![]()
Rusiya ilə Şimali Koreya arasında ciddi böhran yaranıb və bu da Pxenyanın Moskvaya hərbi dəstəyini müvəqqəti dayandırmasına gətirib çıxarıb.
Subyekt.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatlarına istinadən “RBK-Ukrayna” məlumat yayıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, fikir ayrılıqları oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Moskvanın Şimali və Cənubi Koreya arasında gərginliyin azaldılmasına kömək etməyə hazır olması ilə bağlı açıqlamasından sonra kəskinləşib.
KXDR xarici işlər naziri Çve Son Xi bu mövqeyi müttəfiqlik münasibətləri ilə bir araya sığmayan addım adlandırıb və izahat tələb edib.
KXDR lideri Kim Çen Inın Rusiyanın üzünə ağ olmağa başlaması suallar doğurur. Pxenyana Rusiya daha çox lazımdır, yoxsa Moskvaya KXDR?
Şimali Koreyanın yaranmasında və dövlət quruculuğunda Sovet İttifaqının rolu müstəsna olub. İkinci Dünya müharibəsinin başa çatmasından sonra Koreya yarımadasının şimal hissəsində sovet hərbi-siyasi nəzarəti altında yeni siyasi sistem formalaşdırıldı. 1948-ci ildə Koreya Xalq Demokratik Respublikası yaradıldı və Kim İr Senin rəhbərlik etdiyi kommunist rejiminin möhkəmlənməsində Moskvanın siyasi, hərbi və iqtisadi dəstəyi mühüm rol oynadı. Sonrakı onilliklərdə də Sovet İttifaqı Şimali Koreyanın əsas silah təchizatçılarından, iqtisadi tərəfdaşlarından və beynəlxalq himayədarlarından biri oldu. Sovet İttifaqının dağılmasından sonra bu münasibətlər zəiflədi. Rusiya bir müddət Pxenyanla əvvəlki səviyyədə əlaqələri saxlamaqda maraqlı olmadı. Şimali Koreya isə iqtisadi böhran, beynəlxalq sanksiyalar və diplomatik təcrid şəraitində özünütəcrid siyasətini daha da gücləndirdi. Lakin Ukrayna müharibəsi Moskva ilə Pxenyanı yenidən bir-birinə yaxınlaşdırdı. Rusiya Qərblə qarşıdurmasının dərinləşməsi nəticəsində hərbi təchizat və beynəlxalq siyasi dəstək baxımından yeni tərəfdaşlara ehtiyac duydu. Şimali Koreya isə bu vəziyyətdən öz strateji maraqları naminə istifadə etmək imkanı qazandı. 2024-cü ildə iki ölkə arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərdi. Müqavilədə tərəflərdən biri silahlı hücuma məruz qaldıqda digərinin hərbi və digər yardımları təmin etməsini nəzərdə tutan müddəa da yer aldı. Beləliklə, əvvəllər daha çox Moskvanın himayədarlığı üzərində qurulan münasibətlər qarşılıqlı hərbi-siyasi maraqlara əsaslanan ittifaqa çevrildi.
Siyasi təhlilçilər hesab edir ki, indiki vəziyyət sadəcə Kim Çen Inın Vladimir Putinə narazılıq nümayiş etdirməsi və asi çıxmağa başlaması deyil. Bu, beynəlxalq təcrid şəraitində bir-birinə yaxınlaşmış iki avtoritar dövlətin münasibətlərində qarşılıqlı asılılığın sərhədlərinin müəyyənləşdirilməsi cəhdidir. Kim Çen In Rusiyanın hazırkı vəziyyətindən istifadə edərək Moskva qarşısında öz siyasi və iqtisadi tələblərini artırmağa çalışır. O başa düşür ki, Ukrayna müharibəsi Rusiyanın resurslarını tükəndirir və Moskvanın Şimali Koreyanın hərbi dəstəyinə ehtiyacını artırır. Lakin bu, onun Rusiyanı istənilən şərtlə özündən asılı vəziyyətə sala biləcəyi anlamına gəlmir. Digər tərəfdən, Moskva da anlamalıdır ki, Şimali Koreya artıq əvvəlki kimi onun siyasi himayəsinə möhtac olan dövlət deyil. Nüvə silahına malik, Çinlə strateji əlaqələrini qoruyan və beynəlxalq təcrid şəraitində yaşamağa uyğunlaşmış Pxenyan özünü müstəqil güc mərkəzi hesab edir.
Bununla belə, ekspertlərin fikrincə, Şimali Koreyanın Rusiyaya meydan oxuması onun Rusiyadan daha güclü olması demək deyil. Bu, sadəcə olaraq, Moskvanın ehtiyaclarının artdığı bir dövrdə Pxenyanın öz strateji çəkisini artırmaq cəhdidir.
Rusiyasız Şimali Koreya yaşaya bilər. Ancaq Rusiyanın iqtisadi, hərbi və diplomatik dəstəyi olmadan Pxenyanın indiki geosiyasi imkanlarını qoruması daha çətin olar. Ukrayna müharibəsinin hazırkı mərhələsində isə Moskvanın Pxenyanın hərbi resurslarına ehtiyacı daha çox görünür.
Bir sözlə, Moskva-Pxenyan münasibətləri əsl strateji müttəfiqlikdən daha çox, zərurətin yaratdığı tərəfdaşlıqdır.
Etibar Seyidağa,
Subyekt.az