![]()
Ənvər Rza
(1939-1987)
Ötən əsrin 60-cı illərində yaradıcılığa başlayan, daha çox 70-80-ci illərdə ədəbi cameənin diqqətini çəkən Ənvər Rza ədəbiyyatımızda lirik ovqatlı şair, Azərbaycan təbiətinin mahir tərənnümçüsü, ingilisdilli poeziyanın ustad tərcüməçisi və istedadlı ədəbiyyatşünas kimi tanınmışdır.
Ənvər İsmayıl oğlu Rzayev 3 mart 1939-cu ildə Kəlbəcər rayonunun Aşağı Ayrım (Binə) kəndində anadan olmuşdur. Onun uşaqlıq dövrü İkinci Cahan Savaşının qanlı-qadalı illərinə təsadüf etmişdir. Müharibənin və kasıbçılığın yaşatdığı ağır məhrumiyyətlər şairin yaradıcılığında silinməz izlər buraxmışdır. Lakin yaşadığı çətinliklər onun təhsilə olan sonsuz sevgisinə mane ola bilməmişdir. O, 1947-ci ildə 8 yaşında Kəlbəcər qəsəbə 1 saylı orta məktəbinə daxil olmuş, 1957-ci ildə orta təhsilini gümüş medalla başa vurmuşdur. Elə həmin ildə də Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Geniş biliyi və elmi qabiliyyəti nəzərə alınaraq o institutda müəllim saxlanılmışdır.
Ənvər Rzanın elmi və pedaqoji fəaliyyəti əsasən Xarici Dillər İnstitutu ilə bağlı olmuşdur. O, əvvəlcə İnstitutun “İngilis dili leksikası” kafedrasında müəllim (1962-1967), baş müəllim (1967-1972), kafedra müdiri (1972-1979), daha sonra “İngilis dili leksikası” kafedrasında dosent (1979-1987) vəzifələrində çalışmışdır. “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri (C.Bayronun “Şərq poemaları” əsasında) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılıqla bərabər ingilisdilli poeziyanın tərcüməsi onun əsas fəaliyyət sahəsi olmuşdur.
Hələ orta məktəbdə oxuduğu illərdən poeziya vurğunu olan Ənvər Rzanın “Göz işığı” adlı ilk şeiri 10 fevral 1962-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görmüşdür. Bundan sonra o, vaxtaşırı olaraq dövri mətbuatda şeirlər və tərcümələrlə çıxış etmişdir.
Uşaqlıqdan ağır zəhmətə öyrəşmiş şair həyatının sonrakı dönəmində elmi axtarışlarını bədii yaradıcılıqla paralel şəkildə davam etdirmişdir. 1969-cu ildə onun “Sənsiz” adlanan ilk şeirlər kitabı çapdan çıxmışdır. O dövrün müəyyənləşdirdiyi “standartlar”a uyğun olaraq kitab həcmcə xeyli yığcam olsa da, burada qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən şairin saf duyğuları və sabahkı günə olan böyük ümidləri öz bədii əksini tapmışdır.
Öncə qeyd olunduğu kimi, Ənvər Rzanın uşaqlıq dövrü İkinci Cahan Savaşının qanlı-qadalı illərinə təsadüf etdiyindən bu illərdə görüb-yaşadığı çətinliklər onun yaddaşında silinməz izlər buraxmışdır. Sonradan o, qələmə aldığı şeirlərində böyük ustalıqla bu ağrılı həyat lövhələrinin sözlə mahir bir rəssamın belə, çəkə bilməyəcəyi tablolarını yaratmışdır.
Uşaqlıq çağımız qəm, kədər görüb,
Zülmət gecələrin ümid banıyıq.
Uşaqlıq çağımız dəhşətlər görüb,
Biz də müharibə veteranıyıq.
Kişisiz qalmış kəndlərin, ərlərini, qardaşlarını, oğullarını davaya yola salmış qadınların, anaların, bacıların yaşadıqları sonsuz acılar, sıxıntılar, oğlan paltarı geyib əkin-biçin işi görən qızların çəkdikləri min bir əziyyə kino lenti kimi şairin yaddaşında çözələnərək şeirə, poemaya çevrilmişdir. Bütün acılıqlarına baxmayaraq, keçdiyi bu çətin həyat yolu şairin bütöv bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, müharibə mövzusu Ənvər Rza yaradıcılığında heç vaxt ikinci plana keçməmişdir:
Kimin günahıymış Tanrının görkü?
Nələr çəkəsiymiş bu yazıq bəndə.
Nə günə qalacaq kəndimiz gör ki,
Öküzlər hürkəcək kişi görəndə.
Ənvər Rza müharibənin bütün dəhşətlərini “Bənövşə qarı” şeirində daha canlı və detallı şəkildə təsvir etmişdir. Onun qəhrəmanı real həyatda tanıdığı, həmkəndlisi Bənövşə qarıdır. Şair oğullarını davaya yola salmış anaların çəkdikləri mənəvi iztirabları, ağrıları böyük ustalıqla Bənövşə qarının timsalında bədii sözün yaddaşına köçürmüşdür:
Yadımdan çıxmır heç Bənövşə qarı,
Onun dağdan ağır nisgili vardı.
Dəhlizin küncündə həmişə qarı
Arı pətəyidək sızıldayardı.
Üç oğlu müharibədə həlak olmuş Bənövşə qarı övladlarını qanlı döyüşlərdə itirmiş milyonlarla günahsız anaların bitkin obrazıdır. Müharibənin dəhşətli kabusu insanlara illərlə sağalmayacaq yaralar vurmuş, neçə-neçə ocağın son ümid çırağını söndürmüşdür.
Yaşlı gözlərinin yuxusu perik,
Naləsi gəzirdi obada onun.
Təsəlli verməyə cürət etməzdik,
Üç oğlu ölmüşdü davada onun.
Gözləri yollardan yığılmayan Bənövşə qarı oğullarının “qara kağız”larını alsa da, onun ana ürəyi heç cür bu itkilərlə barışmamış, son nəfəsinədək bir gün balalarının doğma komaya qayıdacaqları ümidi ilə yaşamışdır. Lakin dünyada möcüzə baş vermədiyi üçün qarının arzuları gözündə qalmış, elə bu acı nisgillə də dünyadan gözüyaşlı köçmüşdür.
Yollara baxardı, yollara elə;
Bir ana yanında yollar xəcildi.
Öldü, dəfn elədik el adətiylə,
Yox, onun kəfəni dərddən biçildi.
Şair bədii məcazlardan böyük ustalıqla istifadə etməklə davanın insanlara nə miqyasda faciələr yaşatdığına diqqət çəkərək müharibə canilərini tarixin mühakiməsinə verir. Bu qanlı tiranların bir gün günahsız anaların göz yaşlarında boğulacaqlarına varlığı kimi inanır.
Qarının naləsi buludlara tən,
Dağları dağıyla dağlayırdı o.
Mən qəbir üstünə getmişdim dünən,
Eşitdim, qəbirdə ağlayırdı o.
1970-ci ildə Ənvər Rzanın “Könlümə bahar düşüb” adlı növbəti şeirlər kitabı işıq üzü görmüşdür. Bu kitabda şairin daha çox təbiət mövzusunda yazdığı və lirik ovqatdan doğan şeirləri üstünlük təşkil etmişdir. Yaradıcılığın ağır yollarında gündən-günə püxtələşən şair artıq ingilisdilli poeziyanın da istedadlı bir tərcüməçisi kimi orijinaldan etdiyi dəyərli tərcümə nümunələrini kitaba salmışdır.
Ənvər Rza şeirlərini əsasən heca vəznində yazsa da, poeziyanının digər vəznlərində də qələmini sınamışdır. Həcmindən və formasından asılı olmayaraq onun şeirlərinin əsas qayəsi dəyişməzdir: fikrin dərin mənada ifadəsi, sadə deyim və orijinal üslub.
Ənvər Rza yurda, vətənə, milli kökə qırılmaz tellərlə bağlı olan vətəndaş şairdir. Vaqifdən, Səməd Vurğundan gəlmə talelərinə kənddə doğulub, şəhərdə yaşamaq qisməti düşmüş şairlərin yaşadıqları yurd nisgilini bədii sözün yüksək poetik dili ilə çatdırmaq yalnız Ənvər Rza kimi torpağa, el-obaya bağlı incə qəlbə malik qələm adamlarına müyəssər ola bilərdi:
Könül, eylə duyduğunu saf-çürük,
Bu dağlardan ayrı keçən ömür – yük,
Bir yer versin balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.
Taleyin qədəri bir neçə ildən sonra şairi bu arzusuna qovuşdurdu. Həm də yaradıcılığının ən qaynar, püxtə bir dövründə şairi ana dağlara ömürlük mehman elədi.
Ənvər Rza böyüdüyü ocağa, yurda, doğma kənd-kəsəyə qırılmaz tellərlə bağlı bir yazar idi. Məhz bu xüsusiyyətlərdən irəli gələn reallıq idi ki, onun yaradıcılığında doğulduğu Aşağı Ayrım (Binə) kəndi, uşaqlığı və gəncliyi keçdiyi Kəlbəcər dağları, Dəlidağ, Tərtər, Dik yurd və s. yerlərin təkrarsız gözəlliyi poeziyasının əsas ilham mənbəyi olmuşdur. Şairin 1972-ci ildə çap olunmuş “Nə yaxşı görüşdük” kitabının da əsas leytmotivini yurda olan övlad məhəbbəti, doğma yerlərin ayrılığından doğan niskil təşkil edirdi.
Yaddaşımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.
Ənvər Rza Azərbaycan ozan-aşıq sənətinin ən qaynar ocaqlarından olan Kəlbəcər ədəbi mühitində böyüyüb ərsəyə yetdiyindəndir ki, onun yaradıcılığında heca vəzni, xalq şeiri ruhu, aşıq poeziyası ritmi qabarıq şəkildə özünü büruzə verir. Onun gəraylılarında, qoşmalarında Dirili Qurbaninin, Abbas Tufarqanlının, Sarı Aşığın, Aşıq Ələsgərin ruhu yaşayır, şeirlərində onların bədii üslublarına oxşarlıq daha çox diqqəti cəlb edir.
Bu xəbəri apar qanlı,
Müjdə qanlı, çapar qanlı.
Oldum Abbas Tufarqanlı,
O Gülgəzdi, Allah, Allah.
“Ənvərin poetik dilinin hərarətini, şirinliyini təfərrüatı ilə anlamaq, sözün dili arxasında göstərdiyini görə bilmək üçün gərək onun vaqif olduğu canlı xalq dilinə bələd olasan. Ənvər Rzanın müasir şeir şəkillərindən hansında qələmə alınmış əsərinə nəzər salsanız, hamısında xalq yaradıcılığından rəng, çalar görərsiniz.
Bir yandan klassik poeziyamızı dərindən bilməsi, bir yandan Avropa şeirini (xüsusilə, ingiliscə yazılmış) onun yaradıcılıq üfüqlərini genişləndirmişdi”.
Ənvər Rza öz şeirlərində milli irsə, klassiklərə nə qədər sevgiylə, sədaqətlə yanaşsa da, sələflərindən heç kəsi təkrarlamamış, əksinə, sözə böyük ustalıqla yanaşaraq ona yeni məna, məzmun dolğunluğu verməklə öz bədii üslubunu yarada bilmişdir.
Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındakı bu dən nə dəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə.
Tarixən şairlərin böyük əksəriyyətinin yaradıcılığında təbiət mövzusu, onun gözəlliklərinin tərənnümü başlıca yerlərdən birini tutmuşdur. Ənvər Rzanın şeirlərində də bu mövzu əsas ilhamverici qaynaqlardan biri olmuşdur. Onun poeziyasının əsas sütununu Azərbaycan təbiətinin təkrarsız gözəllikləri təşkil etmişdir. Şair ana yurdun əvəzsiz bir tərənnümçüsü kimi ədəbiyyatımızda silinməz bir iz qoymuşdur. Onun şeirlərinin hər sətrində, hər misrasında ana yurda sonsuz övlad sevgisi dil açmış, doğma vətənin hər daşı, qayası canlanmış, hər qarışı çiçək açmışdır:
Karvan-karvan boz buludlar axında,
Yaşıl xal var zirvələrin ağında,
Dəlidağın yayın qızmar çağında,
Yazına bax, yazına bax yazına.
“Gəlmişəm”, “Maralgöl”, “İstəmirəm qonaq olam dağlara”, “Gedirəm”, “Hasarlı”, “Qarçiçəyi”, “Lalə ilə söhbət”, “Çoban bulağı”, “Qaldı çoban tütəyində”, “Beşbulaq” və digər şeirlərində də ana təbiətin təkrarsız gözəllikləri böyük ilhamla öz bədii əksini tapmışdır.
Şair keçmiş SSRİ-nin də çox yerlərində, bir neçə xarici ölkədə səfərdə olmuş, gəzdiyi yerlərin gözəlliklərinə şeirlər, poemalar həsr etmişdir. “Maşuk bayatısı”, “Maşuk meşəsi”, “Puşkin planeti”, “Duel”, “Əlvida demirəm, görüşənədək!”, “Şairə təsəlli”, “Əkizlər” və s. bu səfər təəsüratlarının sayəsində yaranmışdır.
Ənvər Rzanın vətən sevgisi, yurda bağlılığı şüarçılıqdan, pafoslu ritorikadan uzaqdır. O, heç vaxt xalqın ağrısına biganə qalmamışdır. Sovet senzurasının bədii sözü dəmir çərçivədə saxladığı illərdə də o, xalqın dərdindən, sərindən danışmış, sözə heç zaman xəyanət etməmişdir. Yeri gəlmişkən, şair bütün yaradıcılığı boyu sovet hökumətinin ədəbiyyat üçün elan etdiyi ənənəvi mövzulardan uzaq olmuşdur. Vətən dağlarının çopur bir daşını vəsf etməyi partiyadan, Lenindən, sovet beynəlmiləlçiliyindən və digər konyuktur mövzulardan üstün tutmuşdur. Əksinə, Moskvanın xalqımıza qarşı yürütdüyü ikiüzlü mürtəce siyasəti hələ o illərdə bir şair fəhmi ilə dərindən duymuş, yurdu, ana dağları gözləyən təhlükəni görərək yurddaşlarını ayıq olmağa səsləmişdir:
Dağlar oğlu, dağa qoyma yağını,
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını –
Ay batanda çıraq olam dağlara.
Ənvər Rza şeirlərində bədii ifadə vasitələrindən yüksək sənətkarlıqla istifadə etmişdir. O, ana dilimizin gözəl bilicisi idi. Yaradıcılığında Azərbaycan dilinin şəhdindən-şirəsindən elə sənətkarlıqla istifadə etmişdir ki, sanki mahir bir memar süslənmiş daşlardan sözə əbədi bir abidə ucaltmışdır. Şair ana vətənin dağını, dərəsini, çayını, bulağını yüksək şövqlə tərənnüm etmişdir. Onun şeirləri həm də axıcılığı və tez yadda qalması ilə seçilmişdir.
Mən ona paklığın carçısı dedim,
Ayna çay, güzgü çay, carçı su dedim.
Şeir qalaçamın carçısı dedim,
Dəlidağ nəfəsli nəsimdi Tərtər.
Dəlidağa, Tərtər çayına Azərbaycanın çox ünlü şairləri şeirlər, nəğmələr həsr etmişlər. Ənvər Rzanın “Tərtər”i isə sanki “Ruhani”nin zənguləsi, “Qarabağ şikəstəsi”nin qəlbləri coşduran harayı, “Çahargah”ın əzəmətidir.
Ondan uzaq düşmək dərddi, zülümdü,
O mənim su evim, su mənzilimdi.
Dağda zənguləmdi, döşdə zilimdi,
Arana yenəndə pəsimdi Tərtər.
Ənvər Rzanın şeirlərində milli yaddaşın bədii əksi daha çox diqqəti çəkir. Şair yaxşı anlayır ki, bir xalq üçün milli yaddaşın itirilməsi milli varlığın sonu deməkdir. Əsil vətəndaş həyatda hansı mövqeyə yüksəlməsindən asılı olmayaraq doğulduğu ocağı, doğma yurd-yuvasını, keçmişini, safını-soyunu, ilkini unutmamalıdır.
Bu da yəhərləyib mindiyim boz daş,
Kövrəlmə ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı belə.
Ənvər Rza poeziyası qafiyəbazlıqdan, döyənək deyimlərdən uzaqdı. O, söz seçimində, məna yaratmaqda heç bir çətinlik çəkmir. Ona görə də onun şeirlərindəki poetik deyim də, axıcılıq da, qafiyə seçimi də, məna da təbii istedaddan, şair fitrətindən doğur. O, çılpaq qayalıqda da gözəllik, sadəlikdə yüksəklik, əzəmət yarada bilir.
Yalayaram bu daşları duz kimi,
Yanar qəlbim sərinləyər buz kimi.
Qantəpərin, gülxətimin qız kimi
Nazına bax, nazına bax, nazına!
Ənvər Rza poeziyada heyrət yaratmağı bacaran şairlərdəndir. Onun şeirlərində lal “danışır”, kor “görür”. Bu şair fəhminin, alim təfəkkürünün nə qədər böyük bir çevrəni əhatə etdiyinə sübutdur. Şairin “Lal haqqında ballada”sını dünya ədəbiyyatının böyük klassik inciləri ilə müqayisə etmək olar. Şeirin qəhrəmanı Vilayət sanki böyük rus yazıçısı Turgenevin “Mumu”sundakı Gerasimlə qardaşdır, onun prototipidir.
Salam, Vilayət, salam!
Nə bərk sıxdın əlimi –
Kötükdürmü əllərin?
Tənbəlliyə, süstlüyə
Kötəkdirmi əllərin?
Sözlü gözlərin tanış,
Səssiz sözlərin tanış,
Danış, əzizim, danış.
İntizarı təkləyim,
Səni dinləmək üçün
Qulağımın yerinə
Qaşlarımı şəkləyim.
Kirpiyindən, qaşından
Söhbət yağır, söz yağır,
Sənə lal-kar deyənin
Günahı dağdan ağır.
Ənvər Rzanın ingilisdilli poeziyadan etdiyi tərcümələr bu gün də mütəxəssilər tərəfindən yüksək sənətkarlıq örnəyi kimi təqdir olunur. Onun böyük ingilis şairi Vilyam Şekspirdən tərcümə etdiyi “66-cı sonet”, “Bülbüllə söhbət”, “Təmiz ad”, P.Şellinin “Məhəbbətin fəlsəfəsi”, “Gecən xeyirə qalsın”, “Solmuş bənövşə”, “Yay və qış”, “Anarxiya maskaradı” (poema) şeir və poemaları, C.Bayronun “Şilyon məhbusu”, “Mazepa”, “Parizina” poemaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Yeri gəlmişkən, Azərbaycan oxucusu on illər boyu ingilisdilli ədəbiyyatla əsasən rus dili vasitəsilə tanış olmuşdur. Təbii ki, rus dilindən tərcümə olunan ingilis ədəbi nümunələri ikiqat tərcümə zamanı xeyli təhriflərə uğrayaraq ilkin mənasından uzaqlaşmaqla bərabər, bədii keyfiyyət baxımından da mənfi təsirlərə məruz qalmışdır. Bu baxımdan Ənvər Rzanın tərcümələri məzmun və məna, eləcə də yüksək poetik xüsusiyyətləri baxımından orijinalla daha yaxından səsləşirdi.
Bayronun “Mazepa” poemasında Ukrayna xalqının vətənpərvər oğlu, ketman Mazepanın öz xalqının azadlığı uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən bəhs edilir. Mazepa Vətənin istiqlalı yolunda apardığı mübarizədə rus işğalçılarına məğlub olsa da, xalqının bir gün bu boyunduruqdan azad olacağına ürəkdən inanır.
Poltava döyüşü. Bu vuruşmada
İsveç kralına tale baxdı kəm.
Qoşunu, ordunu verərək bada
Basıldı, əzildi, sarsıldı möhkəm.
Rus işğalına qarşı İsveç kralı ilə bir cəbhədə vuruşan Mazepa taleyin dönüklüyü üzündən məğlub olur. Kralla bərabər tərki-vətən olub çöllərə düşən Mazepa ağır məşəqqətlərə qatlaşsa da keçmişin şirin xatirələrindən güc, qüvvət alır.
O vaxt gözəl, qəşəng bir gənc idim mən,
Yetmişi keçmişəm, olmaz qəbahət.
İgid oğlanlardan, cəngavərlərdən
Heç kəs aparmazdı mənlə rəqabət.
Ömrün sübh çağıydı, zirəkdim-zirək,
Məndə pələng gücü, şir gücü vardı.
Boyum, qamətim də sərv ağacıtək,
İllər hamısını çapıb apardı.
Mütəxəssislər yaxşı bilirlər ki, tərcümə sənəti ədəbiyyatın ən çətin və incə sahələrindən biridir. Poeziya nümunələrinin tərcüməsi isə ikiqat məsuliyyət tələb edir. Bu, tərcüməçidən həmin xarici dili yaxşı bilməklə yanaşı, yüksək şairlik qabiliyyəti və tərcümə etdiyi obyekti, onun mənsub olduğu xalqı, o xalqın milli düşüncəsini də dərindən bilmək bacarığı və istedadı tələb edir. Ənvər Rzanın ingilis şairi Şellidən tərcümə etdiyi bir şeir parçasına diqqət yetirsək, sözlərin poetik axıcılığı, dilin rəvanlığı və fikrin bitkinliyi baxımından ilk baxışda bunun bir tərcümə nümunəsi olduğuna şübhə edə bilərik.
Çeşmələr çaylara, çaylar ümmana,
Külək də küləyə qovuşur hər an.
Bir ülfət duyulur baxsan hər yana,
Ölməz bir qanunu yaşadır cahan.
Qovuşmaq eşqidir bu bəxtiyarlıq,
Şirin bir duyğudur ülvi, müqəddəs.
Tək-tənha yaşayır de hansı varlıq?!
Biz niyə, biz niyə qovuşmayaq bəs?
Uzun illər orta məktəblərimizin ingilis dili dərsliklərinə salınan ölməz şairimiz Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin tərcüməsi də Ənvər Rzaya məxsusdur. O, böyük şairin “Vaqif” dramını da ingilis dilinə tərcümə etmiş, lakin vaxtsız ölüm işin tam başa çatdırılmasına imkan verməmişdir.
Ənvər Rza folkloru, ağız ədəbiyyatını, xalqın tarixini, mədəniyyətini dərindən bildiyi üçün yaradıcılığında ənənəvi detallardan yerli-yerində istifadə etməklə qiymətli sənət nümunələri yarada bilmişdir. Onun şeirləri həzinliyinə görə bəstəsiz də bir mahnı, könülləri riqqətə gətirən şaqraq nəğmələr kimi səslənir. Poeziyasındakı bu həzin və bitkin çalarlardı ki, onun şeirləri həmişə toy-şənliklərdə aşıqlar, müğənnilər tərəfindən sevilə-sevilə oxunmaqdadır. Təbii ki, onun şeirləri bəstəkarların da diqqətindən yayınmamış, sözlərinə həzin mahnılar bəstələnmişdir. Şairin şeirləri əsasında yaranmış “Gözlərəm səni”, “Bircə sənsən, bircə mən”, “Gözlərinə göz dəyər” kimi mahnılar xalq arasında geniş yayılmışdır. Təsadüfi deyil ki, şairin “Gözlərinə göz dəyər” şeirinə yazılan mahnı xalq arasında o qədər populyarlaşmışdır ki, çox zaman bu bəstəni xalq mahnısı kimi də təqdim edirlər:
Səni görüb dayanmışam nitqi lal,
Süzgün baxma, kirpiyini yavaş çal.
Gözlərinin qarşısında, ay maral,
Təkcə mən yox, hər kim olsa, baş əyər,
Elə baxma, gözlərinə göz dəyər.
Ənvər Rza 1987-ci ildə elmi fəaliyyətinin və bədii yaradıcılığının ən püxtələşmiş bir dövründə vaxtsız olaraq dünydan köçdü. Öz vəsiyyətinə uyğun olaraq onu doğulduğu doğma Aşağı Ayrım (Binə) kəndində dəfn etdilər. Kəlbəcərin 30 illik işğalı dövründə Ənvər Rzanın məzarı da erməni girovluğunda qaldı. Çoxşükürlər olsun Ulu Yaradana ki, bu gün Ənvər Rzanın məzarı da, şair ruhu da öz azadlığına qovuşub.
Ənvər Rzanın bədii yaradıcılığı haqqında ölkənin tanınmış qələm adamları, ədəbiyyatşünas və tənqidçilərimiz də çox sayda qiymətli fikirlər səsləndirmişlər. Lakin hesab edirik ki, şairin forma və məzmunca olduqca bitkin və zəngin poeziyasının, bədii dil və üslubunun geniş şəkildə elmi-nəzəri müstəvidə araşdırılmasına böyük ehtiyac var. Bu həm ölməz şairimizin xatirəsinə böyük ehtiram, həm də ədəbi irsimizə böyük töhfə olardı.

İlham Məmmədli,
Filologiya üzrə fəlsəfə doktoru
Subyekt.az