![]()
Çox həyəcanlı bir oyun keçirdi. İlk dəqiqələrdə bir az səhvlərimiz oldu, onları düzəltdik və nəticə göz qabağındadır. İnşallah, sabah ikinci oyunda da eyni performansı, daha da yaxşı göstərə biləcəyik.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Kür” qadın həndbol komandasının qapıçısı Mədinə Musayeva Kiprin “APOEL” klubuna qarşı keçirilən Avropa Kubokunun ikinci təsnifat mərhələsinin ilk matçından sonra bildirib.
Matçdan əvvəl belə böyük hesablı qələbəni gözləmədiklərini etiraf edən M.Musayeva əlavə edib: “Əslində biz bu oyna çox ciddi yanaşırdıq. Hətta rəqib komandanı təhlil etmişdik. Fikirləşirdik ki, uda bilərik? Bəli, güc bizdə var idi, amma bu qədər böyük fərqlə uda biləcəyimizi gözləmirdik”.
Azərbaycandakı həndbol çempionatının durumundan və uzun fasilədən sonra rəsmi oyuna çıxmağın çətinliyindən söz açan həndbolçu deyib: “Bəli, çox çətin idi. Axırıncı oyunumuzu aprelin ortalarında oynamışdıq və demək olar ki, 6 ay sonra ilk oyunumuzu oynadıq və udduq. Məncə, bu, çox gözəl nəticədir”.
Qeyd edək ki, oyun “Kür”ün 40:18 hesablı parlaq qələbəsi ilə başa çatıb. Komandalar arasındakı cavab oyunu oktyabrın 11-də keçiriləcək.
Subyekt.az