![]()
Kəlbəcər ərazisində Soyuqbulaq kəndinə aparan yeganə qədim körpü yerləşir. Qeyd edim ki, bu körpünün bir tərəfi yola çıxsa da, digər tərəfi dağ yolu olan ensiz bir cığıra açılır. Həmin cığır dağların döşündə, əsrarəngiz gözəlliyə malik olan kəndə aparır.
XVIII əsrdə burada yaşayan insanların yolda çəkdikləri əziyyəti görən Kəlbəcərin sayılıb-seçilən şəxslərindən biri olan Hacı Əhməd çayın üzərindən rahat gediş-gəlişi təmin etmək üçün körpü tikdirmək qərarına gəlir. Qeyd edim ki, Hacı Əhməd bölgədə geniş torpaq sahələrinə, sürülərə və yaylaqlara sahib olan, sözükeçən və varlı bir şəxs olub.
Əslində, Hacı Əhməd körpünü həmin dövrün şərtlərinə uyğun olaraq daha modern bir formaya salıb. Ondan əvvəl burada daşlardan ibarət sadə bir keçid olub və Səfəvilər dövrünə aid mənbələrdə tacirlərin bu ərazidən keçməsi barədə qeydlər mövcuddur. Lakin zaman keçdikcə daşqınlar və çayın suyunun artması insanların hərəkətini çətinləşdirirdi.
O dövr üçün təhlükəsiz keçidi təmin etmək, insanların çay daşqınlarının qurbanı olmamasını və axar suların tikilini dağıtmamasını nəzərə alan ustalar körpünü tamamilə yerli çay daşlarından və əhəng-qum məhlulundan istifadə etməklə, birtağlı formada inşa ediblər. Məlumat üçün bildirim ki, Hacı Əhməd körpünün tikintisi üçün Gəncə, Şuşa və Naxçıvan kimi mərkəzlərdən xüsusi daşyonan ustalar və memarlar dəvət etmişdi.
Buna görə də tağın qövsü relyefə uyğun olaraq dik və yarımdairəvi formada tikilib. Qarabağ memarlıq məktəbinin xüsusiyyətlərinə uyğun olaraq körpünün dayaqları hər iki sahildəki təbii qayalıqlara söykənir.
Körpü tikilərkən heç bir müasir sement materialından istifadə olunmayıb. O, tamamilə yerli çay daşları, əhəng və yumurta ağının qatıldığı xüsusi məhlul vasitəsilə hörülüb.
Bu körpü eyni zamanda dağdan arana enən sürülər üçün də xilas yolu idi. Ondan əvvəl axar su yerli çobanlara ciddi çətinlik yaradırdı. Ərazidə yaşayan ailələrin ağsaqqalları buradan keçmək üçün növbəli şəkildə razılıq əldə etmişdilər.
XIX əsrin sonlarında çar Rusiyasının Qafqaz Hərbi Dairəsi tərəfindən hazırlanmış bütöv Qarabağ və Cavanşir qəzasının verstlik xəritələrində də bu körpü barədə qeydlər mövcuddur.
Sovet dövründə və işğal illərində körpü öz əzəmətini itirməyib. Çox təəssüf ki, hazırda bu körpünün yaxınlığında işıq dirəyi basdırılıb ki, bu da onun tarixi görkəminə müəyyən mənada kölgə salır. Kaş ki, burada işıq dirəyi olmasaydı və turistlər gəldikdə onlara ətrafı tarixi abidənin təbii görünüşü ilə birlikdə rahat şəkildə təqdim etmək mümkün olaydı.
Prof. Dr. Zaur Əliyev
Subyekt.az