Kəlbəcər rayonunda yerləşən “İstisu” Mineral Sudoldurma Zavodu 1976-cı ildən fəaliyyətə başlayıb. 1976-1980-ci illərdə zavodun direktoru vəzifəsində Kəlbəcər şəhər sakini Tofiq Hacıyev, 1980-1989-cu illərdən Front Bayramov, 1989-1993-cü illərdə isə yenidən Tofiq Hacıyev direktor vəzifəsində çalışıb. 1976-1990-cı illərdə zavodun baş mühəndisi vəzifəsində Xoləzək kənd sakini Salman Babayev, 1990-1993-cü illərdə isə 1977-ci ildən bu zavodda mühəndis-mexanik kimi fəaliyyət göstərən Nadirxanlı kənd sakini Məmməd Hacıyev çalışıb. Baş mühasib vəzifəsində isə Zülfüqarlı ərazi dairəsi üzrə Qaragüney kənd sakini Abdulla Abışov fəaliyyət göstərmişdir. Zavodun tikintisi və fəaliyyəti üçün bu insanların böyük zəhmətləri olub, olduqca fədakarlıq göstəriblər. O dövrlərdə zavod mazutla işləyib, suyun qablaşdırılması zamanı əlavə olunan karbon qazı Rustavi şəhərindən gətirilib, müvafiq infrastruktur və şərait olmayıb. 1982-ci ildə isə mühəndis-mexanik Məmməd Hacıyevin səmərələşdirici təklifləri əsasında mineral suya əlavə edilən karbon qazı elə həmin suyun özündən alınaraq qablaşdırılan suya əlavə edilib.
Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il 2 aprel tarixdə Kəlbəcər rayonunun işgalı ilə əlaqədar zavodun fəaliyyəti dayandırılıb, erməni faşizmi tərəfindən dagıdılıb, əmlakı Ermənistana daşınıb. Tofiq Hacıyev və Front Bayramov rayonun sayılıb- seçilən ziyalılarından olmaqla, Respublikamızda böyük hörmət və nüfuz sahibi kimi öz mərdlik, səmimiyyət və qonaqpərvərlikləri ilə xalqımızın dərin rəgbətini qazanmışdılar. Uca Tanrı həmin ziyalıları –Tofiq Hacıyev, Front Bayramov, Salman Babayev və Abdulla Abışova rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun.
Vətənpərvər şəxsiyyət Məmməd Hacıyevə isə can sağlığı, uzun ömür, Doğma Kəlbəcərli neçə gözəl ömür, sağlam günlər arzulayıram. Çünki Kəlbəcər rayonu işgaldan azad edildikdən sonra 2022-ci il 26 iyun tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin zavodun yenidən təməli qoyuldu və 2024- cü ildə işlər başa çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü il sentyabrın 2-də “İstisu” mineral sudoldurma zavodunun açılışında iştirak etdilər.
Bu həm kəlbəcərlilər, həm də bütövlükdə Azərbaycan xalqı üçün qürurlu və tarixi hadisədir. Allah Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və ailəsini qorusun! Allah vətən uğrunda candan keçən ölməz şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə şəfa və can sağlığı arzulayırıq.
Uca yaradan Müzəffər Ordumuzu qorusun!
Belə sevincli günlərimizdə hazırda dünyasını dəyişmiş, vaxtılə həmin zavodun fəaliyyəti üçün misilsiz xidmətləri olmuş, elimizin dəyərli insanlarını yad etməyi özümə borc bildim.
KƏLBƏCƏR AZƏRBAYCANDIR !
Qurban Sadıqov
Subyekt.az
Çox sağ olun, Qurban müəllim. Allah Sizə uzun ömür və cam sağlığı versin. Bu insanları unutmamısız və işıqlandırırsız.
Çox sağ olun, Qurban müəllim. Allah Sizə uzun ömür və can sağlığı versin. Bu insanları unutmamısız və işıqlandırırsız.