![]()
Budur, məktəbli geyimi müzakirələrinə dair paylaşımlar, yazılar, çıxışlar ara vermir. İstər-istəməz düşünürsən: 108 il öncə məhz Cümhuriyyət qurmuş, dünyəvi təhsil yoluna çıxmış ulusun hazırkı mövzusu bumu olmalı?.. Hələ-hələ 44 günlük savaşın getdiyi günlərin 6-cı ildönümündə… Dövlət Müstəqilliyinin Bərpası Günü ərəfəsində… qarşıda tarixi Zəfər Günü, Bayraq Günü, Konstitusiya Günü varkən…
Bəli, bəzən bir məsələnin çevrəsində elə danışılır, elə çox danışılır, onun mahiyyətindən ötə, doğurduğu emosiyalar görünür. Məktəbli geyimi ilə bağlı dartışmalarda da, sanki, belə bir mənzərə yaranıb. Halbuki söhbət yalnız geyimdən getmir; söhbət dövlətin dünyəvi xarakterindən, məktəbin ictimai missiyasından, uşağın gələcəyindən və bizim ortaq yaşayış mədəniyyətimizdən gedir.
Azərbaycanın dünyəvi dövlət yolu qətiyyən təsadüfi seçim olmayıb – bu ulu yol ulusun ruhi gücünü göstərir. Bu, mövcud Konstitusiyamızda da təsbit edilmiş dövlətçilik prinsipidir. Konstitusiyanın 7-ci maddəsi dövlətimizin demokratik, hüquqi, dünyəvi respublika olduğunu müəyyənləşdirir; 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını bildirir. 48-ci maddə isə vicdan azadlığını təmin edir. Bu müddəalar bir-birinə qarşı olmamaqla birgə, bir-birini tamamlayan hüquqi dəyərlərdir.
Dünyəvi dövlətin gücü müxtəlif inanclı və inancsız vətəndaşları ortaq hüquq müstəvisində birləşdirməkdədir.
“Bəs niyə başqa ölkələrdə bir ayrı cürdür?” – Bəzən belə suallar səslənir. – Əlbəttə, bölgəmizdə, dünyada fərqli təcrübələr var. Bir ölkədə dini geyimə geniş imkan tanınır, digərində müəyyən məhdudiyyətlər tətbiq edilir, üçüncüsündə isə qarışıq yanaşma mövcuddur. Ancaq dövlətçilik başqasının təcrübəsini mexaniki təkrarlamaqdırmı?.. Azərbaycanın da öz Konstitusiyası, öz hüquqi sistemi, öz maarifçilik gələnəyi var. Başqasının seçiminə sayğı göstərmək öz seçimindən imtina etmək anlamına gəlmir.
Ona qalsa, yayın istisində qapqara çadraya bürünmüş dörd arvadını və onlardan olan qara çadralı kiçikyaşlı qız uşaqlarını yanına salıb Avropa turuna çıxan “mötəbər”lər görməmisinizmi? Bədəvi geyimindən həzz alan, bədəvi çadrında rəsmi qəbul keçirənlər olub ya yox?
Yaxud ölkələr var, LBGT-di, LGBT-di-nədi – o andıra qalmışa geniş meydan tanıyır; ölkə var, eynicinsli evlilik kimi əxlaqsızlığı “hüquqən əxlaq”landırıb və də siyasi xadimlər var, özünün cinsi azlıq mənsubiyyətini-zadı rəsmi özkeçmişinə pəhə-pəhnən yazır. – Canları cəhənnəmə və bizdən uzaq olsun, uzaq!
Bəli, dünyanın ayrı-ayrı ölkələrində bir-birindən xeyli fərqlənən ictimai davranış, ailə, geyim və dövlət idarəçiliyi modelləri mövcuddur. İndi nə edək, onların hamısını olduğu kimi mənimsəyəkmi? Axı milli dövlətin öz hüquqi iradəsi, tarixi təcrübəsi, mədəniyyət yaddaşı var!
Bu biri yandan Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi göstərir ki, dini geyimlə bağlı məsələlərdə dövlətlərin, belə deyək, müəyyən hüquqi mülahizə sərbəstliyi tanınır; lakin hər məhdudiyyətin qanuni əsası, zəruriliyi və mütənasibliyi ayrıca qiymətləndirilməlidir. – Deməli, nə azadlığı qaydasızlıq, nə də qaydanı azadlığın inkarı kimi anlamaq doğru olmayacaq.
Bir də, gəlin öz maarifçilik tariximizə baxaq. – Mirzə Fətəli, Mirzə Cəlil, Cəfər Cabbarlı, Hacı Zeynalabdin Tağıyev… Bu adlar həm ədəbiyyatımızın, ictimai həyatımızın, xeyriyyəçiliyimizin, həm də düşüncə azadlığımızın, maarifçi cəsarətimizin tarixidir. Tağıyevin qızlar məktəbi açması bir təhsil hadisəsindən üstün idi; qız uşağının gələcəyinə, qadının toplumdakı yerinə dair böyük bir mədəniyyət hadisəsi idi!
O böyük xeyriyyəçinin qızlar məktəbi açarkən qarşılaşdığı məzmunsuz dirəniş, hətta, Məkkədən dini rəy almağa məcbur qalması haqqında danışılanlar da tariximizin düşündürücü səhifələrindəndir. Görün qızların təhsilinə yol açmaq üçün zamanında nə qədər maneələr aşılmalı olub!
Yaxşı bəs indi nə edək? – Maarifçilərimizin irsini dərsliklərdən çıxaraqmı? Onların topluma qazandırdığı düşüncə üfüqlərindən imtina edəkmi? Axı bizim dünyəvi məktəb gələnəyimiz həm də bu fikir adamlarının açdığı yoldan keçib gəlib.
Burada dinlə maarifçiliyi qarşı-qarşıya qoymağa da ehtiyac yoxdur. İnancın öz mənəvi dəyəri, elmin öz idrak missiyası var. Məktəb isə uşağın düşünməyi, öyrənməyi, soruşmağı, dünyanı tanımağı bacardığı ortaq məkandır.
İslam düşüncə ənənəsində də elmə, biliyə, öyrənməyə verilən dəyər bəllidir. “Quran”ın ilk nazil olmuş ayələri sırasında “OXU!” çağırışının yer almasını kim təsadüfi saya bilər? “Quran”da bilənlərlə bilməyənlərin bir tutulmaması haqqında sual da var. Bu baxımdan dinin mahiyyətini təhsildən uzaqlaşmaqda axtarmaq nə dərəcədə doğrudur?
“Elm Çində də olsa, gedin öyrənin!” – deyə ünlü bir kəlam var. Peyğəmbərə aid edilən bu sözün səhihliyini kimin qəbul edib-etməsəindən asılı olmayaraq, kəlamın ifadə etdiyi elmə canatma düşüncəsi yüksək diqqətəlayiqdir. İndi budur, elm Çində deyil, öz Vətənimizdə, Bakıda, bölgələrimizdə, az qala hər məhəllədə, evimizin yaxınlığındadır. Məktəb qapısı üzümüzə açıqdır. Belə olan halda hansısa mübahisəni əsas gətirib uşağımızı o qapıdan uzaqlaşdırmağın mənəvi məsuliyyətini necə izah edək?..
“Quran” mətnində geyim və örtünmə ilə bağlı ayələr var; onların təfsiri haqqında müxtəlif yanaşmalar mövcuddur. Məsələn, Yaşar Nuri Öztürk kimi müəlliflər ənənəvi yorjmlardan fərqli mövqelər irəli sürüblər. Mövzuya vaqif olan bəzi bilginlərdən eşitmişəm ki “hicab” sözünün “Quran”da işlənməsi ilə onun bugünkü geyim anlayışı kimi yozulması ayrıca filoloji və təfsir məsələsidir. Qoy bütün bunlar dinşünaslıq müzakirəsinin predmeti olsun. Dövlət məktəbinin təhsil missiyası isə hər hansı bir təfsir məktəbinin mövqeyindən asılı olmamalıdır.
Məgər bizim öz dini qurumlarımız, dinşünaslarımız, ilahiyyatçılarımız yoxdur? Əlbəttə, var. Dini məsələlərin elmi və sivil müzakirəsi üçün də imkanlarımız var. Ancaq məktəbin dünyəvi xarakterini müəyyən edən qaynaq dini fətva deyil axı, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyidir.
Məktəbli formasına dair qaydalar da məhz bu ortaq mühitin təşkili baxımından müzakirə olunmalıdır. Qaydanın mövcudluğu özlüyündə hansısa inanca qarşı münasibət sayılmamalıdır. Hüquqi aydınlıq, ədalət və təhsilə, dünyəviliyə həssaslıq heç kəsə ziyan gətirməz.
Ən başlıcası, heç bir qız uşağının təhsildən uzaqlaşmasına yol verilməməlidir. Ata-anaların yetkili şəxslərlə danışması, durumu incələməsi, qarşılıqlı anlaşma yaradılması, uşağın ləyaqətini qorumaq – bunlar bütün toplum üçün önəmlidir.
Bizə qızlarımızın məktəb qapısından geri dönməsi yox, elmə, biliyə, gələcəyə doğru irəliləməsi gərəkdir!
Dövlətin dünyəviliyi ilə insanın mənəviyyatı rəqib görülməməlidir; əsl mədəniyyət onların hüquq, vicdan və qarşılıqlı sayğı müstəvisində uzlaşmasını təmin etməkdir. – Məsələnin ən dərin kulturoloji tərəfi də bax, elə buradadır.
Dövlətin öz konstitusion iradəsi, vətəndaşın öz vicdan azadlığı, məktəbin öz maarifçilik missiyası var. Bunların heç birini digərinin hesabına zəiflətməyə ehtiyac yoxdur.
Dünyəvilik bizim dövlətçilik yaddaşımız, maarifçilik isə gələcəyə açılan qapımızdır. Hər bir ata-ana o qapını öz uşaqlarının üzünə açıq tutmağı alternativlərin ən yaxşısı saymalıdır!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı
Subyekt.az