Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” operasının premyerası keçirilib.
Səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer alıb.
Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan yeni opera Azərbaycan incəsənətinə yeni bir nəfəs gətirməklə yanaşı, böyük şairin zəngin irsinin sənətin dili ilə gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əlamətdar hadisədir.
Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Subyekt.az