![]()
Qardaş Türkiyənin ünlü şairi Coşqun Qarabuludun poetik düşüncələri üzərinə bir neçə söz
Şeir nədir? Sözün sənətə çevrilməsi, yoxsa sənətin sözdə özünü tapmasıdır ulu şeir? Şair sözü yaradır, yoxsa söz adamı şair edir? Bəs oxucu? – Oxucu yalnız yazılmış şeirin ünvanıdır, yoxsa şeirin yenidən doğulduğu ikinci yaradıcı məkandır o?..
Bax, bu və bənzəri suallar bizi qardaş Türkiyənin tanınmış şairi, yazarı, ədəbi düşüncə adamı, dəyərli dostumuz Coşqun Qarabuludun (Coşkun Karabulut) poetik dünyasına aparır.
1956-cı ildə Qarsın Sarıqamış elində doğulmuş Coşqun bəy Hacəttəpə Universitetinin Sosiologiya bölümünü bitirib. Uzun illər müxtəlif şəhərlərdə çalışıb, Fəthiyədə sənət yaşamının təşkilatçılarından biri olub. Coşqun bəy “Taramak Gökyüzünü”, “Bizim Olan Ne Var ki”, “Aklımda Sen”, “Beni Zamansız Bırak”, “İncir Çekirdeği” kimi şeir kitabları, eləcə də “Sözcükler de Ölür”, “Kolay Görünen Zor: Şiir”, “Şiir, Şair ve Okur” kimi ədəbi-fəlsəfi düşüncələrini yansıdan əsərləri ilə özünəxas yaradıcılıq yolu keçib.
Onun şeirində sözün səsindən çox anlamı, dışarı təmtəraqdan çox içsəl işığı, mürəkkəblik iddiasından çox sadəliyin müdrikliyi önə çıxır. – Zatən gözəl, özəl olan da budur. Coşqun Qarabulud həm şeir yazır, həm də şeir haqqında düşünür – sözün necə sənətə çevrildiyini, oxucunun həmin çevrilmədə hansı mənəvi və zehni iştirak payına yiyə durduğunu araşdırır.
Coşqun bəyin Azərbaycanla bağları isə yalnız ümumtürk ədəbi qardaşlığından doğmur; onun ana tərəfdən soykökü bizim Şəkiyə uzanır. Bir zamanlar Şəkidən Sarıqamışa köç etmiş ailənin mənəvi yaddaşı, sanki, onun yaradıcılığında iki qardaş yurdun könül körpüsünə çevrilib. Ayrıca, Şəkililərə xas duzlu-məzəli danışıq imkanları poetik üslubundan yan keçməyib.
Qarabuludun Şəkinin timsalında Azərbaycanla bağlarının ədəbi ifadələrindən biri də 2017-ci ildə Bakıda gün üzü görmüş “Hardan haraya…” kitabıdır. Şair Nazilə Gültacın Azərbaycan türkcəsinə uyğunlaşdırdığı, mənim redaktoru olduğum, Dünya Gənc Türk Yazarlar Birliyinin nəşr layihəsi çərçivəsində və Millət vəkili Dr. Cavanşir Feyziyevin dəstəyi ilə gün üzü görən bu kitab Coşqun bəyin Azərbaycan oxucusu ilə görüşünə yeni bir məzmun qazandırdı.
Həmin il Bakıda, Sumqayıtda, Şəkidə keçirilən ədəbi görüşlər, Milli Kitabxanadakı təqdimat, şeir söhbətləri bu dostluğun unudulmaz səhifələrindəndir. Sonrakı illərdə Coşqun Qarabuludun bizlərlə yaradıcı işbirliyi, Türk dünyasının müxtəlif coğrafiyalarına uzanan könül yolçuluqları da göstərdi ki, ədəbiyyat bəzən diplomatiyanın uzun yollarını bircə misra ilə qət edə bilir.
Onun şeirlərinin özbək türkcəsində də yayımlanması bu yaradıcılığın ortaq türk ədəbi məkanındakı əks-sədasının gözəl örnəklərindəndir.
Coşqun Qarabuludun poetik dünyasında diqqətimi çəkən başlıca cəhətlərdən biri onun sadəliyi bəsitliklə, dərinliyi qəlizliklə qarışdırmamasıdır. Onun üçün sözün böyüklüyü sözün özünü nümayiş etdirməsi ilə ölçülmür; ölçü, ifadə etdiyi duyğunun, düşüncənin və anlamın böyüklüyündədir.
Elə bu baxımdan Coşqun bəyin şeir anlayışı poetika məsələsini aşaraq, həm də mədəniyyət məsələsinə çevrilir. Çün sözün anlamlandırılması insanın dünyanı anlamlandırması ilə bağlıdır. Şeir oxucunun düşüncə imkanlarını genişləndirirsə, deməli, o, estetik hadisə olmaqla yanaşı, mənəvi-intellektual hadisəyə də çevrilir.
Əlbəttə, şeirin anlaşılması ilə onun bədii dəyəri arasında həmişə birbaşa bərabərlik işarəsi qoymaq olmaz – buna heç gərək də yoxdur. Bəzən anlaşılmaz görünən şeir də böyük poetik həqiqət daşıya bilər. Ancaq Coşqun Qarabuludun etirazı, məncə, mürəkkəb şeirə deyil, anlamsızlığı mürəkkəblik adı altında təqdim edən yanaşmayadır.
Onun sizlərə təqdim etdiyimiz “Şeir anlayışım üzərinə” içsəsi (essesi) məhz bu baxımdan diqqətə, təqdirə layiqdir. Müəllif burada sözü sözlükdən şeirə, şeirdən yenidən insan yaddaşına aparan bir mənəvi yolçuluq təsvir edir. Sözün sözlük anlamı ilə poetik anlamı arasındakı münasibəti, oxucunun yaradıcılıq sürəcində iştirakını, şeirin insana qazandırdığı kəşf sevincini özünəxas şəkildə yorumlayır.
Şair sözü şeirə gətirir, şeir sözə yeni anlam verir, oxucu isə həmin anlamı öz yaşamında yenidən yaradır. – Məncə, bax, bu yazının ən ilginc qənaətlərindən biri belə ümumiləşdirilə bilər.
Beləliklə, şeir yalnız yazılmış mətn olaraq qalmır; insanın duyğu-düşüncəsində, yaddaşında yaşamağa davam edir və günlərin bir günü bir söz, bir misra, bir beyt, bənd və yayeni şeirə yaxud başqa türdən yazıya (məgnə) ilham qaynağı olur.
Əziz oxucular, dəyərli dostumuz-qardaşımız Coşqun Qarabuludun poetik düşüncələrini diqqətinizə çatdırırıq:
Coşqun QARABULUD (Şair-publisist; Fəthiyyə Yazarlar Qrupunun qurucu-başqanı; Türkiyə)
ŞEİR ANLAYIŞIM ÜZƏRİNƏ
Özət
İllər içində mənimsədiyim, duyğu-düşüncə dünyamın ayrılmaz hissəsinə çevirdiyim şeir anlayışımı oxuculara toplu şəkildə təqdim etmək üçün fikirlərimi qısa başlıqlar altında ifadə etməyə çalışdım. Zamanla bu başlıqların hər biri haqqında daha ətraflı yazmağı düşünürəm.
Mənim şeirim budur.
Mənimlə eyni poetik duyarlılığı bölüşən şair dostlarımı da nəzərə alaraq, bəzən “bizim şeirimiz”, bəzən “bu şeir”, bəzən də “yalın şeir” adlandırdığım şeir anlayışım –
sadə, duru, həyatdan süzülmüş fəlsəfi baxışı özündə daşıyan, dərinliyini hayqırmadan duyuran bir şeirdir.
Bu şeir ürkək, çəkingən, təvazökar, dürüst, göstərişsiz, ancaq insanı sarıb-sarmalayan, könül isidən bir şeirdir.
Oxucuya sayğı göstərir, onu dəyərləndirir, şeirin içində birgə kəşflərə çağırır. Bu yolçuluqda həm şair, həm də oxucu yeni anlam sahələri kəşf edir.
Yaşamaq sevinci bəxş edir bizim yalın şeir. Çün şeirin yalnız kağız üzərində qalan söz yığını olmadığına inanır; insanı yaşamın özünü də bir şeir kimi yaşamağa çağırır.
BƏS MƏNİM ŞEİRİM NECƏDİR?
Mənim şeirim sözləri sözlükdəki anlamları ilə götürür, onları ilk baxışda adi görünən bir ardıcıllıqla yan-yana düzür; ancaq bu sadə sözlərdən elə bir şeir yaradır – həmin sözlər birdən-birə alışılmış anlamlarının hüdudlarını aşır, şeirin qazandırdığı yeni anlamlarla canlanır, çoxalır və dərinləşir.
Şeirə daxil olmazdan öncə yalnız sözlük anlamları ilə mövcud olan sözlər poetik bütövlük içində yeni çağırışlar, yeni anlam qatları qazanır. Artıq onlar yalnız ayrı-ayrı sözlər kimi çıxış etmir, poetik varlığın ayrılmaz komponentlərinə dönüşür.
Bəs bu sözlər poetik anlamları ilə öz öncəki varlıqlarına nə əlavə etmiş olur?
Hər şeydən öncə yeni anlamlar qazanır. Üstəlik, bu anlamlar məhz həmin şeirin quruluşundan, sözlərin bir-biri ilə münasibətindən və şeirin ümumi axarından doğur.
Burada önəmli olan şairin bütün anlamları hazır şəkildə təqdim etməməsidir. Şeir oxucuya yeni anlamları tapmaq, onları kəşf etmək imkanı yaradır.
Beləliklə, oxucu yalnız ona təqdim ediləni qəbul edən şəxs olmaqdan çıxır; şeirin məna dünyasına qatılan, onu öz duyarlılığı və düşüncəsi ilə zənginləşdirən yaradıcı subyektə çevrilir.
Bu isə oxucunu ucaldan, ona dəyər qazandıran bir durumdur.
Çün oxucu bir kəşf edir, öz tapıntısının sevincini yaşayır. Şeirin onun üzünə açdığı yeni məna qapılarından keçərkən öz duyğu-düşüncə dünyasını da yenidən kəşf edir.
Bunun əksinə olaraq, anlamsızlığı özlüyündə bir üstünlük sayan bəzi şeir anlayışlarında oxucu anlam yaratma sürəcindən qıraqda saxlanılır.
Ortada kəşf ediləcək bir anlam olmadığı halda, şeiri anlamayan oxucunun yetərsiz olduğu irəli sürülür. Beləliklə, şeirin yetərsizliyi oxucunun yetərsizliyi kimi göstərilir.
Halbuki şeir oxucunun duyarlılığını və düşüncə üfüqlərini genişləndirmək üçün vardır.
Bizim şeirimizdə söz poetik bütövlük içində öz sözlük anlamını tamamilə itirmir; əksinə, həmin anlamı qorumaqla yanaşı, yeni poetik anlamlar da qazanır.
Beləcə, söz çoxalır, zənginləşir, başqa sözlərlə qurduğu münasibətlər sayəsində yeni bir varlıq sahəsinə qovuşur.
Bu şeiri oxuyanlar sözlükdəki anlamlardan başqa hansı anlamlara yüksələ biləcəyini görür.
Ancaq onların qazancı bununla sınırlanmır.
Oxucu şeirdəki sözlərin keçirdiyi çevrilmədən çıxış edərək başqa sözlərin də mətnin məzmununa və axarına uyğun olaraq yeni mənalar qazana biləcəyini anlayır.
Artıq sözlərə yalnız sözlükdə yazılmış qarşılıqları ilə baxmır. Onların daşıdığı gizli imkanları, çağırışları və hələ üzə çıxmamış anlamları da düşünməyə başlayır.
Beləliklə, oxucunun üfüqü genişlənir.
Bu şeirləri oxuyan insan sözlərin görünən anlamlarından qıraqda başqa məna dünyalarının da mövcud olduğunu öyrənir. Üstəlik, bu qazancını yaşamın başqa sahələrində də tətbiq edə bilir.
Çün şeirin insana öyrətdiyi dəyərlərdən biri sözlərə olduğu qədər yaşama da alışılmışın fövqündə baxa bilməkdir.
Bir söz düşünək… sözlükdəki yerindən götürülüb şeirin içinə qonaq edilmiş və orada yeni bir yaşantıya qovuşmuş olsun.
Onun şeirdəki görəvini başa vurduqdan sonra yenidən sözlüyə qayıtdığını təsəvvür edək.
Əgər sözlüyün yaddaşı olsaydı, həmin söz artıq öncəki kimi qala bilərdimi?..
Məncə, qala bilməzdi.
Çün şeirdə yaşadığı macəra onun görünməyən yaddaşında bir iz buraxmış olardı. Sözlükdəki yerini qorusa belə, şeirin ona qazandırdığı anlamları gizli şəkildə daşımağa davam edərdi.
Bu da onun ən doğal haqqıdır!
Oxucu baxımından da durumu fərqli sayılmaz.
Bir şeirdə yeni anlamlarla qarşılaşdığı sözləri başqa bir yerdə gördükdə onların poetik macərasını xatırlayır. Həmin sözlərin daşıdığı əlavə anlamlar, çağırışlar və duyğular yenidən canlanır.
Üstəlik, oxucu artıq yalnız şairin şeirə daxil etdiyi sözlərlə yetinmir. Başqa sözləri də öz duyarlılığı ilə yeni anlamlara qovuşdurmağa çalışır.
Beləliklə, sözlərin istifadəçisi olmaqdan başqa onların anlamlarının yaradıcılarından birinə çevrilir.
Bax, şeirin insana qazandırdığı ən gözəl yetənəklərdən biri yaşamı və dili yenidən kəşf edə bilməkdir!
Bu kəşf insana sevinc bəxş edir. Düşüncəsini canlandırır, duyarlılığını dərinləşdirir, həyata bağlılığını gücləndirir.
Sanki damarlarında dolaşan qan belə bu sevincdən yeni bir canlılıq qazanır.
Və insan şeir yazmasa belə, özünü bir az şair hiss edir.
Çün mənim şeir anlayışımda şeir yalnız şairin yazdığı kimi qalmır; o, oxucunun da öz içində yenidən yaratdığı bir dünyaya çevrilir.
Şeir sözlərin çoxalması ilə insanın da mənən çoxalmasıdır.




Subyekt.az