![]()
Mən onu tanıyanda dünyanın düz vaxtları idi. Hər şey bir az daha sakit, bir az daha aydın görünürdü. Nə COVID-19 adlı bəla həyatımıza girmişdi, nə də müharibələrin kölgəsi bu qədər ağır çökmüşdü üstümüzə. Neçə-neçə ailələrin ocağı sönməmişdi, neçə insanın taleyi yarımçıq qalmamışdı… Həyat öz axarı ilə gedirdi və biz də o axarın içində sözün, söhbətin, poeziyanın arxasınca gedirdik.
2014-cü ilin yaz ayları idi. Həmişə olduğu kimi, söz-söhbətimiz yenə poeziyadan düşmüşdü. Ustad Yusif Hüseyn ilə dərdləşirdik, o da hərdən bir papiros yandırar, bir az dayanıb düşünərək Xəqani Həbiboğlu haqqında danışırdı. Elə danışırdı ki, hiss olunurdu, bu, adi şeir yazan bir şair deyil… Misralar çəkirdi, amma o misraların dərinliyinə varmaq üçün tələsmək olmurdu. Bir az qapalı, bir az düşündürücü, amma içində qəribə bir sehr vardı.
Bir dəfə bir bənd şeir dedi, öz şeiri idi, Xəqani Həbiboğlu haqqında idi:
İllərdi çağırır Kəlbəcərini…
Kürlə bölüşdürür dərdi-sərini…
Kürə pıçıldayır nəğmələrini,
Bir şair yaşayır Kür qırağında…
O bənd məndə ilişib qaldı. Bir az da yerlipərəstliyim, kəlbəcərli olması… Bilirdim ki, Yusif müəllim elə-belə kimisə tərifləyən adam deyildi.
Bir gün dedim ki, ustad, məni o şairlə tanış et. Bir neçə gün sonra zəng gəldi: “Hazır ol, gedirik.” Sevincək yola düşdüm. Zəng edib soruşdum: “Haradasınız?” Dedi: “Köhnə Yevlax avtovağzalı tərəfdə bir çayxanada.” Çayın da qiyməti elə ucuz idi ki, sanki pulunu yox, söhbətini ödəyirdin.
Görüşdük, salamlaşdıq. Oturmaq istəyirdim ki, Xəqani müəllim bir anda baxıb dedi:
“Yusif müəllim, bu boyda şair olar? Bu ki lap Xan Eyvazdır.”
Bir anlıq utandım, nə deyəcəyimi bilmədim. Amma o zarafatın içində bir doğmalıq vardı. Elə o gün “Xan Eyvaz” adını da mənə o verdi. Tanışlığımız da elə o səmimi sözlə başladı.
Həmin gün onun öz dilindən şeirlərini dinlədim. Sözlərində qəribə bir sükut vardı, amma o sükut danışırdı. Hiss olunurdu ki, bu poeziya yazılmır, uşaq kimi doğulur, yaşanır.
Xəqani Həbiboğlu təkcə şair deyil, müəllimdir, əsl dostdur, insanlıq nümunəsidir, bütöv bir şəxsiyyətdir. Amma toyumda şeir demədi, onu da yazmışam, bir qırağa.
Onun yaradıcılığı haqqında düşündükcə bir məqam daha aydın olur:
Poeziya bölgə ilə ölçülmür. Amma etiraf etmək lazımdır ki, Kəlbəcər kimi zəngin saz-söz mühitində fərqlənmək hər kəsin işi deyil. Bu torpaq Aşıq Şəmşir, Aşıq Qəmkəş Allahverdi, İdris Verdiyev, Məmməd Aslan, Ənvər Rza, Şücaət, Bəhmən Vətənoğlu kimi yüzlərlə söz adamını yetişdirib. Belə bir mühitdə ənənədən çıxıb öz səsini tapmaq böyük cəsarət tələb edir.
Xəqani Həbiboğlu da məhz bunu bacarıb. O, qoşma-gəraylı çərçivəsinə sığmadan, amma kökdən də ayrılmadan öz yolunu yaradıb. Onun şeirlərində fərqli ritm, fərqli nəfəs, fərqli baxış var. Bu da onun özünəməxsus poeziya elementidir.
Onu ilk dəfə “Səni sevilməyə yaradıb dünya” şeiri ilə tanımışdım. O şeirdəki ziddiyyətlər, sadə sözlə dərin fikir demək bacarığı hələ də yaddaşımdadır:
Odumu sevənlər külümə gəlmir,
Sevginin nakamı ölümə gəlmir…
Acı söz gəzirəm, acıdam səni,
Güldən ağır kəlmə dilimə gəlmir
Səni sevilməyə yaradıb dünya
Bu misralar göstərir ki, onun poeziyası təkcə oxunmur, insanın içində yaşayır.
Poeziyasında ilk baxışdan diqqəti çəkən məqam sözün sadəliyi ilə fikrin dərinliyinin bir-birinə qarışmasıdır.
Bura abır, bura ismət yeridir,
Kəlbəcərdə duman — həya karvanı…
İki misrada təkcə təbiət təsviri yoxdur, bu misralarda mənəviyyatın coğrafiyası çəkilir. Dumanı təbiət hadisəsi kimi mənalandırmaq kifayət deyil, duman burada həyanın, ismətin örtüyüdür. Çox maraqlı və ibrətamiz fikirdir.
Başqa bir nümunədə isə şair daxili ağrını elə bir səmimiyyətlə verir ki, oxucu istər-istəməz o hissin içində özünü tapır:
Ürəyim ağrıdan aram olmadı,
Mənim heç sağalan yaram olmadı,
Dikbaş gözəllərlə aram olmadı,
Xəqani qanana quldu, bənövşə!
Başqa misralarda isə onun doğma torpağa bağlılığı, təbiətlə vətən hissinin vəhdəti açıq şəkildə hiss olunur:
Hansı bənövşəni şoran gözləyir…
Sanma Xəqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam, öyrətmə gülə könlümü!
Dəlidağ əzəmətli coğrafi məkan deyil, şairin ruhunun məskənidir. “Dəli boran” isə onun iç dünyasının metaforası kimi səslənir. O, aran rahatlığını yox, dağın sərtliyini, boranın çılğınlığını seçir.
Xəqani Həbiboğlunun poeziyası məhz bu cürdür — o, oxucuya hazır fikir vermir, onu düşündürür, içində gəzdirməyə məcbur edir. Onun şeirlərində sözlər danışmır, yaşayır.
Ümumiyyətlə, Xəqani müəllimin şeirlərinin sevilməsinin əsas səbəbi onun özünəməxsus deyim tərzidir. O, sözə forma vermir, sözə ruh verir.




18 aprel Xəqani Həbiboğlunun dünyaya gəldiyi gündür.
Doğum günün mübarək, əmi.
Sən bu dünyanın Xəqanisisən.
Hörmətlə,
Xan Eyvaz
Subyekt.az