![]()
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat, Azərbaycan xarici siyasətinin strateji istiqamətlərini və regional əməkdaşlıq baxışını bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışında xüsusilə Türk dünyası ölkələri ilə əlaqələrin dərinləşdirilməsi, iqtisadi və nəqliyyat sahəsində inteqrasiyanın genişləndirilməsi kimi məsələlər ön plana çəkildi.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu bəyanatı şərh edərkən bildirib ki, Prezident İlham Əliyevin səfəri təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda Azərbaycan dövlətinin uzunmüddətli strateji maraqlarının təmin olunmasına xidmət edən mühüm addımdır. Onun sözlərinə görə, Qırğızıstanla münasibətlərin yeni mərhələyə keçidi Türk dövlətləri arasında həmrəyliyin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Fazil Mustafa vurğulayıb ki, Prezidentin mətbuata verdiyi bəyanatda regional sabitlik, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsiplərinin ön plana çəkilməsi Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu balanslı və prinsipial mövqeyin göstəricisidir.
Deputatın fikrincə, bu yanaşma Azərbaycanı etibarlı tərəfdaş kimi daha da gücləndirir və ölkənin nüfuzunu artırır.
O, həmçinin qeyd edib ki, nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində səsləndirilən fikirlər Azərbaycanın qlobal logistika xəritəsində rolunu daha da möhkəmləndirəcək. Komitə sədrinin sözlərinə görə, bu kimi təşəbbüslər yalnız iqtisadi dividendlər deyil, eyni zamanda regionda siyasi sabitliyin təmin olunmasına da töhfə verir.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycan diplomatiyasının ardıcıl və məqsədyönlü fəaliyyətinin bariz nümunəsidir. Onun fikrincə, bu səfər və verilən mesajlar göstərir ki, Azərbaycan yalnız regional deyil, eyni zamanda daha geniş coğrafiyada söz sahibi olan aktora çevrilməkdə davam edir.
Sonda Fazil Mustafa bildirib ki, bu cür səfərlər və bəyanatlar ölkənin milli maraqlarının qorunması, beynəlxalq əlaqələrin genişləndirilməsi və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edir.
Subyekt.az