirə edək.
Gəlin, doğma yurdlarına qayıdan insanların sosial problemlərini, onların gözləntilərini, deputatların bu insanlarla təmaslarını, dövlət vəsaitlərinin şəffaf xərclənməsi məsələsini də gündəmə gətirək.
Gəlin, Azərbaycan mediasının müstəqilliyini, jurnalistlərin maliyyə asılılığından azad olmasını, tənqidi fikrə münasibəti və ictimai nəzarətin gücləndirilməsini də müzakirə edək.
Çünki nə deputatın sözü, nə də jurnalistin qələmi hansısa şəxsin maraqlarına xidmət etməlidir. Hər ikisinin əsas ünvanı xalq, dövlət və milli maraqlardır.
Qarabağ bizim üçün sadəcə azad edilmiş coğrafiya deyil. Qarabağ şəhidlərimizin bizə əmanəti, dövlətimizin qüdrətinin təcəssümü və gələcək nəsillər qarşısında məsuliyyətimizdir.
Bu məsuliyyət isə susmaqla deyil, həqiqətləri söyləməklə, problemləri vaxtında aşkarlamaqla və onların həllinə töhfə verməklə yerinə yetirilir.
Rövşən Hüseynli
Subyekt.az