![]()
27 noyabr 2026-cı il tarixdə Ağcabədidə fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin növbəti toplantısı keçirilib. Toplantı YAP Ağcabədi rayon təşkilatının binasında təşkil olunub. Açılışda çıxış edən “Ələk” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Məhsəti Musa məclisin fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, məclis 2013-cü ilin yanvar ayında fəaliyyətə başlayıb və 2020-ci ilədək davamlı görüşlər keçirilib. Bu dövrdən sonra isə məclisin fəaliyyətində müəyyən səbəblərdən durğunluq yaranıb, ayrı-ayrı görüşlər baş tutsa da, onlar müntəzəm xarakter daşımayıb. Lakin artıq məclisin davamlı fəaliyyəti yenidən bərpa olunur. O həmçinin qeyd edib ki, ədəbi məclis bugündən sonra “Aran Yolu” MMC-nin nəzdində və bir sıra dəyişikliklərlə fəaliyyətini davam etdirəcək.
Yığıncaqda “Ələk” ədəbi məclisinin yeni tərkibi də müzakirə olunub. Yekdilliklə məclisin sədri Məhsəti Musa, katibi Gündüz Sevindik, İdarə Heyətinin sədri Fərrux Rəhimli, İdarə Heyətinin üzvləri isə Aynurə İnci, Nüşabə İbrahimova, Vaqif Allahverdiyev seçilib. Tədbirdə məclisin loqosu da təqdim olunub.
Daha sonra məclis üzvləri və qonaqlar çıxış ediblər. YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov məclisin fəaliyyətinin bərpa edilməsinin rayondakı ədəbi mühit üçün əhəmiyyətli hadisə olduğunu vurğulayıb, təşkilatçılara uğurlar arzulayıb, YAP Ağcabədi rayon təşkilatının da yaradıcı gənclərə müəyyən dəstək verə biləcəyini qeyd edib.
Daha sonra məclisin katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gündüz Sevindik, Əməkdar müəllim Zəhra İbrahimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vaqif Allahverdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftaliyeva, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Sevil Məmmədova, Ağcabədi Peşə Məktəbinin əməkdaşı Günel Əsədova, “Ələk” ədəbi məclisinin İdarə Heyətinin üzvü Aynurə İnci, şəhid bacısı, İdarə Heyətinin üzvü Nüşabə İbrahimova, məclisin üzvü Emin Tofiqoğlu və digərləri çıxış edərək məclisin fəaliyyətində uğurlar arzulayıblar.
Görüşdə gənc və yeni üzvlərin şeirləri dinlənilib, iştirakçılar arasında tanışlıq olub. Qeyd edilib ki, növbəti toplantılar barədə ədəbi məclisin sosial şəbəkə hesablarında mütəmadi məlumat veriləcəkdir.

Subyekt.az