![]()
Subyekt.az xəbər verir ki, noyabrın 25-də 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Kəlbəcərdə geniş bayram tədbiri təşkil olunub.
Tədbirdə şəhər sakinləri, qonaqlar və müxtəlif nəsillərin nümayəndələri iştirak ediblər. Bayram proqramı çərçivəsində iştirakçılar üçün müxtəlif mədəniyyət, incəsənət və əyləncə proqramları təqdim olunub.
Bayram məkanında Kəlbəcərin zəngin mədəni irsini, milli adət-ənənələrini və yerli məhsullarını tanıdan stendlər qurulub. İştirakçılara Kəlbəcərin məşhur balı, İstisu mineral suyu və milli mətbəximizin nümunələri təqdim edilib. Həmçinin təşkil olunan xalça sərgisində Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələri nümayiş etdirilib.
Tədbir çərçivəsində uşaqlar üçün də maraqlı proqramlar hazırlanıb. Balacalar kukla tamaşasını izləyib, müxtəlif yaradıcı fəaliyyətlərdə iştirak ediblər. “Mənim Kəlbəcərim” adlı interaktiv zonada uşaqlar Kəlbəcərin füsunkar təbiətini və şəhər mənzərələrini əks etdirən böyük rəsm panosunu birlikdə rəngləyərək öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev iştirakçıları 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə təbrik edib. O, əlamətdar günün doğma torpaqlarda, kəlbəcərlilərin iştirakı ilə qeyd olunmasının xüsusi tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
Xüsusi nümayəndə xatırladıb ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində işğaldan azad olunub. Bu tarixi hadisənin Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsi olduğunu bildirib.
Çıxışında rayonda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunan Bəşir Hacıyev Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Kəlbəcərdə yeni yaşayış məhəllələrinin salındığını, fərdi yaşayış evlərinin və sosial obyektlərin inşa edildiyini, yol-nəqliyyat və kommunal infrastrukturun yaradıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, həyata keçirilən layihələrin əsas məqsədi kəlbəcərlilərin doğma yurdlarında rahat, təhlükəsiz və davamlı yaşayışını təmin etmək, şəhərin sosial-iqtisadi inkişafına və müasir yaşayış məkanına çevrilməsinə nail olmaqdır.
Bəşir Hacıyev Kəlbəcərin gələcək inkişafında ictimai həmrəyliyin və sakinlərin fəal iştirakının mühüm rol oynadığını da vurğulayıb. Müxtəlif nəsillərin nümayəndələrinin Şəhəri Gününü birlikdə qeyd etməsini doğma yurda bağlılığın, milli-mənəvi dəyərlərə sədaqətin və tarixi yaddaşın yaşadılmasının bariz nümunəsi kimi qiymətləndirib.
Xüsusi nümayəndə əminliyini ifadə edib ki, dövlətin davamlı dəstəyi, həyata keçirilən genişmiqyaslı layihələr və kəlbəcərlilərin birgə səyləri nəticəsində Kəlbəcər öz tarixi simasını qorumaqla müasir, abad və dayanıqlı inkişaf edən yaşayış məkanına çevriləcək.
Rəsmi hissədən sonra bayram tədbiri konsert proqramı ilə davam edib. İfa olunan musiqi nömrələri iştirakçılara bayram ovqatı yaşadıb.
Doğma yurdda keçirilən bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Beləliklə, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü yalnız tarixi bir qələbənin deyil, həm də doğma yurda qayıdışın, dirçəlişin və yeni həyatın rəmzi kimi yadda qalıb.












Subyekt.az