![]()
1991-ci il noyabrın 20-də 22 nəfərin həyatına son qoyan Qarakənd faciəsindən 35 il ötür. Azərbaycanın dövlət və ictimai xadimlərinin, ziyalılarının və jurnalistlərinin həlak olduğu həmin qanlı gün xalqımızın yaddaşına əbədi həkk olunub. Bu gün isə 20 noyabr həm də Ağdamın işğaldan azad edilməsi ilə tarixi qürur və qələbə rəmzinə çevrilib.
Azərbaycan tarixinin elə səhifələri var ki, onları xatırlamaq yalnız keçmişə nəzər salmaq deyil, həm də milli yaddaş, dövlətçilik iradəsi və gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir. 20 noyabr tarixi də xalqımızın yaddaşında həm dərin hüznün, həm də böyük qürurun ifadəsi kimi yaşayır.
1991-ci il noyabrın 20-də Qarabağ səmasında baş verən Qarakənd faciəsi Azərbaycanın dövlətçilik tarixinə ən ağır və qanlı hadisələrdən biri kimi daxil olub. Həmin gün Azərbaycanın dövlət və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələri, millət vəkilləri, tanınmış ziyalıları və jurnalistləri erməni silahlı birləşmələri tərəfindən vurulan Mi-8 hərbi helikopterində həyatlarını itirdilər.
Hadisə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi istiqamətində baş verib. 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində, təxminən 300 metr yüksəklikdə uçan Mi-8 helikopterinin vurulması nəticəsində 22 nəfər həlak olub.
Bu faciədə Azərbaycanın dövlətçilik tarixində mühüm iz qoymuş şəxsiyyətlərimizi itirdik. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri, tanınmış jurnalist Osman Mirzəyev, eləcə də Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.
Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Saylau Serikov da həmin faciənin qurbanları sırasında idi.
Bu, sadəcə bir helikopterin vurulması deyildi. Bu, Azərbaycanın dövlət idarəçiliyinə, milli elitasına, ziyalı təbəqəsinə və informasiya məkanına vurulmuş ağır zərbə idi. Bir gündə dövlət xadimlərini, hüquqşünasları, siyasətçiləri və qələm sahiblərini itirən Azərbaycan xalqı böyük bir faciə yaşadı.
Qarakənd faciəsi – tariximizin unudulmayan qanlı yaddaşı
Aradan 35 il keçməsinə baxmayaraq, Qarakənd faciəsinin ağrısı xalqımızın yaddaşından silinməyib. Çünki tarix yalnız baş vermiş hadisələrin xronologiyası deyil. Tarix həm də xalqın yaşadığı ağrıların, itirdiyi dəyərlərin, mübarizəsinin və gələcəyə ötürdüyü dərslərin məcmusudur.
Biz dünənimizi unutmamalı, yaşadığımız faciələri gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Tarixi unutmaq onu yenidən yaşamaq təhlükəsini artırır. Milli yaddaşın qorunması isə hər bir vətəndaşın, xüsusilə də jurnalistlərin, tarixçilərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin mənəvi borcudur.
Qarakənd faciəsinin qurbanları Azərbaycanın müstəqillik tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdir. Onların xatirəsini yad etmək, həyat və fəaliyyətlərini öyrənmək, gələcək nəsillərə tanıtmaq dövlətçilik tariximizə və milli yaddaşımıza ehtiramın ifadəsidir.
20 noyabr – həm hüzn, həm də Zəfər tarixidir
Bu tarixin Azərbaycan xalqı üçün başqa bir mühüm mənəvi və tarixi məqamı da var.
20 noyabr 2020-ci ildə, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Uzun illər işğal altında qalan Ağdam yenidən öz doğma dövlətinin idarəçiliyinə keçdi.
Bu gün Ağdamın azadlığı Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Vaxtilə düşmən tapdağında qalan, viran edilmiş, ruhu yaralanmış Ağdamın yenidən dirçəlişi Böyük Qayıdışın mühüm mərhələlərindən birinə çevrildi.
Beləliklə, 20 noyabr tarixinin yaddaşımızda iki fərqli, lakin bir-biri ilə mənəvi baxımdan sıx bağlı olan məzmunu var: 1991-ci ilin qanlı faciəsi və 2020-ci ilin tarixi Zəfəri.
Bu gün bir gözümüz ağlayır, digər gözümüz sevinir. Bir tərəfdə Azərbaycanın dövlətçilik tarixinin ağır itkisi, digər tərəfdə isə illərlə həsrətində olduğumuz torpaqların azadlığı dayanır.
Bu iki hadisəni birləşdirən əsas məqam Vətənə bağlılıq, milli iradə və müstəqillik uğrunda mübarizədir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə, eləcə də sonrakı mərhələdə ölkəmizin suverenliyinin tam bərpası xalqımızın onilliklər boyu çəkdiyi ağrıların və itkilərin fonunda yeni tarixi mərhələnin başlanğıcı oldu.
Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində Qarabağ Azərbaycandır!
Qisas qiyamətə qalmadı!
Bu gün Qarakənd faciəsinin qurbanlarını, Qarabağ münaqişəsi zamanı həyatını itirmiş bütün şəhidlərimizi ehtiramla anırıq.
Onların hər biri xalqımızın yaddaşında yaşayır. Onların yarımçıq qalan arzuları, Vətənə bağlılıqları və Azərbaycanın müstəqilliyi naminə göstərdikləri xidmətlər heç vaxt unudulmayacaq.
Tarixi yaşatmaq, həqiqətləri qorumaq və gələcək nəsillərə ötürmək bizim mənəvi məsuliyyətimizdir. Çünki millətin yaddaşı onun kimliyidir. Yaddaşını qoruyan xalq isə gələcəyini daha möhkəm təməllər üzərində qurur.
20 noyabr həm hüznümüz, həm də qürurumuzdur.
Qarakənd faciəsinin qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq. Ağdamın azadlığı, Qarabağın dirçəlişi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qisas qiyamətə qalmadı! Qarabağ Azərbaycandır!

Rövşən Hüseynli
Subyekt.az