![]()
Nəriman Həsanzadənin son 30 illik yaradıcılığında Qarabağ müharibəsi, müharibə gedən bir ölkədə yaşanan sosial ziddiyətlər, xalqla Ali Baş Komandanın birliyi mövzusu müstəqillik illərindən üzü bəri Azərbaycan Ədəbiyyatında özünəməxsusluğu ilə yadda qalır.
44 günlük savaşda Nəriman Həsənzadənin lirik şeirlərində Azərbaycan xalqının birliyi və mübarizəsi mövzusu müasir poeziyamızda önəmli yer tutdu. Ali Baş Komandanın 44 günlük savaşda Dəmir yumruq və Qarabağ Azərbaycandır! Ifadələrinin Azərbaycan poeziyasından qırmızı bir xəttlə keçməsi Azərbaycan şeirinin əsas mövzularından birincisi olması və Ali Baş Komandan obrazının yaranmasında Nəriman Həsənzadə poeziyası da təsirsiz ötmədi.
Onun “Cənab Ali Baş Komandan, halaldı sizə” başlıqlı şeirində Prezidentə təşəkkür və hörmət hissi ilə bərabər Şuşanın azad olmasında Ali Baş Komandanın tarixdə görünməyən bir hünər göstərməsi qiymətləndirilir, 44 günlük savaşda qazandığımız qələbədə Ali Baş Komandanın bu savaşla tarix yazmasını bütün dünyaya çatdırılması məsələsini qarşısına məqsəd qoyur. “Xarbülbül” festifalında yaşanan müqəddəs hisslər şeirdə təcəssümünü tapır:
“Xarıbülbül” festivalı
Bir möcüzədi,
Yerlər-göylər ovsunlanıb
Dedim Şuşada.
Dağlar təzə, həyat təzə,
Yollar təzəydi,
“ Paytaxt Şuşa” doğulurdu
Qədim Şuşada.
Şeirdə qalib xalqın, qalib sərkərdəsinin Şuşanın azadlığı xəbərini dünyaya çatdırması məqamı şeirin təsir gücünü artıraraq, azad Şuşanın poetik tablosunu yaradır:
“Sən azadsan, əziz Şuşa”-
Doğma səsiydi,
Vurğusu da, nidası da
Yadda qalırdı,
Festivalda işğalçının
Məhkəməsiydi,
İlk dəfəydi, “əsir” dağlar
Nəfəs alırdı.
Şeirdə bəzən şair reallıqlarla yanaşı, bədii təxəyyülü də təsir edici məqamlar yaradır. Xüsusi ilə şairin Şuşaya ilk səfər edənlər arasında xəyalən Üzeyir bəyi, Bülbülü görməsi onların ruhlarının Şuşa azad olduqdan sonra rahatlıq tapması mesajını verir.
Şair sonuncu bəndində Ali Baş Komandanın Şuşa azad edildikdən sonra ata məzarını ziyarət edərək, ölməz öndərin arzularının qanad açmasını ifadə etdiyi səhnələri poetikləşdirir. Bu rellıqların əvəzsiz və qürurverici tərəfi oxucularda müqəddəs hisslər doğurur:
Ulu öndər”Şuşa”, -deyə
Nitq eyləyirdi,
-Vətən, ana həsrətidi,
Şuşa həsrəti.
Xoşbəxtəm ki, -öğul İlham
Belə deyirdi:
mən yerinə yetirmişəm
Bu vəsiyyəti.
(“Cənab Ali Baş Komandan, halaldı sizə”)
Bu mövzu şairin “Zəfər yolu” lirik poemasında da davam etdirilir. Əsərin Ali Baş Komandanın müdrük kəlamı ilə başlaması özü də bir epiloq rolunu oynayır. ”Burada səhvə yol verilə bilməzdi. Çünki bu, tarixi məsuliyyətdi…” ifadəsi ilə poemanın gedişatına bir dəyər qatır.
Cənab Ali Baş Komandanın 30 ilə yaxın zamanda bu zəfərə doğru yol gəlməsi, siyasi fəaliyyəti, xalqla birliyi və Azərbaycan ordusunun möhkəmlənməsi uğrunda apardığı işlər, yuxusuz, çətin gecələr şeirdə əksin tapır. Hadisələrin real boyalarla təcəssüm etdirlməsi, həmçinin həm Ali Baş Komandanın fəaliiyəti və ucalığı Şuşanın möhtəşəmliyi, Şuşa vüqarıyla qarşı-qarşıya qoyulur. İki obraz oxucusunu qürurlandırır:
Şuşa yolu, Zəfər yolu,
30-illik səfər yolu!
Cənab Ali Baş Komandan,
Səfərdəsən sən o vaxtdan.
İstidə,
Boranda,
Qarda,
Uzaq-yaxın o yollarda!
Yol içindən yol seçirsən,
Keçirilməz yollar keçirsən,-
Fikrin –zehnin yollarını,
44 günün yollarını.
Ali Baş Komandanın dəmir yumruğu altında birləşən Azərbaycan ordusu uzun illər mübarizə üçün güclü təlimlərdən keçir və möhkəmlənirdi.
Ordumuzun gücləndirilməsi və formalaşması isə aparılan ən vacib məsələlərdən idi. Ali Baş Komandan 30 illik fəaliyyəti boyu bu yolda irəliləyirdi. Və bu günkü qələbə dünənin gərgin sınaqlarından keçmənin göstəricisidir. Şair tarixə üz tutur, illər əvvəl ulu öndər Heydər Əlirza oğlu Əliyevin Şuşaya səfərini xatıriayır. Şair bu hadisəni görüb şahidi olmuşdu. O. İllərdə də ulu öndərin əlli doqquz yaşında olması və zəfərimizi bizə dadıran, Şuşanı görmək şərəfini bizlərə yaşadan Ali Baş Komandanın – İlham Heydər oğlun da 59 yaşında azad Şuşanın görüşünə gəlməsini gözəl bir hal kimi dəyərləndirir:
-Əlli doqquz yaşındaydım!-
Bunu Ali Baş Komandan
özü dedi.
Ulu öndər o zamanda
həmin yaşın içindəydi
Şair tarixin təkrarını xatırladığı üçün duyğulanır və bununla fəxr edir. Keşmiş günlərdə Şuşada Vaqif abidəsi önündə yaşananlar bir-bir şairin gözləri qarşısında canlanır. Şuşanın məfdunedici gözəliyi, yağan qarın bir çiçək kimi abidə önündəki ziyalıların sevincinə qarışması gözəl bir tablo kimi oxucunun qəlbini isidir. Şuşanın dünəni və bu günü təsirli məqamlar yaradır. Şair İlham Əliyevin Şuşada-unudulmaz görüşdə, Vaqif abidəsi önündə olarkən cəmi 21 yaşında olmasına diqqət çəkir. Xatirələr şair xəyalını qoynuna alır:
Salam Şuşa, salam Vaqif!
Ulu öndər, bir də salam!
Abidənin önündəyəm,
Heykəl kimi dayanmışam.
Çiçək bilib sevinirik,
Üstümüzə yağan qarı.
Ulu öndər alqışlayır,
Gətirdiyi qonaqları,-
Dağlardı dərdi-qəmi,
Bu duman kimi, çən kimi.
Uşaq kimi sevinərdi
O, bir şair görən kimi.
İlham orda, aramızda,
İyirmi bir yaşındaydı,
Şuşanın yaddaşındaydı.
Poemada Ali Baş Komandanın ziyalıya, şairə, şeirə olan hörmət və sevgisi də müəllifin dilindən poetikləşir. Elə o illərdən Şuşanın yaddaşına çevrilən Ali Baş Komandan uzun illər sonra Şuşanın azad olmasında,öz xalqı və zərbaycan ordusu ilə 30 illik mübarizə aparır və qalib olur.
Poemada tarixin təkrarı, atanın və oğulun Şuşa səfərlərində eyni yaşda olması şairin təccübünə çevrilir. Təsadüfün də zərurətdən yaranmasının və bu yaşantının dərkedilməz bir hikmət olduğunu vurğulayan şair ata və oğulun bir-birinin davamı, əvəzi olmasının Tanrı tərəfindən gələn ən gözəl xoşbəxtik olması həqiqətinin mesajı maraqlı və qürurlu anlar yaşadır:
Bu tarixdi, həqiqətdi..
Təsadüf də,
Eşitmişəm zərurətdi.
Demək, bu da dərkedilməz
Bir hikmətdi.
Demək, bu əlli doqquz da,
O birinin əvəziydi.
Atasının nəfəsiydi.
Bir kitabın o iki
Səhifəsiydi.
Bir dağın da
İki qarlı zirvəsiydi.
Bu, qəhrəman bir millətə,
Azərbaycan, sənə şanlı töhfəsiydi.
Demək, gələn, gəlməliydi.
O haqqa yüksəlməliydi.
Qoşun çəkib açmalıydı.
Bizim zəfər yolumuzu.
Tarix təqdim etməliydi,
əsrimizə,-
İlham adlı oğlumuzu.
Poemada Ali Baş Komandanın, azad Şuşanın və Azərbaycan əsgərinin obrazı böyük bir vəhdət təşkil edir. Azad Şuşaya 30 -ildən sonra ilk səfərin təsüratlarını müəllif öz dilindən versə də burada böyük Azərbaycan xalqının azad Şuşayla ilk buluşması, qovuşması təcəssüm edilir. Güzlərimiz önündə qürurundan yerə-göyə sığmayan Azərbaycan xalqı dayanır. Xalqla ordumuzun, Ali ba Komandanın birliyi misralara sığmır. Poemanın beşinci və altıncı fəsli Şuşa müqəddəsliyinə, Şuşa vəsfinə həsr edilib. “Yer üzünün cənnət üzü”nün şair dilindən təsviri Şuşanı belə heç bir zaman görməyən oxucusuna bütün tamlığı ilə təqdim edir:
Salam Şuşa, Cıdır düzü!
Yer üzünün cənnət üzü!
Yerin göylərdə tutduğu
Dağlarda meydan güzgüsü!
Mən burdan çağırsam səni,
eşidər dünya səsimi.
Bu misralarla şair Şuşanın özünəməxsusluğunu təsvir edir, onun yüksək bir varlıq olmasını, həm də göylərə yaxın olduğunu iki mənada şərh edir. Şuşa yüksəklikdə yerləşən ilahi bir şəhər kimi təsvir edilsə də şair onun göylərə yaxın olmasını tanrıya yaxın olması anlamında da bölüşür:
Yellər burdan tez aparar,
Ulduza-aya səsimi.
Şuşanın ucsuz-bucaqsız dağlarını-dərələrini, dağaətəyi enən cığırın sonsuzluğunu yer üzünün sonuna bənzədir:
Sıx meşələr,
Uçqun qayalar, dərələr.
Dağətəyi enən cığır,
Yer üzünün sonunamı
Gedib çıxır?
Müəllif poemada İsa bulağının sağlıq verən suyunu, can dərmanı havasını da unutmur. “Hər saatı bir ömürdü, dağlardan nəfəs alana,” ifadəsi ilə Şuşa havasının can dərmanı olduğunu ifadə edir. Xarı bülbülün bənzərsizliyi, heç bir məmləkətdə bu gülün əvəzinin olmaması “Xarıbülbül”, “Xarıbülbül”! nə bu rəngdə çiçək gördüm, nə də bir gül” ifadəsi isə Xarıbülbülün dünyada olmamasına işarədir. Fəslin sonunda isə Şuşanın mədəniyyət paytaxtı olması bir daha qürurla anılır ki, bu da əsərin təsir gücünü artırır, dünyaya möhtəşəm bir mesaj verir:
Ən gözəl seyrangahımdı,
ən gözəl tamaşam mənim!
Mədəniyyət paytaxtımdı
Şuşam mənim!
Poemanın altıncı fəslində Şuşa sevgisi səmimi hisslərlə saf, təmiz, içdən duyğularla ifadə edilir. Adi və sadə dillə vətən sevgisinin rəsmi çəkilir, tablosu canlanır:”Sən mənim könül aləmim, muğamım-sazımsan, Şuşa!, zirvədə qarlı qışımsan, dərədə yazımsan, Şuşa!” ürəyin döyüntüsünü əks etdirən, damarlarda qanı coşduran bu sevgi etirafı bu günkü Şuşa poeziyasının əsas ana xəttidir. Daha sonra şairin bütöv Azərbaycanı bir yerdə tutmaq istəyi, Şuşada bütöv Azərbaycanın bütövlük simvolu olan Təbrizi, Gəncəni də unutmaması lazımı məqamlara açıqlıq gətirir. “Burda Gəncə, orda Təbriz, Kürüm-Arazımsan Şuşa!” Fəslin sonunda Tarixi unutmayan şair Şuşanın azad olmasın ilə Pənah xanın simasında bütün Şuşalıların ruhlarının huzura qovuşduğunu böyük iftixarla vurğulayır.
Poemadakı qəhrəmanlardan digəri isə Şuşa azadlığını bizə dadıran, bu qüruru, sevinci yaşadan Azərbaycan əsgəridir və şair Azərbaycan əsgərinə üz tutur və torpaqlarımızın azad olması üçün Şəhidlərimizə borclu olduğumuzu, vətənin bizə şəhidlərdən əmanət qaldığını xatırladır. Bu mesaj Azərbaycan əsgərinə yönəlsə də bütün xalqa bir ağsaqqal öyüdü, nəsihətidir:
Əsgər gördüm, gümrahıydı,
Dünən Şuşa yollarında.
Zəfər yolu dediyimiz
Həmən Şuşa yollarında,
Bu gün – Şuşa şəhərində.
Axşamın da, səhərin də
Bu yerlərdə sahibi var,
Yiyəsi var.
Düşmənin yüz hiyləsi var,
Yüzbiri də xəyanətdi.
Bu torpağın hər qarışı
Şəhidlərdən əmanətdi.
Əmanətdi,
Əmanətdi.
(N.Həsənzadə, “Zəfər yolu”)
Şəhidlərimizin bizlərə əmanəti olan müqəddəs torpaqlarımız hər zaman vəsf ediləcək, Qarabağ torpaqıları uğrunda Şəhidlik zirvəsi fəth edən oğullarımız tarixdən tarixə yaşayacaq və unudulmayacaq.

Mərziyyə Nəcəfova filologiya elmləri doktoru
Subyekt.az