![]()
Texnika elmləri doktoru, professor Şahin Həsənovun uğurları və nailiyyətləri davamlı olsun.

Haqqında söz açmaq istədiyim doğmalarım az olmayıb. Nədənsə, onların barəsində ürəyimdən keçənləri qələmə ala bilməmişəm. Elə anlaşılmasın ki, yazmağa, deməyə sözüm olmayıb, əksinə, özgələrdən daha çox, onların barəsində söz demək imkanım olub. Özləri razı olmayıblar.
Belə doğmalarımdan biri də bu günlərdə sosial mediada haqqında ürəkaçan xəbər oxuduğum Şahin Hümbət oğlu Həsənovdur. Həmin xəbərdə deyildiyi kimi, Türk dünyası elminə və təhsilinə verdiyi mühüm töhfələrə görə prof. Dr. Şahin Həsənov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Böyük Turan” ordeni ilə təltif olunub.
Təltif və mükafatın təqdimedilmə tədbiri Türkiyə Respublikasında keçirilib. Mükafat alimə Türk dünyası elminin inkişafı, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi sahəsində göstərdiyi uzunmüddətli və səmərəli xidmətlərinə görə təqdim edilib.
Xatırladaq ki, “Böyük Turan” ordeni Türk dünyasının elmi və mədəni dəyərlərinə xidmət edən nüfuzlu şəxslərə verilən ali mükafatlardan biri hesab olunur.
Şahin müəllim texniki elmlər doktoru, professor, Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, “Respublikanın Fəxri Yol İnşaatçısı”dır.
Elimizin və xalqımızın TURAN sevdalı dəyərli alimi olan Şahin Həsənovu ürəkdən təbrik edir, elmi fəaliyyətində uğurlar diləyirik!
Təbrik üçün bu fikirlər yetərli olsa da, Şahin Həsənov haqqında deyiləsi, yazılası sözüm var ki, bir məqaləyə sığışmayacaq qədər.
Uzun illər “Azərbaycan Avtomobil Yolları”nda vitse-prezident vəzifəsində çalışan Şahin Həsənovla ilk tanışlığımı heç vaxt unutmadım. Kəlbəcər rayon mədəniyyət evinin bədii rəhbəri işləyirdim. Mədəniyyət evində fəaliyyət göstərən Xalq aşıqları ansamblının Bakı şəhərində (Azərbaycan Dövlət Filarmoniyasında) konserti planlaşdırılmışdı. Tədbirin aparıcısı bu sətirlərin müəllifi idi.
Konsert proqramı yüksək anşlaqla sona yetdikdən sonra, başda ansamblın bədii rəhbəri Aşıq Qəmkeş Allehverdi olmaqla, kollektivə qonaqlıq verildi. “Gecə konserti”nin təşkilatçıları Şahin Həsənovun qardaşları idi.
Məhz Şahin müəllimi ilk dəfə o gecə, 1986-cı ildə görmüşdüm. Kəlbəcərsevərliliyi ilə seçilən qardaşların biri kimi tanıdığım Şahin Həsənovla daha yaxından tanışlığımız isə Kəlbəcərimizin işğala məruz qaldığı illərdən başladı. Doğmalığımızı da məhz Onunla bir masa ətrafında (ailəsində) oturanda bildirmişdim.
Şahin Həsənov “Azəravtoyol” dövlət şirkətinin vitse-prezidenti olarkən qonağı oldum. Şirkətin fəaliyyəti barədə çalışdığım “Yeni Azərbaycan” qəzetində məqalə yazmalı idim. Həmin yazını qələmə alarkən sərlövhəsi üzərində çox da düşünmədim. Məqalənin başlığı belə idi: “Murovda yollar da döyüşür”. Doğrudan da Murovda o zaman yollarımız gediş-gəlişli deyildi.
Məqalə sırf iqtisadi mövzuda deyildi. Məqamdan istifadə edərək, Kəlbəcər yollarının da əsir düşməsini, girov götürülməsini yazmışdım. Ölməz şairimiz Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” şeirindən nümunə çəkərək, özümün də eyni adlı gəraylılarımı məqaləyə əlavə etməyim Şahin müəllimin diqqətindən yayınmamışdı.
Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.
Yenə könlüm atdanıbdı,
Dərdi-sərini danıbdı,
Od alıbdı, oddanıbdı,
Kəlbəcərə gedən yollar.
Duman-çiskinə bürünür,
Gözlərimə tor görünür.
Mənim kimi hey sürünür
Kəbcərə gedən yollar…
Dərə-təpə, eniş-yoxuş,
Düşməninə nizə, oxmuş!
Elə bil ki, heç yoxumuş
Kəlbəcərə gedən yollar…
Bax beləcə oddan keçir,
Obadan, oymaqdan keçir,
Sinəmi oymaqdan keçir
Kəlbəcərə gedən yollar…
Basıb duman, görmür gözüm,
Hey qaradı yanda üzüm.
Hələ deyir yenə dözüm,
Kəlbəcərə gedən yollar?!
Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.
Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.
Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.
Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.
Məqaləni oxuduqdan sonra məni şirkətə dəvət etmişdi. Görüşdə məndən mobil telefonumun nömrəsini istədi. Telefonum yox idi. Utanıb başımı aşağı salıb astaca dilləndim:
-Telefonum yoxdur…
Çox düşünmədi. Daxili telefonla Mehman adlı bir nəfəri otağına dəvət etdi:
-Mehman, əmioğlunun telefonu yoxdur, xəbərin olsun. Jurnalistin telefonu, diktafonu, qələmi (o vaxtlar kompyuter hələ yox idi) olmasa necə işləyə bilər? Xəbərin varmı, Məhəmməd əmioğlunun məqaləsindən? Kəlbəcərimizin şəhidlərindən kitab yazan qələm adamıdır. Şəhid yazılarını oxumaq olmur, onları necə yazıb, bilmirəm. Bax gör nə edirsən…
Bu sözlər qəlbimi silkələyirdi. Sussam da, daxildən qəlbim qan ağlasa da, sevinirdim ki, Kəlbəcərimizin belə dəyərli oğulları var.
Bəli, Mehman müəllim də Kəlbəcər rayonunun Günəşli kəndindən imiş. Bu gün də işlətdiyim mobil telefon nömrəm məhz Şahin Həsənovun tapşırığı ilə Mehman qardaşımızın mənə telefonla birlikdə hədiyyə etdiyidir ki, dəyişməyib.
Şahin Həsənov el-obanın xeyir-şər məclislərindən qalmayıb. Vəzifə sahibi olsa da, heç vaxt çörək kəsdiyi dostları unutmayıb. Qardaşı Ələkbər Həsənov bir dəfə bu barədə söhbət edəndə gülüb demişdi:
-Biz Kəlbəcərdə, Laçın kəndində dünyaya göz açmışıq, qardaş. Şahinin də sadə, səmimi olması atamızdan, anamızdan, böyük qardaşımızdan gəlir. Başqa cür ola bilərikmi?
O zaman Ələkbər Həsənov unutmuşam, ya DİN-in banditizm və terrorizm idarəsində, ya da Narkomanlığa qarşı mübarizə Baş idarəsində şöbə rəisi vəzifəsində çalışırdı. Hümbət Həsənov kimi müəllimdən dərs almış oğullarda sadəlik, səmimilik həm də ilikdən-qandan gəlmə idi.
Şahin müəllimin ömür-gün yoldaşının atası Sadıq Qayxanov da Qax-Balakən bölgəsində sayılıb-seçilən el ağsaqqalı və ziyalılarından biri kimi tanınırdı. Dünyasını dəyişmişdi. Haqqında topladığım materialları və əldə etdiyim xatirələri jurnal kimi çap etdirəndə Şahin müəllimi daha yaxından tanımaq imkanım oldu.
Yox, bu ailə haqqında bildiklərim bir məqaləyə sığası deyil. Ona görə də Şahin Həsənovun fəaliyyətinin nəticəsi olan yeni mükafat və təltifi ilə bağlı təbrikimə, sadəcə, əlavə edim ki, vəzifə onu dəyişmədi.
İxtisasının alimi kimi də elmi nailiyyətləri Şahin Həsənovun uğurlarının sayını artırdı, davamlı olsun.
“ Böyük TURAN” Şahin Həsənovun bu yoldakı xidmətlərinin bəhrəsidir. TURAN sevdalı qardaşımıza uğurları bundan sonra da davam etsin, – deyirik.

Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı publisist, Ç.Aytmatov adına beynəlxalq ”Altın Kalem”, AzKİVHİ-nin “Qızıl qələm” mükafatları laureatı,
“Yenilik-press” qəzetinin baş redaktoru
Subyekt.az