İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi” mövzusunda panel sessiyası keçirilib
Bakıda davam edən COP29 çərçivəsində noyabrın 19-da “İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi” mövzusunda panel sessiyası keçirilib.
Sessiya Heydər Əliyev Fondu, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, ICESCO və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Qeyd olunub ki, araşdırmalara əsasən, istixana effekti yaradan qazların təqribən 72%-i fərdi davranış və qərarların nəticələrinə aid edilə bilər. Bu, nəticələrin yüngülləşdirilməsi, adaptasiya üçün maliyyə mexanizmləri, emissiyaların azaldılması istiqamətində ambisiyalı hədəflər və öhdəliklərlə yanaşı, insan davranışında qətiyyətli dəyişikliyin də iqlim böhranı ilə mübarizədə vacib vasitələrdən biri kimi nəzərdən keçirilməli olduğunu göstərir.
Tarix boyunca davranışlarımıza yön verən dəyərlərin ötürülməsində mərkəzi rol oynayan mədəniyyət bu gün də fundamental davranış dəyişikliklərinin formalaşdırılmasında və modelləşdirilməsində yerli, milli, regional və qlobal səviyyələrdə əhəmiyyət kəsb edir. Hazırda mədəniyyətin təsir imkanlarından istifadə etmədən iqlim böhranı ilə səmərəli mübarizə aparmaq mümkün deyil. İndiyədək bu sahədə müəyyən addımlar atılsa da, daha təsirli layihələrə ehtiyac var və əsaslı dəyişiklik üçün əlverişli fürsət yaranıb.