![]()
Uşaq ədəbiyyatına dəyərli töhfə
Subyekt.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Frəngiz Sabir qızının yeni uşaq şeirləri kitabı nəşr olunub. Bu nəşr müəllifin zəngin yaradıcılıq yolunun növbəti uğuru olmaqla yanaşı, onun uşaq ədəbiyyatına verdiyi töhfələrin davamıdır.
Frəngiz Sabir qızının yeni kitabı müəllifin sayca yeddinci nəşri, uşaq ədəbiyyatı istiqamətində isə ikinci şeir kitabıdır. Şairənin indiyədək qələmə aldığı və oxucuların ixtiyarına verdiyi əsərlər onun ədəbiyyata, xüsusilə də gənc nəslin mənəvi-intellektual inkişafına olan diqqətinin göstəricisidir.
Uşaq ədəbiyyatı yalnız bədii zövqün formalaşmasına xidmət etmir. O, həm də uşaqların dünyagörüşünün genişlənməsində, milli-mənəvi dəyərlərin mənimsənilməsində, dil və nitq bacarıqlarının inkişafında, ətraf aləmin dərk edilməsində mühüm rol oynayır. Bu baxımdan Frəngiz Sabir qızının uşaqlar üçün yazdığı şeirlər xüsusi əhəmiyyət daşıyır. Onun yaradıcılığında maarifləndirici məzmunun, tərbiyəvi yanaşmanın və uşaqların yaş xüsusiyyətlərinə uyğun bədii ifadənin önə çəkilməsi bu sahəyə göstərilən əməyin dəyərini daha da artırır.
İnanırıq ki, müəllifin uşaq ədəbiyyatına yönəlmiş ardıcıl fəaliyyəti, zəhməti və yaradıcılıq axtarışları müvafiq qurumlar, təhsil və mədəniyyət ictimaiyyəti tərəfindən layiqincə qiymətləndiriləcək. Çünki uşaqların mütaliəyə cəlb olunması, onların bədii ədəbiyyata marağının artırılması və maariflənməsinə xidmət edən əsərlərin dəstəklənməsi cəmiyyətin gələcəyinə qoyulan sərmayədir.
Belə müəlliflərin əməyinə diqqət göstərilməsi, uşaq ədəbiyyatının inkişafına töhfə verən yaradıcı insanların təşviq olunması və onların əsərlərinin daha geniş oxucu auditoriyasına çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən hər bir iş gələcək nəslin intellektual və mənəvi inkişafına xidmət edir.
Subyekt.az kollektivi və şəxsən portalın təsisçisi və baş redaktoru Rövşən Hüseynli Frəngiz Sabir qızını yeni kitabının işıq üzü görməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, yeni-yeni nəşrlər və böyük ədəbi uğurlar arzulayır.
Arzu edirik ki, Frəngiz xanım qarşısına qoyduğu bütün məqsədlərə nail olsun, qələmindən çıxan əsərlər yeni oxucu nəsillərinin mənəvi dünyasına yol tapsın, uşaqların maariflənməsinə və mütaliə mədəniyyətinin formalaşmasına bundan sonra da öz töhfəsini versin.
Tanrı Frəngiz Sabir qızına yar və yardımçı olsun, yaradıcılıq yolunu daim açıq, qələmini qüvvətli, ilhamını bol etsin!
Subyekt.az