![]()
Bu gün ölkənin ictimai-siyasi gündəmini, medianın və sosial şəbəkələrin manşetlərini zəbt edən əsas məsələlərdən biri Milli Məclisdə deputat Aqil Abbasla parlamentin sədri Sahibə Qafarova arasında yaşanan fikir mübadiləsidir.
Aqil Abbas Ağdamda atasından miras qalmış mülkün və torpaq sahəsinin olmasına baxmayaraq, özünün, qardaşının və bacılarının yeni tikilən mənzillərdən pay ala bilmədiklərini parlamentin diqqətinə çatdırıb. Onun sözlərinə görə, uzun illər Bakıda yaşaması, ailə üzvlərinin qeydiyyatlarının müxtəlif səbəblərdən dəyişməsi mənzil bölgüsündə onların nəzərə alınmaması ilə nəticələnib. Deputat məcburi köçkün statusu və mənzil təminatı meyarlarına yenidən baxılmasını təklif edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə bu çıxışa etiraz edərək, görülən tikinti və köçürülmə işlərinə kölgə salınmamasını vurğulayıb.
Beləliklə, məsələ bir anda sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.
Ancaq gəlin hadisəyə yalnız görünən tərəfdən baxmayaq. Gəlin bir qədər dərinə gedək. Gəlin emosiyaları kənara qoyaraq, məsələnin mahiyyətini, ictimai əhəmiyyətini və doğurduğu sualları müzakirə edək.
Əcəba, Aqil Abbas həqiqətən özünə ev istəyirdi?
Aqil Abbasın Bakıda yaşadığı, uzun illərdir ictimai-siyasi fəaliyyətlə məşğul olduğu hər kəsə məlumdur. Sual yaranır: bu gün Aqil Abbasın əsas problemi Ağdamda mənzil əldə etməkdirmi? İmkanları daxilində Ağdamda mənzil ala bilməzmi? İstəsə, öz vəsaiti hesabına orada ev tikdirə bilməzmi?
Məncə, parlamentdə səsləndirilən fikirləri yalnız deputatın şəxsi mənzil məsələsinə endirmək doğru yanaşma deyil.
Aqil Abbasın çıxışında diqqət çəkən əsas məqam onun öz ailəsinin timsalında çoxsaylı keçmiş məcburi köçkünlərin qarşılaşdığı problemi gündəmə gətirməsidir. Burada söhbət təkcə bir mənzildən deyil, doğma torpağa qayıdış hüququndan, ata-baba mülkiyyətindən, qeydiyyat məsələlərindən və mənzil təminatında tətbiq olunan meyarlardan gedir.
Əgər bir insanın Ağdamda ata mülkü olubsa, həmin insanın və ailə üzvlərinin doğma şəhərlə bağlı hüquq və gözləntiləri hansı prinsiplərlə qiymətləndirilməlidir?
Ağdamlı olmaq yalnız rəsmi qeydiyyatla müəyyənləşirmi? İllər əvvəl məcburən doğma yurdunu tərk edən, müxtəlif şəhərlərdə məskunlaşan, ailə quran, qeydiyyatını dəyişən insanların doğma torpağa mənəvi və hüquqi bağlılığı bununla bitirmi?
Bunlar cavablandırılmalı olan ciddi suallardır.
QARABAĞ QURUCULUĞU HESABATDAN İBARƏT DEYİL, İCTİMAİ ETİMAD MƏSƏLƏSİDİR!
Gəlin bir həqiqəti açıq etiraf edək: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın müasir tarixinin ən mühüm layihələrindəndir. Bu quruculuq dövlətin siyasi iradəsinin, iqtisadi imkanlarının və milli hədəflərinin ifadəsidir.
Lakin bir məsələni də unutmayaq: böyük quruculuq layihələrinin miqyası onların icrasında şəffaflığa, ədalətə və ictimai etimada olan tələbi azaltmır, əksinə, daha da artırır.
Bu gün Qarabağda evlərin, yaşayış komplekslərinin, yolların, məktəblərin, xəstəxanaların tikilməsi ilə yanaşı, həmin ərazilərdə sosial ədalətin təmin edilməsi də dövlət siyasətinin ayrılmaz hissəsi olmalıdır.
Məhz burada ciddi suallar meydana çıxır.
Doğma yurduna qayıtmaq üçün illərdir gözləyən keçmiş məcburi köçkünlərin gözləntiləri necə qarşılanır? Mənzil bölgüsündə hansı meyarlar tətbiq olunur? Bu meyarların hamıya eyni qaydada tətbiq edilməsinə kim nəzarət edir? Qərarların qəbulunda şəffaflıq hansı səviyyədədir?
Əgər hansısa vətəndaşın mənzil bölgüsü ilə bağlı əsaslı narazılığı varsa, ona cavab vermək əvəzinə həmin narazılığın səsləndirilməsini görülən işlərə kölgə salmaq kimi təqdim etmək nə dərəcədə doğrudur?
Dövlət quruculuğu tənqiddən qorunmaqla deyil, tənqidə əsaslandırılmış cavab verməklə möhkəmlənir.
Mənim qənaətimcə, Qarabağda görülən işlərə ən böyük hörmət həmin işlərin ədalətli, şəffaf və qanunauyğun həyata keçirilməsini tələb etməkdir.
İKİ MÜHÜM VƏZİFƏDƏ DƏYİŞİKLİK: SUALLARIN CAVABI HARADADIR?
Məsələnin başqa bir diqqətçəkən tərəfi də son günlər Qarabağda idarəetmə strukturlarında baş verən kadr dəyişiklikləridir.
Oktyabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Oktyabrın 29-da isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. Mətbuatda onun Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Bununla belə, həmin məlumatın rəsmi təsdiqi və yoxlamaların nəticələri ictimaiyyətə açıqlanmalıdır.
Bu iki hadisəni bir-birindən fərqli inzibati qərarlar kimi qiymətləndirmək mümkündür. Lakin onların eyni dövrdə baş verməsi Qarabağda idarəetmənin keyfiyyəti, dövlət vəsaitlərinin istifadəsi və məsul şəxslərin fəaliyyəti ilə bağlı əlavə suallar doğurur.
Sual olunur: Elçin Yusubov hansı səbəbdən vəzifəsindən azad edildi? Onun fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ictimaiyyətə açıqlanacaqmı?
Leysan Məmmədovun rəhbərlik etdiyi xidmətlə bağlı aparıldığı bildirilən yoxlamaların nəticələri nədən ibarətdir? Hər hansı maliyyə və ya idarəetmə nöqsanı aşkarlanıbsa, həmin məsələlərə hüquqi qiymət veriləcəkmi?
Burada bir məqamın xüsusi vurğulanması vacibdir: vəzifədən azad edilmə özlüyündə şəxsin hüquq pozuntusuna yol verdiyini sübut etmir. Heç kəs haqqında yoxlamanın nəticələri və hüquqi əsaslar açıqlanmadan hökm vermək olmaz.
Ancaq vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı ictimai əhəmiyyətli sualların cavabsız qalması da qəbuledilməzdir.
QARABAĞDA MƏNZİL BÖLGÜSÜ ALVER MÖVZUSUNA ÇEVRİLƏ BİLMƏZ!
İndi isə məsələnin ən həssas tərəfinə gələk.
Cəmiyyət arasında işğaldan azad edilmiş ərazilərdə mənzil bölgüsü, mülkiyyət hüquqları və ayrı-ayrı şəxslərin bu prosesdən yararlanması ilə bağlı müxtəlif iddialar və narazılıqlar səsləndirilir.
Bu iddiaların hər biri ayrıca araşdırılmalı, sübutu olmayan məlumatlar fakt kimi təqdim edilməməlidir. Lakin belə narazılıqların mövcudluğu da aidiyyəti qurumlar üçün ciddi siqnal olmalıdır.
Əgər mənzil bölgüsündə qanunsuz vasitəçilik, qeyri-rəsmi ödəniş, imtiyazlardan sui-istifadə və ya mənzillərin qanunsuz satışı halları varsa, bunlar mütləq araşdırılmalı, təsdiqini tapan faktlar üzrə hüquqi tədbirlər görülməlidir.
Qarabağ heç kimin şəxsi biznes meydanı deyil!
Qarabağ heç kimin vəzifə imkanlarından istifadə edərək qazanc əldə edəcəyi ərazi deyil!
Qarabağ uğrunda şəhidlərimizin qanı tökülüb, qazilərimiz sağlamlığını itirib, milyonlarla insanın qayıdış arzusu illərlə yaşayıb. Bu torpaqlarda həyata keçirilən hər bir layihə, tikilən hər bir mənzil, ayrılan hər bir dövlət vəsaiti ilk növbədə xalqın və dövlətin maraqlarına xidmət etməlidir.
Əgər kimsə dövlətin etimadından, vəzifə səlahiyyətindən və Qarabağda aparılan quruculuq prosesindən şəxsi maraqları naminə istifadə edirsə, belə hallara qarşı ən sərt hüquqi mövqe nümayiş etdirilməlidir.
Heç bir vəzifə sahibi özünü dövlət siyasətindən üstün tuta bilməz!
SÖZÜNÜ DANIŞAN DEPUTATIN SƏSİ EŞİDİLMƏLİDİR, PROBLEMİ DANIŞAN VƏTƏNDAŞIN SƏSİ KƏSİLMƏMƏLİDİR!
Milli Məclisin sədri Sahibə Qafarovanın mövqeyinə də məhz bu kontekstdə yanaşmaq lazımdır.
Əlbəttə, parlamentin öz iş qaydaları, müzakirə prosedurları və gündəliyi var. Hər bir məsələ öz səlahiyyətləri çərçivəsində aidiyyəti qurumlarda da araşdırıla bilər. Lakin parlamentin əsas funksiyalarından biri xalqın problemlərini, vətəndaşların narazılıqlarını və dövlət idarəçiliyindəki çatışmazlıqları müzakirəyə çıxarmaq deyilmi?
Deputatın tribunadan səsləndirdiyi problemə cavab olaraq görülən işləri sadalamaq kifayət deyil. Əsas məsələ həmin problemin həllinə dair konkret mexanizmi göstərməkdir.
Aqil Abbasın qaldırdığı məsələ ilə bağlı cəmiyyətin gözlədiyi cavab sadədir: Ağdamda ata-baba mülkü olan, lakin hazırkı qeydiyyat vəziyyətinə görə mənzil bölgüsündən kənarda qalan insanların hüquqları necə təmin ediləcək?
Bu sualın cavabı Aqil Abbasa irad bildirməklə deyil, mövcud qanunvericiliyin, mənzil bölgüsü meyarlarının və mülkiyyət hüquqlarının izahı ilə verilməlidir.
Çünki bu gün söhbət yalnız bir deputatdan getmir. Söhbət minlərlə insanın doğma yurdla bağlı ümidlərindən gedir.
NÖVBƏ KİMİNDİR? YOXSA NÖVBƏDƏ İDARƏETMƏDƏ ŞƏFFAFLIQDIR?
Son günlər baş verən hadisələrdən hər kəs nəticə çıxarmalıdır.
Vəzifə müvəqqətidir. Dövlət və xalq qarşısında məsuliyyət isə qalıcıdır. Qarabağda çalışan hər bir rəhbər bilməlidir ki, onun fəaliyyəti sadəcə kabinetlərdə imzalanan sənədlərlə deyil, insanların həyatında yaratdığı real nəticələrlə qiymətləndirilir.
Bu gün Ağdamda, Füzulidə, Xocavənddə, Xankəndidə, Xocalıda və digər azad edilmiş ərazilərimizdə həyata keçirilən işlərə ictimai nəzarət olmalıdır.
Mənzil bölgüsündə şəffaflıq təmin edilməlidir. Dövlət vəsaitlərinin xərclənməsi barədə ictimaiyyətə aydın məlumat verilməlidir. Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilməli, əsaslı şikayətlər araşdırılmalıdır.
Və ən əsası, Qarabağda dövlətin adından fəaliyyət göstərən heç bir şəxs özünü tənqiddən kənarda hesab etməməlidir.
Mən dəfələrlə qeyd etmişəm və bu gün bir daha vurğulayıram: 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nə qədər şərəf və qürur məsələsidirsə, Qarabağın bərpası, qurulması, abadlaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qovuşdurulması da bir o qədər şərəf və məsuliyyət məsələsidir.
Biz Qarabağı bazara çevirməməliyik!
Biz Qarabağı şəxsi maraqların deyil, milli maraqların ünvanına çevirməliyik!
Biz Qarabağda dövlətin etimadını doğrultmalı, xalqın gözləntilərinə hörmətlə yanaşmalıyıq!
Prezidentin müəyyən etdiyi quruculuq və Böyük Qayıdış siyasətinin uğurla həyata keçirilməsi üçün hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir. Bu siyasətə ictimai etimadı gücləndirməyin yolu isə problemləri gizlətməkdən deyil, onları vaxtında müəyyənləşdirməkdən və aradan qaldırmaqdan keçir.
Elçin Yusubov vəzifəsindən azad edildi. Leysan Məmmədovun vəzifəsindən azad olunması barədə məlumat yayıldı. Bəs bundan sonra nə dəyişəcək? İdarəetmədə hansı nəticələr çıxarılacaq? İctimaiyyətin cavab gözlədiyi suallar cavablandırılacaqmı?
Yoxsa yenə də bir müddət sonra başqa adlar, başqa vəzifələr və başqa suallarla qarşılaşacağıq?
Və nəhayət, əsas sual: növbə kimindir?
Əslində, növbə kiminsə deyil, məsuliyyətin, şəffaflığın və hesabatlılığın olmalıdır!
Qarabağ bizim ümummilli sərvətimizdir. Onun taleyi heç bir məmurun şəxsi maraqlarına, heç bir işbazın kommersiya hesablamalarına qurban verilə bilməz.
Şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda hər kəs öz vəzifəsini vicdanla yerinə yetirməlidir.
Qarabağı biz birlikdə azad etdik. İndi onu birlikdə qorumalı, birlikdə qurmalı və gələcək nəsillərə alnıaçıq təhvil verməliyik!

#BöyükQayıdış #Qarabağ #AqilAbbas #Ağdam
Rövşən Hüseynli
Subyekt.az